Gənclərdə baş verən təzyiqin səbəbi nədir? - HƏKİM DANIŞDI

"Qan təzyiqi bildiyimiz arterial təzyiqdir". Bu sözləri SİA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinin müdiri Səbinə Babayeva deyib.

O bildirib ki, qan təzyiqi millimetr civə sütunu ilə ölçülür və iki ədədlə göstərilir: "Birincisi (sistolik təzyiq) ürək əzələsinin yığılması zamanı, ikincisi isə (diastolik təzyiq) ürəyin iki yığılma arasında yaranan təzyiqin göstəricisidir. Buna adətən "yuxarı və aşağı təzyiq"deyilir.

Gənclərdə qan təzyiqi qalxa bilər, amma daha çox yanaşı xəstəliklər nəticəsində olacaq. Bu, endokrin xəstəliklərlə bağlı ola bilər, yaxud da, böyrək problemləri ilə bağlı ola bilər.

Yüksək arterial təzyiqin bir çox hallarda heç bir əlaməti olmadığı üçün xəstə bu barədə məlumatsız ola bilər. Buna görə də hər bir insan ən azı 3 ildən bir mütləq təzyiqini ölçdürməlidir. Arterial qan təzyiqi bəzi əhali qruplarında daha tez-tez, yəni ən azı ildə iki dəfə yoxlanmalıdır.

Endokrin xəstəliklərdə tiroid vəzidə problem olarsa, hipotireoz olarsa, o zaman qan təzyiqi qalxa bilər, böyrəkdə problem olarsa, o zaman gənclərdə təzyiq ola bilər.

Təzyiqin düşməsi isə daha çox periferik damar müqavimətinin zəif olmasına, simpatik sinir sisteminin aktivliyinə bağlıdır. Simpatik sinir sistemi çox aktiv deyilsə, qan azlığı varsa, həmin gənclərdə də təzyiq düşməsi yaşana bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə