Dünyaya övlad gəlir. O, bir ailənin çırağını yandırmaqla bərabər, həm də Vətənin nuru, işığı, xoşbəxt günü, sabahı, azadlığı, müstəqilliyi olur. İstər oğlan, istər qız olsun, fərq etmir. Onlara hünər, cəsarət, qorxmazlıq ata qanı, ana südü ilə verilir. O ata, o ana ki, bu Vətənin övladıdır, bu Vətəndən torpaq alır, o torpağa sevgi toxumu səpir, zəhmətini çəkir, əkir, biçir, əməyi hünərə, rəşadətə, igidliyə çevrilir, qarşılığında Vətənə onu qoruyub başı üzərində gəzdirmək üçün oğul, qız verir.
Analar dünyaya oğul gətirir. Bu oğullar torpağı qorumaq üçün doğulur. Bu oğullar Vətən üçün, onun dar günü üçün doğulur. Oğul düşmən çəpəridir, deyirlər. Oğul varsa, əsgər var. Əsgər varsa, Vətən sərhəddi var. O, qorunur. Ona görə həm də oğul torpaq payıdır, deyirlər.
“Aslanın erkəyi, dişisi olmaz” deyib atalarımız. Elə şəhid qız-qadınlarımızın şücaəti, kişi qeyrəti də zaman-zaman təsdiqləyib bu deyimi. Biz görmüşük ki, tək oğullarımız deyil, həm də qızlarımız Vətən üçün can veriblər. Onlar öncə övlad, sonra əsl vətəndaş olur ki, şəhid də ola biliblər. Çünki şəhidliyə gedən yol Vətənə əsl övlad olmaqdan, onun əsl vətəndaşı olmaqdan keçir.
Vətən sevgisi
Övladlarımız qorxmazlığı, igidliyi atalarından alır. Çünki onlar hər biri övladlarımıza öz əməlləri, cəsarət və hünərləri ilə nümunədilər. Hər bir ailədə böyüyən, tərbiyə alan oğul, qızlarımız ata-analarından əxz edirlər Vətən sevgisini. Daha sonra bağçadan, məktəbdən, cəmiyyətimizdən aldıqları bu sevgi Vətənə qarşı böyük məhəbətə çevrilir. Bu məhəbbət heç bir məhəbbətə, istəyə, sevgiyə bənzəmir. O, xüsusidir. Onda elə bir xüsusilik vardır ki, sevdiyin insanı, ata-ananı, övladını arxada qoyub önə doğru can atırsan. Öndə olan isə Vətəndir, onun sevgisi ilə özünü odun-alovun içərisinə atıb xilaskarına çevrilirsən. Aylarla, bəzən illərlə evindən-eşiyindən, doğmalarından ayrı, uzaqda qalırsan. Lakin onların hamısından əziz olanın yanında olursan. Onun sevgisi, sevdası ilə olmazın əziyyətinə dözür, günlərlə günün, yağışın altında, bəzən aylarla qarın, suyun içərisində sağlamlığından keçirsən, lakin Vətəndən vaz keçmirsən.
Vətən sevgisindən şəhidlik adlı bir yol uzanır. Bu yol böyük bir məhəbbətlə səni özünə çəkir. Bu yolu sonadək gedir hər bir oğul, qız. Lakin sonda evinə sağ-salamat qayıdanlar da olur. Bu yoldan səmalara doğru yeni bir yolçuluğa çıxıb ta əbədiyyən digər sevdiklərini o səmalardan izləyənlər də olur...
Şəhidlik xalqımızın alın yazısı olub tarixən. Nə müharibələr, nə soyqırımlar görüb bu xalq. Vətən sevgisini bütün sevgilərdən əziz, üstün tutan övladlarımız bu müharibələrin, bu soyqırımların qurbanı ola-ola şəhidlik zirvəsinə yüksəliblər. Oradan canlarını uğrunda fəda etdikləri Vətənlərini əsrlərlə, illərlədir ki, seyr etməkdədirlər...
Müharibələr, şəhidlər...
30 il idi ki, Qarabağsız qalmışdıq. Gözü ac, nadan ermənilər hər zaman olduğu kimi, 1980-90-cı illərdə də torpaqlarımıza göz qoyaraq, onları işğal edib, “böyük Ermənistan” yaratmaq xülyasına düşmüşdülər. Bu səbəbdən də sərhədlərimizdə təxribatlar törədir, dinc, sakit insanları narahat edir, hər gün bu hadisələri bir az da qızışdırırdılar. Belə bir dövrdə ölkəmizin başında dayananların səriştəsizliyi və satqınlığı da ermənilərə kömək, dəstək oldu. Onlar bir-birinin ardınca Qarabağı və ətraf rayonları işğal edərək sakinləri evindən-eşiyindən didərgin saldı, öldürdü, meyitlərə vəhşicəsinə qəddarlıq edərək onları tanınmaz hala saldılar.
Birinci Vətən Müharibəsi adlandırdığımız həmin savaşda döyüşmək üçün bu xalqın sadiq, ürəyi vətənpərvərliklə, torpaq sevgisi ilə dolu insanları cəbhəyə yollandılar. Ölkəmiz sosial-iqtisadi tənəzzül yaşadığı bir vaxtda mükəmməl ordusu olmayan bir xalq əliyalın çıxdı düşmənin qarşısına. Və ən bağışlanmaz hal ondan ibarət idi ki, onlar dövlət tərəfindən heç bir dəstək almırdılar. Dəfələrlə xəbər göndərmələrinə, xahiş etmələrinə baxmayaraq dövlətimizə rəhbərlik edənlər susur, cəbhədən isə hər gün onlarla şəhid gəlirdi.
Sən demə torpaqlar satılıbmış. Kim olacaqdı bu əliyalın insanlara kömək edən, kim? Beləliklə minlərlə övladımız həmin ədalətsiz müharibənin qurbanı oldu. İçlərində olan Vətən sevgisi ilə qarşıya çıxdılar, son nəfəslərinədək torpaqlarımızı müdafiə etdilər. Lakin gücləri bir yerə qədər çatdı. Çünki düşmən güclü idi, havadarları tərəfindən ən müasir texnika, silah-sursatla təmin olunurdular. Biz tərəfdə isə vəziyyət tamamilə bunun əksi idi. Bu səbəbdən də şəhidlərimizin sayı-hesabı yox idi.
Ana-atalarımız hər gün səksəkədə idilər. Onların qapılarına hər an şəhid gətirilə bilərdi. Və belə də olurdu. Hər gün onlarla şəhid ailələrinə təhvil verilirdi. Nəticədə isə torpaqlarımız da düşmənin əlinə keçdi. Çünki onlar satılmışdılar. Bizim bu torpaqları canımızla, qanımızla müdafiə etməyimiz əslində heç nəyi dəyişmirdi. Bircə tarixin səhifələrinə yazdığı hünərdən, əzmkarlıqdan, Vətən sevgisindən başqa.
2020-ci ildə də 30 ilin əvvəlində olduğu kimi, qonşuluqdan kənar olmuş qonşularımız yenə yeni torpaq iddialarına düşdülər. Baxmayaraq ki, 30 ildə bütün dünyaya erməni vəhşiliyindən bəhs olunmuşdu. Bütün dünya bu iki xalq arasındakı problemlərin həllinin sülh yolu ilə həllinə çağırılmışdı, lakin dinləyənlər çox olmuş, qarşıya gələn, sözünü deyən olmamışdı. Bu səbəbdən də torpaqlarımızın müharibə yolu ilə qaytarılmasından başqa variant qalmamışdı. İkinci Vətən Müharibəsinin başlanma səbəbi də bu oldu. Və yenə də yüzlərlə şəhid verdik. Qəlbi Vətən sevgisi ilə dolu olan, əsl övlad və əsl vətəndaş olanlar şəhid oldular.
Qarabağın həkimləri-şəhidlər
Onlar sinəsi dərdli, ürəyi yaralı Qarabağın 30 illik çarəsi tapılmayan dərdinə çarə oldular. Qarabağ xəstəliyinin, mərəzinin həkimi oldular. 30 il didərginlikdə yaşayanların sınıq qəlbinin həkimi, təbibi oldular. Sağalmayan 30 illik yaralara məlhəm oldular. Sağaltdılar Qarabağı da, qarabağlıları da şəhidlər.
44 günlük Vətən müharibəsinin fədailərinə çevrildilər. Payızın sazaq-soyuğunda Vətənin səsinə səs verib Qarabağa yollandı igidlərimiz. Ali Baş Komandanımızın əmrinə müntəzir olub böyük bir taktika ilə cəmi 44 günə torpaqlarımızı azad etdilər.
Birinci Vətən Müharibəsində iştirak edən şəhidlərimizin övladları idi bu oğullar. Onların nəvələri, qohum-əqrəbaları idilər. 30 il ürəyində düşmənə kin gəzdirən, torpaq adı gələndə başlarını dik tuta bilməyən, “işğalda torpaqlarımız var”, deyib narahatlıq keçirənlər idilər. Bu namus, qeyrət işini bir an öncə dəliqanlı kimi həll etmək, qələbə əzmini bu xalqa yaşatmaq istəyənlər idilər. 30 ilin bütün acısını, 30 ilin əvvəlindəki şəhidlərimizin qisasını almaq istəyənlər, ərazi bütövlüyümüzü təmin etmək istəyənlər idilər...
Bu istəklə, amalla düz 44 gün sinəsini düşmənə sipər edən övladlarımızdan yüzlərlə şəhidlər oldu. Onlar torpağımızı, ərazi bütövlüyümüzü, qeyrətimizi, namusumuzu, şərəfimizi bizə qaytardılar. Lakin özləri o yoldan arxada qoyub getdikləri sevdiklərinin yanına qayıda bilmədilər. Vətən, torpaq sevgisi bütün sevgiləri üstələdi.
Biz 44 gündə yenidən şahidi olduq ki, Vətən üçün əsl övlad, əsl vətəndaş böyüdüb, tərbiyə edə bilmişik. Çünki yüzlərlə şəhidimiz oldu. Şəhid isə o yerdə olur ki, orada Vətənə layiq övladlar, vətəndaşlar olur. Orada Zəfər qazanılır və hər yerdə Zəfər bayrağı dalğalanır.
Allah sizə rəhmət eləsin, şəhidlər! Siz bizim qürurumuzsunuz...
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB