Övladlarımızda təhsilə olan istəksizliyin SƏBƏBLƏRİ NƏLƏRDİR? - SORĞU

Övladlarımızda təhsilə olan istəksizliyin SƏBƏBLƏRİ NƏLƏRDİR? - SORĞU

İstedad sonradan qazanılmır, insanın özü ilə doğulur. Elə uşaqlar olur ki, zamanında bu istedadı inkişaf etdirə bilmir, istedad onun daxilində, ürəyinin bir küncündə dəfn olunur. O bilir ki, içində doğulan, lakin ayaq tutub yerimək səadətini yaşamayan bir aləm yatır. Əlbəttə, bu, insana hər zaman ağrı verir. Bəzi hallarda valideynlərin, müəllimlərin onlara qayğı göstərməməsi səbəbindən istedad cilalanıb üzə çıxa bilmir. Bəs burada təhsilin rolu necədir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Rüstəm Cəfərov: “İnsanlar arasında elmə maraq qətiyyən yoxdur. Xüsusilə, dəqiq elmlərə, fizika, kimya, riyaziyyata və s. həvəs azalıb. Hər şeyin əsasını iqtisadiyyat təşkil edir ki, burada başlıca səbəb müəllimlərin, təhsil ocaqlarındakı kadrların maaşlarının az olması ilə əlaqədardır. Çünki maaş az olduqda, istər-istəməz həmin müəllimin o işə həvəsi azalır və onunla birlikdə potensialı da azalır”.

Şəhər sakini Bikəxanım Qasımova: “Burada başlıca səbəb uşaqların özündə olan istəksizlikdir. Çünki onların maraq dairəsində bu dəqiqə telefon, sosial şəbəkələrdir. Belə olduğu halda biz valideynlər də düşünürük ki, onların gələcəyi görəsən necə olacaq? Bizi ən çox narahat edən məsələlərdən biri də budur. Bu barədə maarifləndirici işlər görülməlidir, kitablara, dərsliklərə, elmə maraq oyadılmalıdır ki, ən azından övladlarımız bir az da olsa, həvəsli olsunlar”.

Şəhər sakini Nizami Aslanov: “Düşünürəm ki, burada əsas faktor, bizim övladlarımıza, balalarımıza təhsili aşılayan müəllimlərimizin maddi vəziyyətinin yaxşılaşdırılmasıdır. Çünki elə dövlətlər var ki, orada müəllimlərin, pedaqoji heyyətin maaşları bizim ölkəyə nisbətən çox yüksək səviyyədədir. Düzdür ki, dövlətimizin elmə, təhsilə ayırdığı diqqət danılmazdır. Lakin burada əksik olan xüsusları da vurğulamalıyıq. Burada dövlətdən əlavə ailənin də rolu böyükdür. Uşaqlara yanaşmaq, onların gündəlik qayğılarını dinləmək, onlara psixoloji yardım göstərmək, valideynlərin öhdəsində olmalıdır. Körpələrlə danışmağı onların dərdinə qulaq asmağı və hətta öz problemlərini də onlarla bölüşməyi öyrənməlidirlər”.

Şəhər sakini İlahə Məmmədova: “Məncə, təhsil sistemində yeni və gənc kadrlar olsa uşağın həm dərsə, həm də məktəbə marağı olar. Həmin məktəbə gələndə üzülərək yox məhz can ataraq gələ bilər. Bəzi yaşlı kadrlar uşaqlarla davranış tərzini bilmirlər. Çünki onlarda hövsələ olmur ki, uşaqla yola gedə bilsinlər. Bu səbəbdən də uşaqlarda təhsilə həvəs azalır”.

Şəhər sakini Kamil Məmmədov: “Əminəm ki, dövlətimiz bu barədə mümkün variantlardan istifadə edir və təhsilə diqqət ayırır. Təhsil ocaqları həm təhsilin yüksək səviyyədə keçməsinə, həm də şagirdlərin, kollektivin sağlamlığının, səhhətinin gözlənilməsi istiqamətində müvafiq fəaliyyətləri həyata keçirir. Biz belə addımları bəyənirik və tərəfdarıyıq”.

Şəhər sakini Əyyub Kərimov: “Düşünürəm ki, birinci növbədə təhsilimizi daha müasir səviyyəyə qaldırmaq üçün bir nömrəli məsələ onun maddi texniki bazasının yüksəldilməsidir. İkinci və ən mühüm məsələ isə dərs deyən müəllimlərin əmək haqlarının yüksəldilməsidir. Çünki yaxşı əməkhaqqı olmasa insan enerjisini, gücünü ona görə sərf edir ki, yaxşı yaşayış tərzi olsun. Üstəlik hesab edirəm ki, bizim təhsilimizdə ən mühüm problemlərdən biri də ondan ibarətdir ki, hamıya ümumi, stabil dərs keçilir və ixtisası olmayan şagirdlər də məcburdular ki, həmin dərsləri oxusunlar. Burada da problemlər yaranır ki, şagird öz fənni, ixtisası üzrə ixtisaslaşa bilmir və buna görə də təhsilə maraq azalır”.

Şəhər sakini Nuriyə Namazova: “Mənim fikrimcə, burada təhsil ocaqlarında olan texniki bazaların səviyyəsi olduqca aşağıdır. Məktəblərdə dərs zamanı laboratoriyalardan istifadə edilmir və həmin şagird dərsdə tam olaraq nədən söhbət getdiyini qavramır. Digər ölkələrə baxdıqda görürük ki, şagirdlərə dərs zamanı kimya fənnindən reaksiyalar əyani olaraq göstərilir və şagird maddəni görür və tanıyır. Lakin bizdə bu, çox da görülmür. Düşünürəm ki, belə məsələlərə diqqət göstərilsə, təhsil səviyyəmiz daha yaxşı olar”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə