Sizə Bəhruzdan danışım... OÇERK

2020-ci ildə Qarabağın payızını 44 günün içərisində bahara çevirən minlərimdən biri - Bəhruz Məmmədov haqqında söhbət açmaq istəyirəm. 30 il bahar görməyən Qarabağın 27 sentyabr - 10 noyabr payızının bir yarpaqtək saraldıb ağaclardan qopardığı, lakin xəzələ yox, çərçivələyib başımız üstündən asdığı tablolara çevirdiyi minlərimin birindən danışmaq istəyirəm. Bütün vücudu Vətən sevgisi, torpaq sevdası ilə dolu olan və bu sevgi ilə də Vətənini qorumaq üçün yollanan Bəhruz Məmmədovdan danışmaq istəyirəm. Cəbhədə komandir heyətinin və döyüş yoldaşlarının məhəbbətini, hörmət və sayğısını qazanan Bəhruzdan. Zəfərə düz beş gün qalmış şəhid olan, əmin olduğu və böyük həsrətlə gözlədiyi Zəfərimizi görə bilməyən şəhid Bəhruz Məmmədovdan söhbət açmaq istəyirəm...

2-ci sinifdən 4-cü sinfə

Bəhruz Məmmədov 7 sentyabr 1991-ci ildə Yevlax rayonunun Xaldan kəndində anadan olmuşdur. Orta təhsilini də bu kənddəki tam orta məktəbdə almışdır. Yüksək nəticələr əldə etdiyinə görə eksternat imtahan yolu ilə 2-ci sinifdən 4-cü sinfə keçmişdir. Onun bütün yoldaşlarından və dostlarından fərqli həyat yoluna da bu qeyri-adiliyi start vermişdir. 2-ci sinifdən 4-cü sinfə keçməklə qarşıdakı müvəffəqiyyətlərlə dolu bir yeniyetməlik və gəncliyin təməlini qoymuşdur Bəhruz.

Qarşıdakı illərdə bu savad və biliklə yanaşı, Bəhruzun istedadı da üzə çıxacaqdı. Onun respublika üzrə fənn olimpiadalarında bir neçə dəfə iştirak edərək yüksək nəticələr əldə etməsi ilə yanaşı, rəsm müsabiqələrinin də qalibi olacağını görəcəkdik. Hələ üstəlik şeir yazmağına da şahid olacaqdıq...

Bəhruz təhsilindəki müvəffəqiyyətlərə və ictimai fəaliyyətinə görə Zahid Şöyübov adına təqaüdə layiq görülmüşdür. Onun haqqında kütləvi informasiya vasitələrində məlumatlar verilmişdir. 2009-cu ildə məktəbi bitirən Bəhruz Məmmədov 571 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisasına qəbul olmuşdur. 2013-cü ildə bakalavriat təhsilini bitirərək magistratura təhsilinə başlamışdır. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra mülki fəaliyyətini davam etdirmişdir. Kompüter proqramları üzrə ixtisası olan Bəhruz ingilis, alman, rus və polyak dillərini bilirdi.

Qızılgüldən incimişəm...

Həyat çox qəribədir, bunu zaman-zaman söyləmişlər. Lakin bu qəribəliyi yaşamadan onun nə demək olduğunu dərk etmir insan. Həyatın qəribəliyi yuxarıda uğurlarını könül açıqlığı və qürurla sadaladığım Bəhruzun həyatını da ağuşuna almış, bu qədər həssas, ağıllı, bilikli, intellektual uşaq həyatın bu gözlənilməz silləsini üzündə hiss etmişdir. Bəlkə də onun istedadının üzə çıxmasına-rəsm çəkməsinə və şeir yazmasına da səbəb bu şillə olmuşdur. Bu şillə sanki Bəhruzu oyatmış, “sənin digər istedadların da var”, demişdir...

Ata-anasını çox kiçik yaşlarından itirərkən həyat bu şilləni Bəhruzun üzünə çırpmış, onu bibisi Rəhilə xanımın himayəsinə vermişdi. Lakin Rəhilə xanım Bəhruza həm ata, həm ana olmağı bacarmış və bu bibi-bala qarşıdakı illərdə gözəl bir ailəyə çevrilmişlər. Bəhruz bibisindən hər bir ata-ananın övladına verə biləcəyi sevgini, məhəbbəti alsa da, lakin qəlbinin dərinliklərində gizli bir ata nisgili yaşadığının sonralar Rəhilə xanımın əlinə keçən əlyazmalarda şahidi olduq. Bu əlyazmalar Bəhruzun aşağı sinif şagirdi olarkən yazdığı misralar və uşaq təxəyyülü ilə çəkdiyi şəkillər idi... Onlardan biri: Bəhruz qəbir və üzərində gül çəkərək aşağıdakı misralarla fikrini tamamlamışdır:

Yenə də axtardım

Gözəl atamı,

Gördüm ki, qəbiristanlıq

Üşüyür atam.

Atamın qəbrini qucaqlayaraq

Qəbrinin üstünə gül qoyuram mən...

Başqa bir əlyazmada isə atasının 30 oktyabrda dünyasını dəyişdiyini vurğulayan Bəhruz həmin günün onlar üçün “matəm günü” olduğunu qeyd edir və ata həsrəti ilə çırpınan ürəyi bu misraları sıralayır:

Qızılgüldən incimişəm,

Atamın qəbrinin bəzəyi olub.

Mənim də qəbrimi o bəzəyəcək,

Hamının qəbrini o gül bəzəyir...

Və daha ürəkağrıdıcı misralar:

Eh, gör, həyat nə çirkin,

Eh, gör, həyat nə pisdir.

Biri ölür, biri qalır,

Yetimlər də əl-ayaqda...

Bütün bunları sonralar görən Rəhilə xanım çox sarsılır. Bəhruzun atasızlıq, yetimlik nisgilini necə için-için, sükutla yaşadığını bu gün də ürək ağrısı ilə səsi titrəyə-titrəyə söyləyir...

Son “İnstagram” paylaşımı

2013-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan Bəhruz Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət etmiş, 2014-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Bəhruz da yenidən hərbi xidmətə çağırılan zaman bu çağırışı böyük məmnuniyyətlə qarşılayır və öz “İnstagram” səhifəsində belə bir paylaşım edir: “Məni də digər dostlar kimi beynəlxalq aləmdə tanınan sərhədlərimizi, ailələrimizi, xalqımızı erməni işğalçılarından qorumağa çağırıblar. Əgər mən şərəfimiz və Vətənimiz uğrunda ölsəm, heç təəssüf etmərəm. Sadəcə, dostlarıma demək istəyirəm ki, mən sizi çox sevirəm. Allah sizə yar olsun. Fərqi yoxdur, mən sağ qalsam da, ölsəm də, demək istəyirəm ki, bu yolda addımlamaq heyrətamiz idi və bu yolda ölməyə dəyərdi. Az da olsa, mənim yazdıqlarıma vaxtınızı sərf etdiyiniz üçün sizlərə təşəkkür edirəm... Məmmədov Bəhruz”.

Sonuncu cümlələrə diqqət edin. Bəhruz burada görün nə qədər Vətən sevgisinə qapılmışsa, artıq sonda bir şəhid kimi cümlələrini davam etdirir. Vidalaşır, son sözlərini deyir...

Rəhilə xanım bağrına basıb bütün həyatını verdiyi balasını-Bəhruzunu cəbhəyə yola salır. Və həmin gündən də nigaranlığı, yuxusuz gecələri başlayır. Axı o, balasını müharibəyə, odun-alovun içərisinə yola salmışdı. 30 il öncə Birinci Vətən müharibəsinin acılarını, saysız şəhidini görən bu qadın müharibənin, erməni murdarlığının nə olduğunu çox yaxşı bilirdi. Elə buna görə də gözləri yolda, qulağı səsdə idi...

Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edən Bəhruz Füzulinin, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşur, orta və ali məktəblərdə, sonrakı həyatındakı kimi, burada da tərbiyəsi, tapşırıqları məharətlə yerinə yetirməsi, bilik və bacarığı, taktikası ilə fərqlənir. Bunu sonralar onunla birlikdə döyüşən yoldaşları qürur hissi ilə söyləyirlər. O yoldaşları ki...

Onlar cəbhəyə 19 nəfər birlikdə getmişdilər, tək Bəhruz qayıtmadı

Səfərbərlikdən sonra Bəhruzgil Yevlaxdan 19 nəfər olmaqla birlikdə cəbhəyə yola düşmüş, tale elə gətirmişdir ki, birlikdə də döyüşmüşlər. Bəhruz bunu aşağıdakı misralarında belə ifadə etmişdir:

Yevlax uşaqları yığıldı bura,

Erməni qəlbinə düşübdü yara.

Hər addım atdıqca bizim əsgərlər,

Dığanın əlləri, ayağı titrər.

Bu günlər hər bir kəs bir ürək, yumruq,

Axır ki zərbəni hədəfə vurduq.

Bütün şəhərlərin dostluğudur bu,

Yoldaşlıq misalı, qürur timsalı.

Qarabağ bizimdir, Zəfər bizimdir,

Qələbə qazanmaq taleyimizdir.

On doqquz nəfərik, manqa, tağımıq,

Həm bölük, həm tabor, igid oğlanıq.

Zəfərlə evlərə dönəcəyik biz,

Xoşbəxt gələcəkdir görəcəyimiz.

Müharibədən sonra Bəhruzun doğum günü münasibətilə bir zamanlar ona fortepiano dərsi verən musiqi müəllimi tədbir hazırlamış, döyüş yoldaşlarını da dəvət etmişdir. Bəhruzun yoldaşları bu tədbirdə onun cəbhədə göstərdiyi şücaətdən, cəsarətdən, qorxmazlıqdan ağızdolusu danışmış, öz şəhid yoldaşlarını əbədi bir müqəddəsliklə anacaqlarını bildirmiş, ruhuna dualar etmişlər.

Şuşa fatehi- unudulmaz şəhidim

Bəhruz Məmmədov 5 noyabr 2020-ci ildə Şuşa şəhərində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş, doğulduğu Yevlax rayonunun Xaldan kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Bəhruz Məmmədov Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz Məmmədov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz Məmmədov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Allah Bəhruza, bütün şəhidlərimizə rəhmət eləsin. Onlar bizim qürurumuz, başımızın tacıdırlar.

Bəhruz məni yetim qoydu

Bəhruzun bibisi Rəhilə xanımla söhbətim zamanı məni ən çox kövrəldən onun bu sözü oldu: Bəhruz məni yetim qoydu. Günlərdir, bu cümlənin təsirindən çıxa bilmirəm. Mən yetimliyi ata-ananın yoxluğundan bilirdim. Bu söz məni sanki silkələdi, oyatdı. Demək ki, yaşamadan heç nəyi anlaya bilməzmiş insan. Demək ki, övlad da adamı yetim qoya bilirmiş.

Bu cümlənin təsiri ilə xəyalən Yevlağa- Xaldana gedirəm. Bəhruzgilin evinə yaxın bir yerdən dayanıb Rəhilə xanımın, adını elə Bəhruzun dili ilə telefonuma “Rəhilə bibi” kimi qeyd etdiyim bu qayğıkeş bibini izləyirəm. Onun bütün həyatını həsr etdiyi, gəncliyini verdiyi, çox yüksək səviyyədə böyüdüb tərbiyə etdiyi, təhsilinin bütün pillələrində izi olan, lakin sonda Bəhruzsuz qalan bu qadının bir gününün şahidinə çevrilirəm. Üzündə bir qürur var, onunla gəzib-dolaşır. Kəndin, bu həyət-bacanın hər yerində izi, nəfəsi olan Bəhruzun hər dəqiqə ruhu ilə qarşılaşır. Bir gözündə qürur, bir gözündə yaş gəzdirərək,

Aşıq, igid elə ruzudur,

Bərəkətdir, ruzudur.

Vətənə qurban olan

Üç mindən biri Bəhruzdur,

desə də, bununla təsəlli tapsa da, mən belə bir qənaətə gəlirəm: Rəhilə bibi üçün çox çətindir...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə