ŞUŞA: türk dünyasının mədəniyyət paytaxtı, düşmənin vay taxtı - TƏHLİL
“Şuşa ili” olan 2022-ci ilin tarixin arxivinə yollanmasına sayılı günlər qaldığı və qarşıdan gələn yeni ildə gözəl Şuşamızın türk dünyasının mədəniyyət paytaxtı olacağı fonunda qürur hissi keçirir, yeni ili Şuşanın bu böyük missiyanı həyata keçirməsinə tamaşa etmək üçün səbrsizliklə gözləyirik. Bəli, yaranışı mədəniyyət, incəsənət üzərində qurulan bu gözəl yurdu qarşıda türk dünyasının mədəniyyət paytaxtı kimi 365 gün gözləyir. 28 il işğal altında qalan, azadlığa qovuşmağı hər gün həsrətlə gözləyərək 2020-ci ilin 8 noyabrında bu böyük arzusuna çatan Şuşa bütün varlığı ilə yeni missiyaya layiq bir məkandır. Onun mədəni tarixi, coğrafiyası-hər daşı-qayası, dağı-düzü, bulaqları, ümumilikdə bənzərsiz təbiəti o qədər fərqlidir ki, təbii ki, bu fərqliliyin fövqündə türk dünyası Şuşa kimi gözəlliklər diyarını mədəniyyətinə paytaxt edəcəkdi.
Azərbaycanın Zəfər rəmzi
Qarabağın baş tacı, gözəllər gözəli Şuşa, onun 28 il boynubükük qalan xarıbülbülü 2020-ci ildə Azərbaycanın Zəfər rəmzinə çevrildi. Şuşa qələbəsi ilə 44 günlük müharibəni tamamilə uduzduğunu dərk edən düşmən noyabrın 10-da ağ bayraq qaldırıb təslim olduğunu bəyan etdi. Və üçtərəfli-Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr Bəyannaməsi ilə müharibənin bitdiyi elan olundu.
2020-ci il sentyabrın 27-də başlayıb 44 gün davam edən İkinci Vətən Müharibəsi hər gün əzəli torpaqlarımızın birinin işğaldan azad olunması, 8 noyabrda isə Şuşa Zəfəri ilə tarixin səhifələrinə həkk olundu. Şuşanın azad olunmasını xalqımız böyük sevinclə qarşıladı. Çünki Şuşa azaddırsa, deməli, Qarabağ azaddır. Ali Baş Komandan dəmir yumruğunu düşmənin başına endirməklə Qarabağa, onun baş tacı Şuşaya Zəfər gətirdi. Bu gözəl şəhərin azadlıq xəbərini də 44 gündə bütün qələbə müjdələri kimi, dövlətimizin başçısından aldıq. Prezident cənab İlham Əliyevin Şuşa Zəfəri ilə bağlı Bakıda Şəhidlər Xiyabanından xalqa müraciəti 30 il torpaq həsrəti yaşayan insanlara acılarını untdurdu: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə-belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaqdı
Bəli, 8 noyabrda Şuşa işğaldan azad edilərkən ölkəmizdə ona görə hər kəsin sevincinin həddi-hüdudu yox idi ki, dövlətimizin başçısının dediyi kimi, Şuşasız bizim qələbəmiz tam olmayacaqdı. Bu sözlər Şuşanın qələbəsi fonunda belə bir təəssürat yaradırdı ki, artıq bütün Qarabağ azaddır. Çünki Şuşa Qarabağın açarı hesab edilirdi. Bu barədə Prezident cənab İlham Əliyev qələbənin ikinci ildönümü münasibətilə Şuşada keçirilən tədbirdə dəyərli fikirlər söyləmişdir: Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
Şuşa həqiqətən alınmaz qala sayılırdı. Şuşanı yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə onlar ölümə gedirdilər. Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaq.
Müharibə dövründə çoxsaylı müsahibələrdə mən müharibənin gedişatı ilə bağlı bəzi məqamları açıqlayırdım. Təbii ki, hər şeyi deyə bilmirdim. Xüsusilə gələcək planlar haqqında bir çox şeyləri deyə bilmirdim. Verilən suala cavab olaraq cəmi bir dəfə demişdim ki, Şuşasız bizim qələbəmiz yarımçıq olacaq. Əminəm, Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Hər dəfə Şuşada olarkən, - mən son iki il ərzində Şuşada on dəfədən çox olmuşam, - hər dəfə Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən mən və əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür. Çünki “Zəfər yolu” adlandırdığımız yol cəmi iki ilə yaxındır ki çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Bu tarixi gündən cəmi iki il keçib və iki il ərzində bir çox hadisələr baş verib. İllər keçdikcə hərbçilərimizin qəhrəmanlığı hər kəs üçün daha bariz şəkildə aydın olacaq.
Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Halbuki, biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Ancaq bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi. Sentyabrın 27-də - müharibənin birinci günündə altı kənd azad olunanda Azərbaycan xalqı daha da inandı ki, biz istədiyimizə nail olacağıq, tarixi missiyamızı yerinə yetirəcəyik.
Şükürlər olsun ki, biz dövlət-xalq birliyini yarada bildik. Ali Baş Komandanımızın və milli ordumuzun sayəsində Zəfərimizi qazana bildik. Şükürlər olsun ki, işğal sözünü torpaqlarımızın üzərindən silə bildik. Onlara azadlığı bəxş edə bildik. Şükürlər olsun ki, şərəf və ləyaqətimizi xilas edə bildik.
Mədəniyyət beşiyi Şuşa
1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilmişdir.
Dövlətimizin başçısı cənab İlham Əliyev Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında bu barədə deyirdi: Bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Şuşa belə ağır vəziyyətdə olmazdı. Siz, indi buraya gələn qonaqlar müharibədən ilyarım keçəndən sonra gəlirsiniz. Əgər müharibədən dərhal sonra gəlsəydiniz, görərdiniz ki, nə vəziyyətdədir. Hələ də dağılmış vəziyyətdədir. Ancaq Şuşa bərpa olunur, Şuşa dirçəlir və Şuşanın dirçəlməsi ilə bağlı gedən işlər çox genişmiqyaslıdır və bu haqda sizə məlumat veriləcək... Əgər bu şəhər ermənilərə mənsub olsaydı, bu günə qoyardılarmı bunu? Burada cəmi 1800 adam yaşayırdı. Özü də onların 90 faizi hərbçilər və onların ailə üzvləri idi. Burada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər. Yəni, bir dənə də burada yeni bir bina tikilməmişdi. Sadəcə olaraq, bizim təbii sərvətlərimizi istismar ediblər və təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir.
Yenidən doğulan xarıbülbül
Şuşanın qeyri-adi çiçəyi, həm də rəmzi olan xarıbülbül 28 il nə yaz bildi, nə bahar. Nə torpaqdan baş qaldırdı, nə gün gördü, nə günəş. Nə çiçək açdı, nə də ətir saçdı. Bu gül tək gül olaraq yox, Şuşanın rəmzi olaraq da özünü düşməndən beləcə qorudu. Nə yaxşı da ki, qorudu. Yoxsa musiqilərimizi, musiqi alətlərimizi, xalçalarımızı, milli mətbəximizin bir çox nümunələrini öz adlarına çıxan düşmən xarıbülbülü də çoxdan mənimsəmiş, bu gülü öz əlləri ilə Şuşaya əkdiklərini iddia edərdilər. Çünki oğurluq, hazırın yiyəsi olmaq onların xislətinə yazılanlardandır.
2020-ci ildə xarıbülbül Şuşaya gələn Zəfərlə yenidən doğuldu. Bir payız günü torpaqdan baş qaldırıb bahara boylandı. Var olduğunu, yaşadığını “bəyan” etdi. Çünki o, doğmasının addımlarını duymuşdu. Şəhidinin qanını 28 ilin susuzu kimi ciyərlərinə çəkərək oyanmışdı. Ta artıq gizlidən aşkara çıxmanın vaxtı çatdığını duymuşdu.
Şuşanın azadlığından sonra Cıdır düzündə “Xarıbülbül” Musiqi Festivalının keçirilməsi düşmənin bağrına dağ boyda dağ çəkdi. Azərbaycan musiqisinin heyrətamiz səsi dağlarına-daşlarına yayıldıqca Şuşa oyandı, təşnəsi olduğu bu səslə sanki özünə qayıtdı. Bu heyrətamiz musiqi xarıbülbülün də torpaqdan boy atmasına, şaxələnməsinə, sinəsini günəşə verib qürrələnməsinə səbəb oldu. Xarıbülbül Şuşa Zəfəri ilə yenidən doğulduğunu nə qədər hiss etmişdisə, festivalın keçirilməsi ilə var olduğunu, ta bundan sonra daim olacağına əmin oldu.
Daha sonra Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı, “Vaqıf Poeziya Günləri” nin keçirilməsi, Natəvanın bulağının bərpası, Şuşaya yol çəkilməsi, elektrik enerjisi ilə təminatının yaxılaşdırılması və digər tədbirlərin hər biri yaxınlıqdakı düşmənin göz dağına çevrildikcə xarıbülbülün üzü güldü. 28 ilin ağrı-acısı canından çıxdı.
2020-ci ildən bu günədək artıq üç bahar yaşayan xarıbülbül bir rəmz kimi sinələrdə, ürəklərin başında, evlərimizin, şəhər, rayon, kəndlərimizin, iş yerlərimizin ən yuxarı başında yer aldıqca əmin oldu ki, ta bir də düşmən onun sinəsinə dağ çəkə bilməz. Çünki o, bu Zəfərlə yenidən, həm də əbədiyyən doğulmuşdur.
Mədəniyyətin paytaxtı, düşmənin vay taxtı
Bu il mart ayının 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.
TÜRKSOY-un üzv-şəhərlərindən hər il birinin illik olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar 2010-cu ildə türkdilli ölkə başçılarının X sammitində qəbul olunmuşdur.
Qeyd edək ki, TÜRKSOY-un təşəbbüsü ilə türkdilli dövlət, yaxud regionların şəhərlərindən hər il biri Türk dünyasının mədəniyyət mərkəzi seçilir və Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində türk dünyasının mədəni tədbirləri keçirilir.
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 dekabr 2022-ci il tarixddə Sərəncam imzalamışdır. Sərəncamda deyilir: Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir.
Çox böyük qürur hissidir ki, Şuşa 28 il işğal altında qalandan sonra azadlığına qovuşmuş və bir neçə gündən sonra həyatımıza qədəm qoyacaq yeni ildə-365 gün türk dünyasında mədəniyyət paytaxtı kimi missiyanı daşıyacaqdır. Bu mədəniyyət beşiyi olan şəhərin türk dünyasına mədəniyyət paytaxtı seçilməsi, sözün həqiqi mənasında, düşmənin özünə vay taxtı qurması deməkdir. Çünki Şuşanın mədəniyyət paytaxtı olması bizim qürurumuz, düşməninsə ölümüdür.
Şuşa bu il dünyanın hər yerindən gələn azərbaycanlıları-soydaşlarımızı qoynuna aldı. Onları tarixinin seyrinə çıxardı. Daha sonra Dünya Azərbaycanlılarının V Qurultayına ev sahibliyi etdi. Düşmən üçün bundan ağır günlər ola bilərdimi? Sinəsində baş tutan bu tədbirlərin hər biri məğlub düşmənin yeni-yeni məğlubiyyətləridir.
2023-cü ildə burada keçiriləcək bir-birindən maraqlı tədbirlər, bu mədəniyyət paytaxtının qarşıdakı novrağı hələ düşmənin bağrını necə-necə dağlar çəkəcəkdir. Qoy çəksin, dağlanmalı sinələr dağ-dağ olsun. Çünki bu sinənin altında döyünən ürəklərdə mərhəmətdən əsər-əlamət yoxdur. O ürəklər işğal etmək, dağıtmaq, başqasının olanına göz dikməkdən yanadır. Lakin daha susub o ürəklər. Çünki Azərbaycanın böyük Zəfəri qarşısında yalnız susmağı bacarır.
Əziz Şuşa. Sənə bu cür dəyərlər çox yaraşır. Ey Qarabağın baş tacı, bundan sonra ta sən hər zaman belə dəyərlərlə yaşayacaqsan. Çünki bu gün dünyanın bəhs etdiyi Azərbaycanın bir yurdusan. Çünki sənin arxanda Ali Baş Komandanımız və Milli Ordumuz dayanır. Nə qədər ki, Azərbaycan var, sənin hər zaman üzün güləcək, Şuşa. Çünki bütün torpaqlarımız kimi, sən də qalib ölkənin qoruması altındadır.
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB