Şəhid dərdi, qazi dərdi, bir də ki, itkin dərdi... - TƏHLİL + AKTUAL
Necə ki, dünyada müharibələr davam edir, onların insan övladına bəxş etdiyi ağrı-acılar nə bitəcək, nə də tükənəcək. Müharibə dəhşətdi, faciədi, dağıntı, viranəlik, xarabalıqdır. Müharibə insan övladının ən kədərli alın yazısıdır. Onun həyatının qara rəngidir. O rəng ki, müharibə bitəndən sonra da dəyişməz qalır. Qara rənglə ömürlər davam edir. İllər ötür, dağıntılar bərpa olunur, viranəliklər, xarabalıqlar abadlaşdırılır, cənnətə çevrilir, lakin qəlblərdən şəhid dağı silinmir. Sağlamlıqlarını itirmiş, ömrünün qalan hissəsini gözlərimiz önündə ağrı-acı içərisində keçirən qazilərin iztirabları bitmir. Bir də ən dəhşətlisi olan itkin dərdi əsla tükənmir. Çünki...
Bir itiyin olanda...
İnsan övladı ona bəxş olunanlarla tamdır. Onun yaranışı, varlığı, yaşamı belə qurulub ki, əlindəkilərlə, ətrafındakılarla, bütün olanları ilə tamdır. Və tamdırsa, xoşbəxtdir. İnsan övladı günlərin bir günündə hansısa bir əşyasını itirirsə, bir ömür gözləri orada-burada onu axtarır. O da ola övladı. Müharibələr insanların əlindən övladını qoparıb alanda onları ya şəhid kimi ata-anasına təhvil verir, ya müxtəlif xəsarətli qazi kimi. Müharibələrin doğmalarına qaytara bilmədikləri isə itkinlərdir. O itkinlər ki, bir ömür doğmalarının gözlərini yollarda qoyur. Öldüsünə-qaldısına əmin olmayan doğmaları hər qapı döyüldüyündə, açıldığında onun gəlişini zənn edirlər. Beləliklə bir ömür gözlər yollara dikilir. Nə ata, nə ana təsəlli tapa bilir. Alın yazıları olan acı bir həyat yaşamaq məcburiyyətində qalırlar. Övladları itkindir. O, haradadır, yaşayırmı, öldürülübmü? Nə kimi ağır məşəqqətlərə sövq edilib. Nə yeyir, nə içir, harada yatır, harada yaşayır kimi fikirlər bir ömür ata-ana ürəyini qurd kimi yeyib bitirir...
30 avqust - Beynəlxalq İtkinlər Günüdür
2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilən Beynəlxalq İtkinlər Günü bizim xalqın da alın yazısı olanlar içərisindədir. Bu gün bizə aid olmaya da bilərdi. Bəli, müharibələr olmasaydı, bu gün, ümumiyyətlə, nə bizim, nə də başqa millətlər üçün olmaya da bilərdi. 30 il öncə ermənilər torpaqlarımıza göz dikməsəydilər, bizim torpaqların hesabına özlərinə vətən düzəltmək eşqinə düşməsəydilər, müharibələr də olmazdı və Beynəlxalq İtkinlər Günündə bizim də payımız olmazdı. Kaş ki, olmazdı. Heç bir ata-ananını itkin övladı olmazdı. Onların ürəyinə itkin dağı çəkilməzdi. Qəlblərində sağalmaz yaralar açılmazdı. Axı bu yaraya çarə yoxdur. Ya insanlıq yenidən yaranmalı, ürəklərə yanğı dolmalı, itkinlər öz tərəflərinə verilməli, ya da bir ömür valideynlər, doğmalar öz itkininin acısı ilə yaşamalıdır. Bunlardan hələlik ki, ikincisi yaşanmaqdadır. Birincisi haqqında düşünən yoxdur...
İtkin acılı Azərbaycan
Ölkəmiz dünyada itkin düşənlərlə bağlı ən ağrılı problemlərlə üzləşən ölkələrdəndir. Mənbələrə əsasən demək olar ki, Birinci Qarabağ Müharibəsi zamanı Ermənistanın təcavüzü və işğalçılıq siyasəti nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyindən bu günə qədər də xəbər yoxdur.
1993-cü ildə yaradılan Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası həmin tarixdən etibarən Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı yaranmış humanitar böhranın nəticələrinin aradan qaldırılmasına çalışır. Dövlət Komissiyası ötən illər ərzində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq edir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ Müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.
İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülmüş və ya işğal edilmiş ərazilərdə qalıb. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.
Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb. Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxslərdən 54 nəfəri Ermənistan tərəfində saxlanıldıqları vaxt sağ ikən onlarla müxtəlif vaxtlarda BQXK-nın nümayəndələri görüş keçirib. Sonradan onlardan 17-sinin meyiti təhvil verilib, 33-nün ölümü barədə məlumat verilsə də, onların meyitləri qaytarılmayıb, 4-ü barədə isə, ümumiyyətlə, heç bir məlumat almaq mümkün olmayıb.
Birinci Qarabağ Müharibəsi dövründə 1480 nəfər azərbaycanlı erməni əsir-girovluğundan azad edilib.
2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə əsasən, 2014-cü ildən etibarən itkin ailələrindən bioloji (DNT) nümunələrin toplanması işinə başlanıb. Ötən müddət ərzində 3315 itkinin ailə üzvlərindən 10309 bioloji nümunə toplanıb. 2021-ci ilin noyabr ayından etibarən toplanmış bioloji nümunələrdən DNT profillərinin çıxarılması işinə başlanıb. Bu məqsədlə hazırkı vaxta qədər 1024 bioloji nümunənin hər biri üzrə profillər çıxarılıb.
İtkinlərimizə münasibət erməni vəhşiliyinin daha bir sübutudur
Münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsinə mane olan əsas səbəb 2020-ci ilin noyabr ayının 10-dək Ermənistanın Azərbaycan ərazilərini işğalı faktı olub. Hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas faktlar isə Ermənistanın dəfn yerləri barədə məlumatları təqdim etməməsi və işğaldan azad edilmiş ərazilərdə çoxsaylı minaların olmasıdır.
Yüksək səviyyəli görüşlərdə və müxtəlif platformalarda dəfələrlə qaldırılmasına və müzakirə edilməsinə baxmayaraq, Ermənistan tərəfi Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etmir.
2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra yaranmış yeni situasiyada Birinci Vətən Müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.
2021-ci ilin fevral, 2022-ci ilin aprel ayına qədər işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin, işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Kəlbəcər və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb.
Birinci Qarabağ Müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib.
Hazırda İkinci Vətən Müharibəsində itkin düşmüş 6 Azərbaycan hərbçisinin axtarışı davam etdirilir.
Ermənilər tarix qarşısında cavab verməlidirlər
Torpaqlarımıza göz dikmələrinə, 30 il torpaqlarımızı işğal altında saxlamalarına, günahsız insanları dədə-baba yurdundan zorla qovmalarına, onların 30 il qaçqın, köçkün, didərgin statusu ilə yaşamalarına, torpaqlarımızı xarabazarlığa çevirmələrinə, daşı daş üstündə qoymadıqlarına, torpaqlarımızı başdan-başa minaladıqlarına, şəhid, qazilərimizə, bir də ki, itkinlərimizə, onlara verdikləri cəzalara görə ermənilər tarix qarşısında cavab verməlidirlər. Lakin hələlik dünyada elə bir ədalət mərkəzi yoxdur ki, onları haqqa-hesaba dəvət edə. Bir xalqın başına açılan oyunlar üçün onları sorğu-sual edə. Ayrı-ayrı vaxtlarda itkin əzizlərini axtaranları aldadaraq ölkələrində əsir saxladıqlarını, onlara olmazın işgəncəsini vermələrini, ağır işlərdə çalışdırdıqlarını, insanlığa yaraşmayan davranışlarını, harada öldürüb, harada basdırdıqlarını soruşan bir haqq məhkəməsi olmalıdır. Çox təəssüf ki, dünyanın bəzi ölkələri bütün bunları bilə-bilə onları müdafiə edir, heç nə olmayıbmış kimi davranır. Ölkəmiz illərdir, müxtəlif beynəlxalq təşkilatlar qarşısında itkinlərimizlə bağlı məsələ qaldırsa da, heç bir reaksiya olmayıb. Hələlik sükut davam edir.
Lakin gün gələcək erməni adlı yağı, vəhşi tarix qarşısında cavab verməli olacaqdır. Onların xalqımıza qarşı törətdikləri əməllər heç bir insanlığa sığmır. Təbii ki, insanlıqdan söhbət açanda ermənilərin adını vəhşi qəbilə olaraq çəkmək belə günahdır.
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB