Gənclər hansı sahələri seçsə daha uğurlu olar? - AÇIQLANDI

“Ümumilikdə, qlobal iqtisadiyyatda ən gəlirli və perspektivli sahələr hazırda əsasən rəqəmsallaşma, demoqrafik dəyişikliklər və yaşıl enerji keçidi ətrafında formalaşır. Bu istiqamətlər yalnız iqtisadi tendensiyalar deyil, eyni zamanda dünyanın üzləşdiyi qlobal çağırışlara verilən cavablar kimi qiymətləndirilir”.

Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyinin sədri İlqar Orucov deyib.

O bildirib ki, ilk növbədə, rəqəmsallaşmanın sürətlənməsi kibertəhlükəsizlik sahəsinə olan ehtiyacı ciddi şəkildə artırıb. Şirkətlərin və dövlət qurumlarının rəqəmsal infrastrukturlara keçidi kibercinayətkarlıq risklərini yüksəldir. Bu isə informasiya təhlükəsizliyi üzrə mütəxəssislərə olan tələbi strateji səviyyəyə çatdırır. Eyni zamanda proqram təminatı, süni intellekt, bulud texnologiyaları və məlumat analitikası kimi istiqamətlər də yüksək gəlir gətirən sahələr sırasında yer alır. Müasir iqtisadiyyat artıq texnologiya əsaslı inkişaf modelinə keçdiyi üçün bu sahələrdə çalışan ixtisaslı kadrlara ehtiyac sürətlə artır:

”Digər mühüm istiqamətlərdən biri səhiyyə və biotexnologiya sahəsidir. Xüsusilə COVID-19 pandemiyasından sonra insanların sağlamlıq məsələlərinə marağı əhəmiyyətli dərəcədə yüksəlib. Gen mühəndisliyi, gen terapiyası, peyvənd texnologiyaları və biotexnoloji startaplar artıq qlobal iqtisadiyyatda milyardlarla dollar dövriyyəyə malik sahələr hesab olunur. Bu tendensiya həm elmi tədqiqatların, həm də yüksək ixtisaslı tibbi və texnoloji kadrların hazırlanmasını sürətləndirir.

Bununla yanaşı, estetik və regenerativ tibb də sürətlə inkişaf edən sahələr sırasındadır. Yaşlanma əleyhinə terapiyalar, plastik cərrahiyyə və bərpaedici tibbi xidmətlərə maraq dünya miqyasında artmaqdadır. Əhalinin yaşlanması və həyat keyfiyyətinə verilən önəmin yüksəlməsi bu istiqamətdə iqtisadi potensialı daha da artırır.

Rəqəmsallaşmanın səhiyyəyə inteqrasiyası isə yeni imkanlar yaradır. Teletibb platformaları, ağıllı tibbi cihazlar və daşına bilən tibbi texnologiyaların istehsalı sürətlə genişlənir. Bu proses həm tibb sahəsində, həm də mühəndislik istiqamətində yeni nəsil mütəxəssislərə ehtiyac formalaşdırır.

Eyni zamanda enerji və dayanıqlı inkişaf istiqaməti də gələcəyin əsas iqtisadi sahələrindən biri hesab olunur. Günəş, külək və hidrogen enerjisi layihələri, eləcə də enerji saxlama texnologiyaları artıq dünyanın enerji siyasətində əsas prioritetlərdən birinə çevrilib. Qlobal miqyasda “sıfır karbon” hədəfləri və yaşıl iqtisadiyyata keçid enerji sektorunda böyük transformasiya yaradır. Bu isə həm mühəndislik, həm də texnoloji innovasiya sahələrində yeni iş imkanları formalaşdırır.

Bundan əlavə, ekoloji, sosial və korporativ idarəetmə istiqamətində fəaliyyət göstərən konsaltinq xidmətlərinə də ciddi ehtiyac yaranıb. Beynəlxalq şirkətlərin yaşıl standartlara uyğun fəaliyyət göstərməsi üçün audit, strateji planlaşdırma və məsləhət xidmətləri xüsusi əhəmiyyət qazanır. Bu baxımdan, dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahələri yaxın illərdə ən yüksək gəlir potensialına malik istiqamətlərdən biri kimi qiymətləndirilir.

Xüsusilə son illərdə elektrikli nəqliyyat infrastrukturunun formalaşması, elektrikli avtomobillər üçün enerji doldurma stansiyalarının qurulması və proqram təminatlı idarəetmə şəbəkələrinin yaradılması yeni iqtisadi transformasiyanın əsas istiqamətlərindən birinə çevrilib. Bu proseslər göstərir ki, rəqəmsallaşma, süni intellekt və enerji təhlükəsizliyi artıq yalnız texnoloji anlayışlar deyil, həm də əmək bazarını yenidən formalaşdıran strateji faktorlar kimi çıxış edir. Nəticə etibarilə, yeni nəsil mütəxəssislərə ehtiyac artır, ənənəvi peşələrin bir qismi isə tədricən aktuallığını itirməyə başlayır.

Digər tərəfdən, maliyyə sektorunda da ciddi transformasiya müşahidə olunur. Blokçeyn əsaslı ödəniş sistemləri, neo-banklar, rəqəmsal bankçılıq və mərkəzləşdirilməmiş maliyyə mexanizmləri artıq qlobal maliyyə bazarının simasını dəyişir. Alqoritmik və kvant əsaslı ticarət sistemlərinin inkişafı nəticəsində süni intellekt vasitəsilə idarə olunan investisiya fondları meydana çıxır. Bu isə maliyyə bazarlarında riyazi modelləşdirmə, məlumat analitikası və texnoloji idarəetmə üzrə yüksək ixtisaslı kadrlara tələbi artırır.

Mən hesab edirəm ki, qeyd olunan istiqamətlər yalnız bu günün deyil, həm də gələcəyin ən perspektivli və yüksək gəlir vəd edən sahələridir. Bu ixtisaslar yaxın onilliklər ərzində də əmək bazarında xüsusi əhəmiyyət daşıyacaq. Ona görə də universitetlər və təhsil müəssisələri artıq yeni reallıqlara uyğun şəkildə transformasiya olunmalıdır. Təhsil proqramları yenilənməli, proqram təminatı və tədris məzmunu müasir qlobal çağırışlara uyğunlaşdırılmalıdır. Eyni zamanda pedaqoji heyətin peşəkar inkişafına və yeni nəsil kadr hazırlığına ciddi ehtiyac var.

Hazırda Azərbaycanın əmək bazarı müəyyən mənada məhdud çərçivəyə malikdir. Bu səbəbdən universitetlər yalnız daxili bazarın deyil, qlobal əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlamağı prioritetə çevirməlidirlər. Müasir dövrdə ali təhsil müəssisələrinin əsas missiyası yalnız diplom vermək deyil, həm də beynəlxalq rəqabətə davamlı, yüksək peşəkar insan kapitalı formalaşdırmaqdır.

Bir insanın bakalavr, magistratura və doktorantura mərhələlərində illərlə aldığı təhsilin əmək bazarında özünü doğrultmaması həm fərd, həm də dövlət üçün ciddi itki hesab oluna bilər. Bu baxımdan məsələ tənqid deyil, daha çox strateji yanaşma və inkişaf çağırışıdır. Universitetlər artıq ənənəvi və formal yanaşmalardan uzaqlaşmalı, əmək bazarına real inteqrasiya edə bilən çevik təhsil modellərinə keçməlidirlər.

Mən hesab edirəm ki, Azərbaycanın sürətli və davamlı inkişafı üçün insan kapitalının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Təbii resurslardan asılı olmayan iqtisadi modelin formalaşdırılması, innovativ texnologiyaların inkişafı və yeni bilik iqtisadiyyatının qurulması gələcəyin əsas prioritetlərindəndir. Bu istiqamətdə həm dövlətin, həm də ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür.

Ölkə rəhbərliyi tərəfindən də insan kapitalının inkişafı, elm və innovasiyaların dəstəklənməsi ilə bağlı mühüm çağırışlar səsləndirilir. Elmi mərkəzlərin, universitetlərin və akademik institutların qlobal trendlərə uyğun şəkildə yenilənməsi artıq zamanın tələbidir. Çünki gələcəyin iqtisadiyyatı məhz bilik, texnologiya və innovasiya üzərində qurulur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə