“Qətl kimi ağır cinayətlərdə əfvetmə məsələsi cəmiyyətdə ən çox müzakirə olunan hüquqi mövzulardan biridir. Bir şəxsin əfv olunması onun tam bəraət alması və ya cinayətin baş verməməsi anlamına gəlmir. Əfvetmə dövlətin humanizm prinsipi əsasında tətbiq etdiyi hüquqi mexanizmdir və hər bir müraciət fərdi qaydada qiymətləndirilir. Azərbaycanda əfvetmə hüququ yalnız Prezidentə məxsus müstəsna səlahiyyət hesab olunur və bu proses həm Konstitusiya, həm də Cinayət Məcəlləsi ilə tənzimlənir”.
Bu sözləri SİA-ya açıqlamasında Əlövsət Allahverdiyev deyib.

O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən, əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyətidir və fərdi qaydada müəyyən edilən şəxslərə tətbiq olunur. Əfvetmə haqqında qərar Prezidentin sərəncamı ilə rəsmiləşdirilir:
”Əfvetmə həm Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə, həm də başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunaraq cəzasını Azərbaycanda çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil oluna bilər.
Prezidentin əfv sərəncamı ilə
•məhkum cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər;
•cəzanın müddəti azaldıla bilər;
•cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər;
•ömürlük azadlıqdan məhrum edilmiş şəxsin cəzası 25 ildən çox olmayan müddətli azadlıqdan məhrumetmə ilə əvəz edilə bilər;
•cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Əfvetmə şəxsi bəraətləndirmir və cinayətin törədilməsi faktını aradan qaldırmır. Bu, dövlət tərəfindən göstərilən humanizm aktı hesab olunur.
Əfvetmə məsələləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 82-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə:
- əfvetmə yalnız Prezident tərəfindən həyata keçirilir;
- məhkum cəzanın qalan hissəsindən azad edilə, cəza müddəti azaldıla və ya daha yüngül cəza ilə əvəz edilə bilər;
- ömürlük həbs cəzası əfv qaydasında 25 ildən çox olmayan müddətli həbs cəzası ilə əvəz oluna bilər;
- əfv aktı ilə məhkumluq da götürülə bilər.
Qətl törətmiş və ya digər ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin əfv olunma ehtimalı isə bir sıra meyarlar əsasında qiymətləndirilir. Xüsusilə aşağıdakı hallar nəzərə alınır:
- məhkumun davranışı və islah olunma səviyyəsi;
- törədilmiş əmələ görə peşmançılıq hissi;
- zərərçəkmiş tərəflə barışıq və ya münasibətlərin vəziyyəti;
- vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi;
- məhkumun sağlamlıq vəziyyəti;
- ailə və sosial vəziyyəti;
- cəza müddətinin hansı hissəsinin çəkilməsi;
- penitensiar müəssisədən verilən müsbət xarakteristika;
- əvvəllər məhkum olunub-olunmaması və digər hüquqi hallar.
Əfvetmə barədə müraciət də müəyyən müddətlərdən sonra verilə bilər. Bir qayda olaraq:
- az ağır cinayətlərə görə məhkum olunan şəxslər cəzanın ən azı üçdə birini çəkdikdən sonra;
- ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan şəxslər cəzanın ən azı yarısını çəkdikdən sonra;
- ömürlük həbs cəzası alan şəxslər isə ən azı 10 il cəza çəkdikdən sonra əfv üçün müraciət edə bilərlər.
Əfvetmə barədə müraciətdə məhkumun şəxsiyyəti, hökm barədə məlumatlar, cəza müddəti, ailə vəziyyəti, səhhəti, peşmançılıq hissi, vurulmuş ziyanın ödənilməsi və əfvin mümkünlüyünü əsaslandıran digər hallar ətraflı göstərilməlidir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB