"İlk növbədə aydın məsələdir ki, xüsusilə son illərdə mənzil qiymətləri kəskin şəkildə artım göstərir. Bu gün xüsusilə Bakı şəhərində mənzillərin qiymətləri müxtəlif ərazilərdə fərqli olsa da, əsasən adi mənzillər təxminən 200 min manatdan başlayır, 350-400 min manata və daha yuxarı qiymətlərə qədər yüksəlir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı alim Altay İsmayılov deyib.

Onun sözlərinə görə, yəni qiymətlər həddindən artıq artıb:
"İpoteka ödənişlərinə gəlincə, bildiyiniz kimi, Azərbaycanda sosial, yəni güzəştli ipoteka mövcuddur. Güzəştli ipotekada faiz dərəcəsi 4 faizdir və 100 min manat limit var. Digər banklar vasitəsilə verilən ipotekalarda isə faiz dərəcəsi 8 faizdir və praktikada 150 min manata qədər ipoteka krediti ayrılır.
Əlbəttə ki, mənzilin qiyməti ilə müqayisədə görürük ki, bu, həddindən artıq az bir rəqəmdir. Və illərlə bu vəziyyət belə davam edir. Yəni mənzil qiymətləri bu qaydaların qəbul olunduğu dövrlə müqayisədə bəlkə də iki dəfədən çox artıb. Amma həmin limitlər olduğu kimi qalır. Ona görə də buradakı fərq ildən-ilə artır. Hər il mənzil qiymətləri artır, amma limit dəyişmir.
Digər tərəfdən, orta əmək haqqına baxaq. Azərbaycanda orta aylıq əmək haqqı təxminən 1 072 manat səviyyəsindədir. Amma ipoteka kreditləri daha çox gənc ailələr və gəlir səviyyəsi yüksək olmayan insanlar üçün nəzərdə tutulduğuna görə burada median əmək haqqı daha əhəmiyyətlidir. Median əmək haqqı isə bu gün Azərbaycanda təxminən 500 manat ətrafındadır.
Əgər qəbul etsək ki, 1 000 manat əmək haqqı alan və ya median əmək haqqı səviyyəsində çalışan insanlar əhalinin böyük hissəsini təşkil edir, bu kateqoriya üçün ümumiyyətlə ipoteka krediti götürmək çox çətindir. Gənc ailəni nümunə götürsək, ailədə yalnız bir nəfər işləyirsə və orta əmək haqqı səviyyəsində gəlir əldə edirsə, onun ipoteka krediti götürməsi faktiki olaraq mümkün deyil. Yalnız ər-arvadın hər ikisi işlədiyi halda ipoteka krediti götürmək mümkün olur.
Amma burada da başqa problem yaranır. Çünki 100 min manat kredit götürdükdə belə, həmin məbləğə mənzil almaq mümkün olmur. Bu baxımdan ipoteka krediti artıq alınacaq mənzilin yalnız bir hissəsinin xərcini qarşılayan alətə çevrilib.
Nəticədə gənc ailələrin indiki ipoteka şərtləri ilə mənzil sahibi olması yalnız şəhərin kənarında yerləşən, kiçik sahəli və köhnə binalardakı mənzillərlə mümkün görünür. Normal və layiqli mənzil almaq isə faktiki olaraq mövcud ipoteka kreditləri ilə mümkün deyil.
Bu prosesdə yeni mexanizmlərə ehtiyac varmı? Düşünürəm ki, var. Bir tərəfdən əsas məsələ gəlirlər səviyyəsidir. Gəlirlər artmadığı müddətdə hansı mexanizm tətbiq olunursa-olunsun, çətinliklər qalacaq. Beynəlxalq təcrübədə mənzilin qiyməti ilə illik gəlir arasındakı nisbət əsas götürülür. Bizdə isə bu nisbət kifayət qədər yüksəkdir.
Digər tərəfdən, mövcud limitlərə yenidən baxılmalıdır. İlk növbədə ipotekada tətbiq olunan 100 min manatlıq limit artırılmalıdır. Eyni zamanda ipoteka fonduna ayrılan vəsait də artırıla bilər.
Bundan əlavə, beynəlxalq təcrübədə sosial mənzil proqramları geniş tətbiq olunur. Azərbaycanda da belə layihələr həyata keçirildi. Lakin onların həcmi bazarın tələbatı ilə müqayisədə çox kiçik olduğundan mənzillər saniyələr ərzində satıldı. Bu isə göstərdi ki, bazarda ciddi tələb var.
Bu baxımdan dövlət bələdiyyə torpaqlarında daha kütləvi mənzil tikintisi həyata keçirə və bu prosesi səmərəli mexanizmlərlə tənzimləyə bilər. Bu halda bazarda mənzil təklifi artar və təklifin artması qiymətlərin stabilləşməsinə, hətta müəyyən qədər aşağı düşməsinə səbəb ola bilər.
Amma indiki şəraitdə bu, real görünmür. Çünki tikilən mənzillərin sayı azalır, xüsusilə Bakı şəhərində. Eyni zamanda gəlirlərdə ciddi artım yoxdur və bazarda pul dövriyyəsi zəifdir. Nəticədə mənzil bazarında qiymətlərin normal hesab olunmayan şəkildə artması davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB