Şəhərim silir göz yaşlarını... - MƏNSUR ŞEİR

2020-ci il sentyabrın 27-dən noyabrın 19-dək Naxçıvan tamamilə blokada şəraitində qaldı. 54 gün bu torpağın məxsus olduğu ölkə, paytaxt Bakı ilə heç bir əlaqəsi olmadı. 44 gündə təyyarə yalnız Naxçıvana şəhid gətirəndə göründü göy üzündə. Naxçıvan şəhid övladlarına qollarını açanda, onları bağrına basanda göründü təyyarələr. 9 dəfə 44 gündə, 10 dəfə müharibədən sonra, 19 Bakı-Naxçıvan reysi şəhid övladlarımızı gətirdi Naxçıvana. 2020-ci ilin 2 noyabrında şəhid balalarımız Lətif, Əli, Murad Namiq, İbrahim, Elnur, Ramazan, Nihad, Qəşəm, Tağını gətirən təyyarə Naxçıvan şəhərinə enərkən yazmışdım bu sətirləri...

Səhər almışdım xəbəri, bu gün şəhid gələcəkdi şəhərimə. Soluxmuşdu çöhrəsi balası şəhid olan ana kimi, əyilmişdi qəddi şəhidini gözləyən bir ata kimi şəhərimin... Ta səhərdən saçlarını tel-tel edib şəhidinin yollarına səpirdi o. Dili yoxdu, şəhərimin, laldı bu gün, hayqırmağa çatmır gücü. Nə az, nə çox, düz 10 övladına qol açıb, bağrına basacaqdı şəhərim. Səssiz, sükutla gözləyirdi yollarını. Gözlərində gilələnən göz yaşıyla, köksündəki yanğısıyla, elə bu gün əl uzadıb ətrafında zirvələri səma ilə öpüşən, uca, hündür dağlarından endirdiyi dağ-düyünlə gözləyirdi şəhidini, şəhərim.

Torpaq ətri bürümüşdü şəhərimi. Şərur, Sədərək, Ordubad, Culfada və Şahbuzdakı, bir də minilliklər şəhəri bu şəhərdəki məzarlardan xəfifcə bir külək əsir, bu ətri gətirirdi, gətirirdi... Torpaq uğrunda canlarından keçənlərin qeyrət, hünər qoxusunu gətirirdi. Şəhərimsə sükutla bu ətri sinəsinə çəkir, bu ətri damcı-damcı gözlərindən axan yaşla şəhidini qarşılayan yollarına səpələyirdi...

Bir az sonra bu sükutu şəhərimin göylərində şimşəkləşən təyyarənin səsi pozur. Yarır bu səs şəhərimin sükutunu. Məğrur-məğrur seyr eləyir şəhərim: bu sükutu tar-mar edən, göy üzündə şəhidimin qüruruyla rəqs eyləyən təyyarənin süzüşünü.

Göz yaşı- qürur, acı-şirin, kədər-sevinc...ətrafdakı insanların üzündəki cizgilərdir bu əksliklər. Axıdılan göz yaşını qürur silir. İçlərdəki acıları- Qarabağın 30 illik qara rəngin al qanıyla şəhid silir... Qarabağın Şuşasının, Xankəndinin, ətrafdakı Füzulinin, Cəbrayılın, Qubadlının, Xudafərin körpüsünün həsrətini vüsal edən şəhid silir... 30 ilin hicranının vüsalını Vətənimin şəhidləri şirin edir...

Üzlərdəki cizgiyə bax... ilk dəfədir insanların üzlərində həm kədəri, həm sevinci eyni anda izləyirəm. Səbəb budur: qaçqınlığın, köçkünlüyün kədərini torpağımın igidləri bayrağımla, bir də ki, öz al qanıyla sevinclərə çevirir. Bu üzdəndir ataların, anaların, azərbaycanlı olanların bir üzünün ağlaması, o birinin gülməsi... Elə bu an gülümsəyir şəhərim də, qürur duyur şəhərim də. Əzizinin yoxluğunda şəhidinin varlığıyla, şəhidinin varlığında torpağının, Vətəninin varlığıyla qürur duyur... Şəhərim də silir gözünün yaşını, ətrafdakı insanlar tək. Qürur duyur onlar kimi şəhidiylə, fəxr eləyir yetirdiyi-bitirdiyi igidiylə və onların hər biriylə... hünəriylə, mərdliyiylə və bir də ki, Qarabağı xilası ilə...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə