Ay Laçın, mən sənə, azadlığına qurban, Laçın... KÖŞƏ

Düz 30 il idi, Araz axırdı lil ilə, axa da bilməzdi gül ilə. Axı onun dərdi vardı, düşmənin əlində idi. Nə bir soydaşını görürdü, nə bir doğma səs eşidir, nə də nəfəs duyurdu... Bağrı qana dönmüşdü. Bütün Qarabağın dərdi ona çiyinlərinə yüklənmişdi. Axı Araz öyrənmişdi dərd çəkməyə...

30 il Arazdan axan su deyildi, göz yaşıydı. Bu səbəbdən də lillənmişdi suları. O, yağının əlində idi. Sahilində yağılar gəzirdi, onların səsi kimi, nəfəsi də murdardı, Arazın dərdinin üstünə dərd idi.

Bütün işğal edilmiş torpaqlarımız kimi, Laçın da Arazın dağı-düyünü idi. 44 günlük Vətən Müharibəsi bu dağ-düyünü əritdikcə, Araz da gözünün yaşını sildi, suları duruldu. Bayrağımız sularında bərq vurduqca, Araz qürrələndi, coşdu, elə coşdu ki, suları sinəsindəki lilləri yuyub apardı, durultdu onu, aydınlatdı.

Gün o gün oldu ki, Laçın da azad oldu. Lakin yağı düşmən Laçını tamamilə əldən vermək niyyətində deyildi. Çünki Laçın dəhlizi onlar üçün olduqca böyük əhəmiyyətə malik idi. Bu, 1992-ci ilin mayında erməni qüvvələrinin Azərbaycan Respublikasının ərazisində yaratdıqları qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan arasında açılan dəhliz idi. Uzun illər boyu fəaliyyət göstərən bu dəhliz Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yolu olaraq Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistanla separatçılar arasında “nəfəs borusu” rolunu oynayıb. Həm müharibə dövrü, həm də ikinci yol çəkilənə qədər Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təchizatını bu yol vasitəsilə həyata keçirib. Məhz buna görə də, Laçın ərazisinin Azərbaycana qaytarılması və ya bu dəhlizin erməni tərəfinin hərəkəti üçün bağlanılması, Ermənistanı Qarabağ ərazilərinə nəzarətdən məhrum edirdi. Bu dəhlizdən qondarma Dağlıq Qarabağ Respublikası Ermənistana böyük miqdarda ərzaq və digər materiallar keçirir, əvəzində isə oradan elektrik alırdı. Bir sözlə, Laçın dəhlizi olmadan Qarabağ, Şuşa ola bilməzdi onlar üçün. Ona görə də burada mövqelərini gücləndirmiş, məskunlaşmanı artırmışdılar.

Ta düşünməmişdilər ki, başqasının torpağında açdıqları dəhliz qarşıdakı illərdə ölkəmizin rəhbəri tərəfindən onların ölüm tunelinə çevriləcəkdi. Çevrildi də. Ermənilərin Laçından çıxması görüntülərini televiziya vasitəsilə izləyənlər bunun bir daha şahidi oldular ki, onların nəfəs boruları tıxanmışdı. Çünki Laçın dəhlizi əllərindən çıxırdı, deməli, həyat onları tərk edirdi. Əlacları o qədər kəsilmişdi ki, hər yeri yandırıb viranə qoyurdular. Elə bu yaxınlarda Zabux və Süs kəndlərində gördüyümüz yanğınlar da erməni yanğısını təsdiqləyən faktlardır.

26 iyun... Tariximizin şanlı səhifəsinə yazılan yeni bir qələbə... 44 gündə olduğu kimi, bu gün də dövlətimizin başçısından yeni bir qələbə müjdəsi aldıq: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Ay Laçın, mən sənə, sənin azadlığına qurban, Laçın. Gözün aydın, Laçın, gözünüz aydın, laçınlılar. Ötən hər gün bizi sənə yaxınlaşdırır. Biz sənə-Laçına qayıdırıq. Bütün xalqımızın gözü aydın!

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə