BŞDYPİ rəsmisi: Piyadavurmalarla nəticələnən qəzalar əsasən diqqətsizlikdən baş verir
Paytaxt ərazisində piyadavurmaların sayı yaz-yay aylarında xüsusilə çox olur. Qəzalar nizamlanmayan piyada keçidlərində də baş verir.
SİA xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis mayoru Toğrul Nəsirli "Müasir şəhərsalmada piyada təhlükəsizliyi" mövzusunda keçirilən ictimai dinləmədə bildirib.
O deyib ki, piyadavurmalarla nəticələnən qəzalar əsasən diqqətsizlikdən baş verir. "Qulaqcıqdan, mobil telefondan istifadə edirlər. Maraqlıdır ki, bəzi valideynlər uşaqlarını yol hərəkəti qaydalarını pozmağa sövq edirlər. Abbas Mirzə Şərifzadə küçəsində bunu müşahidə edirik", - deyə Toğrul Nəsirli diqqətə çatdırıb.
BŞDYPİ-nin nümayəndəsi yol hərəkətinin təhlükəsizliyində maarifləndirmənin əhəmiyyətini də vurğulayıb: "Məktəblərdə, universitetlərdə yol hərəkət ilə bağlı qaydalar aşılanmalıdır. Təhsil müəssisələrində dərs bitməmişdən 5 dəqiqə əvvəl müəllimlərin şagirdlərə və tələbələrə evə gedərkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi və onları evdə gözləyənlərin olduğunu xatırlatması çox önəmlidir. Çünki bu çağırışlar insanları daha diqqətli olmağa sövq edir. Təbii ki, bu qaydaları aşılayan müəllimlərin də nümunə olmaları, qaydalara tam əməl etmələri zəruridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB