Dumandan boylanır Zəfər Bayrağım...
Havadan payızın ətri gəlir. Yəni elə payıza sayılı günlər qalır. Artıq Şuşa günlərdir ki, yaya əlvida deyib, payıza qədəm qoyub. Çünki dağların qoynuna sığınan bu gözəllər gözəlinin yay ömrü qısa olur. Bütün dağlıq ərazilərimiz kimi, Şuşa da payıza daha tez qədəm qoyur.
Budur, bu günlər Şuşanın dağlarına duman gəlib, çən çöküb. Sosial şəbəkələrdən izlədiyim bu füsunkar görüntülərlə Xan Şuşinskinin “Şuşanın dağları başı dumanlı” mahnısını xatırlayıram. O mahnı ki, bu bənzərsiz təbiət gözəlinin elə bənzərsiz olan hüsnünə yazılmışdı. Lakin təzyiqlərlə də qarşılaşmışdı həmin mahnı. Sovet rejiminin senzurası “Şuşanın dağlarının başı dumanlı” olmasını qəbul etməmişdi. Çünki onlara görə duman burada başqa duman mənasını kəsb edə bilərdi.
Özünü bütün sözlərdən, fikirlərdən qoruyan, dağılacağını, məhv olacağını düşünərək insanların ruhuna, düşüncəsinə düşmən kəsilən sovet rejiminin Xan Şuşinskiyə də bu mənada təsiri bu günün prizmasından nə qədər gülünc görünür. Bir şuşalının öz təbiət gözəli barədə mahnı yazması, onu təsvir və vəsf etməsi nə qədər böyük problemlə qarşılanıbmış, İlahi...
Məgər dağın başının dumanından bəhs etmək bu qədərmi təhlükə yaradırdı? Yoxsa bu duman başqa dumanlarla səhv salınırdı. Və ya bu dumanların insanlara başqa dumanları anladacağından qorxulurdu? Maraqlıdır, Şuşanın dağlarının dumanlı olması nə üçün rejim rəhbərlərini bu qədər qorxudurmuş? Yoxsa bu dumanda itib-batacaqları kabusu dolanırdı başları üzərində...
Yox, yox, qorxu Şuşanın dağlarının başının dumanlı olmasında deyildi. Bu təbiət gözəlinin özü kimi gözəl qızlarına geyindirdiyi yaşıl ətəkdə, qırmızı köynəkdə idi. O köynək, o ətək ki, illərlə gözlərə bıçaq olan bayrağımızın rəngində idi. Bu rənglər idi təlaşları yaradan. Bu rənglər idi qorxuları yaradan. Bu rənglər idi Xan Şuşinskiyə mahnının sözlərini dəyişdir, dedirdən...
Mahnının sözləri dəyişə bilər, lakin xalqın ruhu dəyişə bilməz. Xan Şuşinski mahnı senzuradan keçənədək onu dəfələrlə ifa etmişdi və bu ifa xalqın yaddaşına elə bir tərzdə hopmuşdu ki, əsrlər keçsə də, Xan babanın oxuduğu kimi qalacaqdı. Onu hafizələrdən heç bir qüvvə silib ata bilməzdi...
Şuşanın dağları başı dumanlı.... Qırmızı qoftalı, yaşıl tumanlı...
Dərdindən ölməyə çoxdu gümanım...
Vallah, burada üçrəngli bayrağımızın dərdindən ölməyi söyləyir Xan baba. Bu qız söhbəti də ona görə işlənib ki, fikirləri bir o qədər cəlb etməsin. Elə Şuşanın gözəlliyi ilə bayrağımızın oxşarlığı eyniləşdirilib burada.
Sovet rejiminin narahatlığı əslində yerində imiş. Onlar Xan babanın sarı simi haradan vurduğunu gözəl anlamışlar. Ona görə də Xan babaya “duman” və “ölərəm” sözlərini mahnıda çox işlətdiyini irad tutmuş, bu sözlərin mahnıdan çıxarılmasını tələb etmişlər. Lakin geç imiş. Artıq mahnı bütün azərbaycanlıların dilində əzbərə çevrilmişdi.
Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım.
Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da balam, barı gül.
Şuşada axşamlar yanar ulduzlar,
Onlardan gözəldi gəlinlər, qızlar,
Oturub yol üstə yarını gözlər.
Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da balam, barı gül.
Şuşanın hər yandan gəlir sorağı... Tərifə layiqdir İsa bulağı,
Dağları, bağları, qızlar oylağı...
Bəli, həmişə Şuşanın hər yandan gəlib sorağı. Tərifə layiq olub İsa bulağı da, qızlar oylağı da, Cıdır düzü də, hər bir dağı dərəsi, yaylağı, gülü-çiçəyi, xarıbülbülü də. Elə zamanla düşmənin dişlərini qıcadan da bu gözəllik olmamışdımı? Erməni adlı ayağı Şuşaya dəyməyə layiq olmayan murdarların da xəyalı elə sovet rejimi dövrlərindən bu gözəl diyarı ələ keçirib onun gözəlliyinə sahib olmaq deyildimi? Havadarları Şuşa haqqındakı fikirlərindən fikir alıb niyə də Şuşadan uzaq durardı ki, yağı düşmən?..
Elə bu səbəbdən də 28 il anasının qoynundan qoparılıb ondan ayrı salınmadımı Şuşa?.. 28 il düşmənin murdar ayaqları dağlarından süzülüb gələn sular qədər sat, təmiz, pak yurd yerimizi murdarlamadımı? Şuşadan yana canlarından keçən yağının bir qərinəyə yaxın arzuları gerçəkləşmədimi?..
Oldu bunların hamısı. Lakin Şuşanın sahibi gələcəkdi, Xan babanın mahnıdakı vəsf etdiyi rənglər rəngdə bayrağı Şuşanın ən yüksək zirvəsinə sancacaqdı axı...
Bunu düşünməmişdimi görəsən qonşuluqdan kənar olmuşlar?
Tarixin əzəli, mədəniyyətin beşiyi, şeiriyyətin məskəni Şuşa!
2020-ci ilin 44 günlük Vətən müharibəsi Şuşanı da qopardı yağının qanlı, çirkli əllərindən. Həmin gün- 8 noyabrda - Şuşa Zəfəri günü Şuşa Vətənə qayıdışını Şəhidlər Xiyabanından salıb, şəhidini, torpaq uğrunda canlarından keçənlərini bağrına basdı. 1990-cı illərin 20 Yanvarında, Xocalı qətliamında, bir-birinin ardınca işğal olunan qol-budaqlarında can qoyub, qan tökən igid övladlarını ziyarət etdi, azadlığının müjdəsini doğmalarına verib Qarabağa-ata-baba yurduna doğru yolçuluğa çıxdı Şuşa. Ona elə bu da yaraşırdı. Axı o, qala qürurlu, dağ vüqarlı, əzəmət mücəssəməsi, yenilməzlik simvoludur, Qarabağın ağsaqqalıdır.
Qarabağın gözü, döyünən ürəyi, Azərbaycanın baş tacıdır... Azadlığın, hürriyyətin mübarək, dedik həmin gün Şuşaya: Ey igid oğlu dağlar, mərd qızı qayalar olan gözəlliklər məskəni Şuşa. Bayrağının qırmızısından gözəllərinə köynək, yaşılından ətək biçən, mavisini göy üzünün buludları, dumanı-çəni ilə qarışdırıb gözəllərinə örpək edən Şuşa, qayıdışın mübarək! Ey tarixin əzəli, mədəniyyətin beşiyi, şeiriyyətin məskəni Şuşa! Sən Qarabağa yolçuluğa çıxdın, sənin pişvazına isə bütün Azərbaycan çıxdı. Onların arasında kimlər vardı, gördünmü? Yolunun başlanğıcında Ali Baş Komandanımız, sonra Şəhidlər Xiyabanında bağrına basdığın şəhidlərin ailələri, 28 il əvvəl köksündən qoparılaraq Azərbaycanın müxtəlif bölgələrinə ümid aparan qaçqın, köçkün övladların qarşıladı səni. Paytaxt Bakı, Qoca Naxçıvan çıxmışdı pişvazına. Qarabağ uğrunda mərmi yağışına tutulub neçə-neçə günahsız insanlarını itirmiş, minlərlə ev-eşiyi dağılmış, lakin düşmənə qorxusuzluğu, əyilməzliyi ilə meydan oxuyan Gəncə, Bərdə, Tərtər şəhərlərinin övladları qarşılayırdı səni. Azərbaycanın bütün rayon, şəhər, qəsəbə, kəndləri böyük coşqu ilə bayraq meydanlarında, küçələrdə, xiyabanlarda 28 il həsrət qaldığın üçrəngli bayrağımızla qarşıladı səni. Bayraq günün, bayraq vüsalın mübarək, Şuşa!
8 noyabr 2020-ci il. Qarabağın döyünən ürəyi Şuşanın azadlıq müjdəsini xalqına çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!
Zəfər bayraqlı Şuşam...
Qoy gəlsin payızın, gözəl Şuşam. Sən payızda daha gözəl, daha füsunkar olursan, bir möcüzəli aləmə çevrilirsən. Qoy gəlsin payızın, o yaşılı sarı edən fəsil deyil ta. Payız Qarabağın baharıdır, xilaskarıdır. Payız adlı fəsil yoxdur ta dilimizdə. Zəfər fəsli var. Qoy gəlsin Zəfər fəslin.
Dağlarının başını duman gəlsə də, bu, təbiətin gözəlliyidir. Ta qorxma bu dumanı da Xan babanın dövründəki kimi əlindən alan olmayacaq. Sənindir dumanın da, çənin də, bütün gözəlliklərin də. Sənindir duman arasından günəş tək boylanan üçrəngli Zəfər bayrağımız da. Bu bayraq dalğalarında bütün dünyaya bəyan edir ki, Şuşa Azərbaycanın qədim, əzəli torpağıdır. 28 il anası Azərbaycandan qoparılan, artıq iki ildir ki, Vətəninə qayıdan Şuşa əbədiyyən azaddır. Bəyan edir ki, Şuşanın səmasındakı üç rəngimi onun sinəsindəki rənglərlə harmoniyalaşdıran əbədi Azərbaycan bayrağıyam.
Üçrəngli Zəfər bayraqlı Şuşam... Bütün fəsillərin gözəli Şuşam... Nə qədər gözəl yaraşır hüsnünə duman... Nə qədər fərqli görünüş verir sənə bu çən, bu duman... Düşmən kənardan baxıb bu dumanda itir, batır... Lakin sənin bu dumanından qədim bir tarix boylanır: Azərbaycan tarixi!
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB