Səhiyyə Nazirliyi vətəndaşlar üçün nə planlayır?

Artıq kağız reseptlərə əlvida deyəcəyik. Dərmanlar elektron reseptlərlə təyin olunacaq, elə apteklərdən də məhz elektron reseptlə alınacaq. Elektron resept kağız reseptin rəqəmsal versiyasıdır. Üstünlüyü isə budur ki, vətəndaşın hansı xəstəliyə qarşı hansı müalicə aldığı, hansı dərman preparatlarından istifadə etdiyi bilinəcək. Sistemin tətbiqi reseptlərin səhv şərhini aradan qaldıracaq, həkimlərin məsuliyyətini daha da artıracaq ki, bu da bir çox neqativ halların qarşısını almış olacaq. Məsələn, dövlət qeydiyyatında olmayan dərmanlar bu vasitə ilə artıq yazıla bilməyəcək. Sistemin bütün ölkə ərazisində tətbiq olunması yanvar ayının 1-dən nəzərdə tutulur. SİA mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

SN-in şöbə müdiri Kəbutər Mövsümlü: "Reseptlərin əldə olunması qaydalarına gəldikdə isə vətəndaşlar tibb müəssisəsinə müraciət etdikləri zaman onların FİN koduna əsasən həkim tərəfindən elektron resept tərtib olunaraq mərkəzi uçot sistemi bazasına ötürüləcək. Daha sonra vətəndaşlar öz şəxsi kabinetlərində onlara göndərilmiş elektron reseptin nömrəsinə görə PR kod vasitəsilə və ya şəxsiyyət vəsiqəsinin FİN nömrəsini əczaçılıq müəssisəsinə təqdim edərək tələb olunan dərman preparatlarını əldə edə biləcəklər. Eyni zamanda, aptekdə satışı həyata keçirən məsul şəxs də sistemə daxil olaraq vətəndaşa tərtib olunmuş elektron resepti görə biləcək və həmin reseptdə yazılmış dərmanlarla vətəndaşı təmin edə biləcək". Prosesin effektivliyini təmin etmək üçün xəstəxanaların informasiya texnologiyaları sistemi təbii ki, təkmilləşdirilməlidir.

Bəs Azərbaycanın səhiyyə sistemi, xəstəxanalarımız elektron reseptlərə keçməyə hazırdırmı?

Tibb elmləri doktoru, professor Adil Qeybulla: "Şəffaflığı yaratmaq üçün lazım olan sistem, ya da donor haqqında qanun fəaliyyətə başlasa da, yəni, bu, sistem olmasa mümkün deyil. Bu baxımdan, səhiyyəni sistemə çevirmək lazımdır. Bunun üçün də vahid bir proqram olmalıdır. Bu proqram Azərbaycan səhiyyəsinin, ölkə ərazisinin sərhədlərindən içəridə, hər yerində olan prosesləri həmin sistemdə izləmək imkanı verməlidir. Hələlik, bu yoxdur. Adi bir randevu sistemini yaratmaq hələ mümkün olmayıb. Yəni biz elektron sistemi yaratmalıyıq. Elektron reseptlər də çox vacibdir. Ona görə ki, klinik protokollara uyğun dərmanların təyin edilməsi məsələsi çox vacibdir. Biz bilirik ki, bu gün bundan sui-istifadə halları da var. Bəzən dərmanların xəstələrə həddindən çox yazılması, lazım olmayan dərmanların yazılması, ayrı-ayrı həkimlərin "bu mənim üsulumdur" deyərək istifadə etməsi hallarına rast gəlirik. Bunlar yolverilməzdir. Klinik protokollar ortada olmaldır. Bütün fəaliyyət buna uyğun həyata keçirilməlidir. Əks halda kağız üzərində qala bilər". Dünyanın hər yerində xəstəliklərin dinamikası elektron reyestrdə qeydə alınır və izlənilir. Bu gün ölkəmizdə hansı xəstəlikdən nə qədər xəstənin əziyyət çəkdiyini dəqiq bilmək üçün də sistemin tez bir zamanda effektiv işə düşməsi daha məqsədəuyğundur.
Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə