Qədim dünyanın liman şəhəri Efesdəki Celsus kitabxanası

Qədim dünyanın əhəmiyyətli və möhtəşəm liman şəhəri olan Efes Aralıq dənizinin siyasi və ticarət mərkəzi olmaqla yanaşı Asiya ilə Avropa arasında ən əhəmiyyətli körpülərdən biri olub.

Məlumunuzdur ki, kitabxanalar oxuyub və araşdırmağı sevənlər üçün məbədlər qədər dəyərlidir. Əslində bu doğru düşüncə olaraq qəbul edilməlidir. Çünkü kitabxanalarda müqəddəs məkanlarda olduğu kimi sakitlik və dinclik hakimdir və oxunan kitab və ya öyrənilən mövzu mənəvi təkamülün güclənməsinə zəmin yaradır. Bəlkə də buna görə məşhur argentinalı yazıçı Jorge Luis Borges (Horhe Luis Borhes), “Mən həmişə cənnəti bir bağ kimi yox, bir növ kitabxana kimi təsəvvür etmişəm” deyib.

Kitabxanaların təsis tarixi demək olar ki, yazı tarixi qədər qədimdir. Bilindiyi üzrə gil lövhələrə yazılan ilk yazıların və sonra papirusun istifadəsi ilə bu sənədlərin qorunması zərurəti ortaya çıxdı. Lakin bu tarixə qədər kitabxanaların zənginliyi təkcə şifahi olaraq ötürülən tarixi və mədəni məlumatların yaddaşlarda qalmasından ibarət idi. Müharibələrdə kitabxanalara ziyan vurmaqla əslində bu yaddaşlar da məhv edilmək istənirdi. Anadolu isə bu bilik və yaddaşın formalaşmasına töhfə verən ilk kitabxanalara şahidlik etmiş bir coğrafiyadır. Çünkü qədim dövrün ən məşhur və ən nəhəng kitabxanası Anadolu ərazisi olan Berqamada yerləşib. Dövrün üçüncü nəhəng kitabxanası isə Efesdəki Celsus (Selsus) kitabxanası olub.

Qədim dünyanın əhəmiyyətli və möhtəşəm liman şəhəri olan Efes Aralıq dənizinin siyasi və ticarət mərkəzi olmaqla yanaşı Asiya ilə Avropa arasında ən əhəmiyyətli körpülərdən biri olub. Roma İmperiyasının Asiya əyalətinin paytaxtı Efes isə 200 mindən çox əhalisi ilə dövrünün ən böyük metropollarından biri idi. Elmdə, mədəniyyətdə və sənətdə həmişə önəmli rol oynayan bu şəhər eradan əvvəl 6-cı min ildə qurulub. Şəhər Roma İmperiyasından sonra Bizans və Osmanlı dövründə də sıx əhaliyə ev sahibliyi edib.

İzmirin Səlçuq qəsəbəsində yerləşən Efes qədim şəhəri özlüyündə möhtəşəm bir yaşayış yeri idi. Şəhərin memarlıq zənginliyi Roma ilə rəqabət aparırdı. Şəhərdəki Celsus (Selsus) kitabxanası Anadolunun ikinci və dövrün üçüncü nəhəng kitabxanası idi. Bura Roma İmperyasının güclü senatoru və Asiya əyalətinin qubernatoru Celsusun oğlu tərəfindən tikdirilir. Atasının adını əbədiləşdirmək istəyən oğul öz sərvəti ilə inşa etdirdiyi kitabxana binasını dəyərli kitablar və möhtəşəm sənət əsərləri ilə təchiz edir. Qoruması, yeni kitablar alınması üçün də 25 min ədəd qızıl sikkə irs qoyur.

Celsus kitabxanası qədim Efes şəhərinin mərkəzində, yəni aqorada inşa edilib. Elm adamlarının və şairlərin yığıncaqlar təşkil etdikləri Auditoriyaya da yaxındır. Diqqətləri cəlb etmək üçün xüsusi dizaynda inşa edilən kitabxana binasında İoniya dövrünün sadəliyi və funksionallığı bariz şəkildə müşahidə olunurkən, hərəkətli fiqurları, heykəlləri, qabartmaları və bəzəkləri isə göz oxşayır. Xüsusilə fasadı və möhtəşəm Avqust qapısı ilə diqqətləri cəlb edən kitabxana binasının ön fasadındakı nəhəng sütunlar arasındakı heykəllər ziyarətçiləri valeh edir. Hikməti, ağlı, istedadı və fəziləti təmsil edən dörd qadın heykəli qədim heykəltəraşlıq sənətinin ən parlaq nümunələrindən hesab edilir.

Celsus( Selasus) kitabxanasının hündürlüyü 17 metrdir. Bu hündürlüyü təsəvvür etmək üçün 6 mərtəbəli bir binanı düşünə bilərsiniz. Ön tərəfdən baxanda iki mərtəbəli görünsə də bina daxilində 3 mərtəbə var. Giriş qapısının üstündəki boşluqlar bir tərəfdən yağış suyunun əsas salona sızmasına mane olarkən, digər tərəfdən gün işığının içəriyə daxil olmasına imkan yaradırlar. Bir vaxtlar ev sahibliyi etdiyi 12 min qədər əlyazma kitabələrin nəmdən və istidən qoruması üçün xarici və daxili divarlar bir-birinə təxminən 1 metr fasilə ilə tikilib. Kitabxana bir də hər kəsin bilmədiyi və onu digərlərindən fərqləndirən əhəmiyyətli xüsusiyyətə malikdir. Təəccüblənə bilərsiniz, kitabxana eyni vaxtda bir məqbərədir! Celsusun oğlu kitabxananı tikdirdiyində atasının xatirəsini yaşatmaq üçün onun qəbrini də içəriyə köçürüb. Çünki Roma İmperiyası dövründə hörmətli biri ölümündən sonra qəhrəman olaraq təltif edildiyi üçün şəhərin əhəmiyyətli binalarında dəfn edilməsinə üstünlük verilirdi.

Müxtəlif sivilizasiyalara ev sahibliyi edən və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş olan, şahidi olduğu dövrləri və təcrübələri bütün əzəməti ilə ziyarətçilərinə təqdim edən qədim Efes şəhərində yerləşən və İskəndəriyyə ilə Berqamadan sonra qədim dövrün ən əhəmiyyətli kitabxanalarından biri olan Celcus(Selcus) kitabxanası barədə danışdıq. Lakin şəhər daha bir çox quruluşu ilə insanı heyrətləndirir. Qədim dünyanın yeddi möcüzəsindən biri hesab edilən Artemis məbədi şəhərin ən məşhur abidəsidir. Bu gün məbədin yerində yalnız bir mərmər sütun var. Diqqətləri cəlb edən daha bir əhəmiyyətli quruluş isə Efes qədim teatrıdır. Teatr 25 min tamaşaçı tutumu ilə qədim dövrün ən nəhəng açıq hava teatrı xüsusiyyətinə malikdir. Şəhərdə Hadrian məbədi, Curettes küçəsi, Trajan çeşmesi, Odeon, hamam, su kəməri, bələdiyyə binası kimi görüləsi bir çox abidə var.

Qədim Efes şəhərinin başqa bir xüsusiyyəti isə qədim dövrlərdən bəri qeyri müsəlmanlar tərəfindən Həcc mərkəzi kimi ziyarət edilməsidir. Şəhərin eramızdan 1100 il əvvəl dinə xidmət etdiyinə dair əlamətlər mövcutdur. Bunlardan biri Artemis məbədidir. Bu məbəd bütpərəstlik dövründə əslində bir Həcc mərkəzi idi. Xristianlıq qəbul edildikdən sonra tikilən və bu yeni dinin prinsiplərinin qəbul edilməsinə ev sahibliyi edən Məryəm Ana kilsəsi də xristianlıqda müqəddəs hesab edilən ziyarətgahlardan biridir. Şəhərdəki Yeddi Yatanlar və St. Jean Bazilika da xristianlar üçün böyük əhəmiyyət kəsb edir.

Əfsanəvi Efes şəhərini və möhtəşəm quruluşlarını bir neçə dəqiqəlik proqramda təsvir etmək mümkün deyil. Bu səbəbdən şəhərin ehtişamlı quruluşlarından olan Celsus kitabxanası barədə məlumat təqdim etdik. Anadolu coğrafiyasında yerləşmiş bu qədim abidənin göz oxşayan xüsusiyyət və gözəlliklərini şərh etdik. Lakin təəssüflə deməliyik ki, bu qədim abidəyə məxsus göz oxşayan relyeflər, heykəllər, sütunlar və sütun başlıqları günümüzdə Vyana muzeyində sərgilənir. Bu əsərlərin ən qısa zamanda mənsub olduqları torpağa, aid olduqları yerə qayıtmasını arzu edirik.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə