Buna əməl etməyən şəxs rüşvətxor məmur qədərdir - MÜSAHİBƏ

Təhsil eksperti Kamran Əsədovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Vahid məktəbli forması vacibdirmi? Bunun şərt olması nə dərəcədə düzgündür?

- Bu məsələ ciddi müzakirə predmetinə çevrilib. Sovetlər dönəmində Azərbaycanda vahid məktəbli formasından istifadə olunurdu. Müstəqillik dövründə baş verən proseslər insanlar tərəfindən vahid formanın istifadəsini məhdudlaşdırdı. Azərbaycanda vahid məktəbli forması 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" qanunda, 2011-ci ildə qəbul edilmiş Orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsində ilk dəfə olaraq irəli sürüldü. Bunun əsas məqsədi o idi ki, insanlar arasında sosial bərabərlik baş versin. Həmçinin, şagirdin və tələbələrin diqqətini yayındıran proseslər baş verməsin. Etiraf edək ki, şagirdlərin geyimi müəyyən qədər tədrisin gedişatına öz mənfi təsirini göstərir. Lakin mövcud qanunvericilik deyir ki, birmənalı şəkildə məktəbli formasından istifadə olunmalıdır. Bu əslində məcburi deyil, tövsiyyə xarakterlidir. Amma hər bir məktəbin daxili nizam-intizam qaydalarına əsaslanaraq şagirdlərin vahid formada məktəbə gəlməsi vacib tələb olaraq ortaya qoyula bilər. Bu kiminsə azadlığının məhdudlaşdırılması anlamına gəlməməlidir.

Qeyd edim ki, ölkənin 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird var. Təsəvvür edin ki, onların hər biri müxtəlif geyimdən istifadə etsə bura məktəbdən çox başqa ictimai iaşə obyektinə bənzəyər. Xüsusən yuxarı siniflərdə sərbəst geyimə icazə versək, bu tədrisin gedişatına öz mənfi təsirini göstərəcək. Vahid forma tələb edən direktorlar bilməlidir ki, sizin şagirdlərinizin heç də hamısı sizin kimi zəngin deyil. Onlar bir məktəbli formasını 2-3 il geyinirlər. Daha sonra bacı-qardaşlarına ötürürlər. Ona görə də anlayışla yanaşmaq lazımdır. Hamının maddi imakanı eyni deyil. Bir uşağın üzrlü səbəbdən vahid məktəbli forması geyinməməsi həmin məktəbin nizam-intizam qaydalarını poza bilməz. Lakin kütləvi hal alarsa bu problemdir. Əziz direktorlar, sizin oturduğunuz kreslo daimi və davamlı deyil. Bir baxın ki, o kresloya nə qədər insan gəlib-gedib.

- Hər üç ildən bir formalar dəyişdirilməlidirmi?

- İlk öncə yeni formaya niyə keçildiyini qeyd edim. İndiki formalar ona görə narahatdır ki, bizim öz məhsulumuz deyil. Bu o demək deyil ki, forma 3 ildən bir dəyişilməlidir. Dəyişə bilər, lakin bu da məktəbin pedoqoji şurasının qərarı ilə əsaslandırılacaq. İlk dəfə olaraq Azərbaycanda 1,6 milyon şagird üçün yay və qış bahid geyimi tətbiq edilir. Bu o deməkdir ki, valideyn ən azı iki geyim alacaq.

- Məktəblərdə ciddi problemlərdən biri də kişi müəllimlərin az olması ilə bağlıdır. Bu nədən qaynaqlanır?

- Hal-hazırda ölkənin orta ümumtəhsil məktəblərində 151 min müəllim var. Dəhşətlisi odur ki, onlardan 81 faizi qadın, 19 faizi isə kişi müəllimlərdir. Digər bir dəhşət isə həmin o kişi müəllimlərin 60 faizə qədərinin yaşı 50-dən çoxdur. Hazırda müəllimlərin aldığı əmək haqqı ailə başçısı kimi onların ailə dolandırması üçün uyğun deyil. Bir insan 18 saat işləyib ayda 500 manat alsa da bu onun kommunal xərclərini ancaq ödəyəcək. Bu insan nəqliyyat vasitəsindən də istifadə edir. Müəllimləri kommunal xərclərdən azad etməliyik ki, aldığı əmək haqqı ona çatsın. Həmçinin, müəyyən saatlarda da nqəliyyat xərclərindən azad edilməlidir. Dərs yükü də 18 saatdan 12 saata düşməlidir. Müəllimlərə ciddi güzəştlər olunmalıdır. Bu günləri gənc oğlanlar müəllim olmaq istəmirlər. Çünki onların təminatları yoxdur. Biz onlara güzəştli şərtlərlə mənzil verməliyik.

- Kurikulumun təhsilə təsiri nə dərəcədə təsiri var?

- Kurikulum qeyri-adi bir şey deyil. Bu təhsil sənətidir. Sadəcə olaraq bizim müəllimlərimiz yeni təhsil metoduna hazırlaşmırlar. Kurikulum yeni təhsil metodudur. Müəllim kurikulm istəmirsə, deməli dərs olmasın? Kurikulum problemi o oldu ki, biz yeni təhsil standartlarına birdən-birə keçid etdik. Əvvəla bizim dərsliklərimiz ona uyğun deyildi. Kurikulum standartları ilə dərs keçmək üçün müəllimə ən azı 1500 manat maaş verilməlidir. Onun bu dərsi keçmək üçün hər bir şəraiti təmin edilməlidir. Bu halda müəllimlər də bir dəfə partanı birləşdirib bir dəfə ayırıb kurikulum adı ilə dərs keçirlər.

- Məktəblərdə pul verilməyən sinif niyə təmizlənmir?

- Nazirlər Kabinetinin 2011-ci ildəki 171 saylı qərarına əsasən hər bir təhsil müəssisəsinin əsas tələb olaraq ortaya qoyulur. Bu digər qanunvericilik aktlarında da öz əksini tapır. Əgər məktəbdə təmizlik işçisi və ya direktor müavini öz vəzifəsini yeirnə yetirmirsə bu tərbiyəsizlikdir. Sizin əməkhaqqınız sizi qane etməyə bilər. Amma əməkhaqqınızın azlığı şagirdin günahı deyil. Siz bu işə qəbul olanda əməkhaqqını da, öhtəliyinizi də bilirdiniz. Qanunvericiliyə əsasən hər gün tədris prosesi başlayana qədər məktəbin təmizliyinə cavabdeh şəxslər təhsil müəssisəini tam təmiz hala gətirməlidir. Buna əməl etməyən şəxs rüşvətxor məmur qədər əxlaqsızdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə