"Neft qiymətlərində son dövrlərdə müəyyən dəyişikliklərin baş verməsi əsasən Hörmüz boğazında baş verən hadisələrlə əlaqədardır. Son dörd-beş ay ərzində neft qiymətlərinə ən ciddi təsir edən amillərdən biri məhz bu məsələdir. Hörmüz boğazının açılması və ya bağlanması, bağlı qalacağına və ya açıq olacağına dair gözləntilər, ümidlər və bazarda yaranan qeyri-müəyyənlik neft qiymətlərinə kifayət qədər ciddi təsir göstərir".
SİA mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimlinin fikirlərini öyrənib.
_(2).jpg)
O bildirib ki, neft qiymətlərindəki bu artımın qlobal iqtisadiyyata təsiri olduğu kimi, Azərbaycanın iqtisadi göstəricilərinə, dövlət büdcəsinə və manatın məzənnəsinə də müəyyən təsirləri var:
"Lakin bu təsirin Azərbaycanın iqtisadi göstəricilərində birbaşa və böyük şəkildə özünü göstərdiyini demək olmaz. Bununla yanaşı, ölkənin valyuta və dövlət ehtiyatlarına təsiri kifayət qədər əhəmiyyətlidir. Neftin qiyməti artdıqda Neft Fondunun gəlirləri artır və nəticədə fonda daha çox vəsait daxil olur.
Amma ümumi daxili məhsulun hesablanması zamanı məsələ bir qədər fərqli yanaşma tələb edir. Azərbaycanda ÜDM istehsal metodu ilə hesablandığı üçün neft hasilatının azalması neft sektorunun ümumi daxili məhsuldakı payının da azalmasına səbəb olur. Son bir neçə ildə neft hasilatının azalması nəticəsində neft ÜDM-i də davamlı şəkildə aşağı düşür. Buna görə də iqtisadi artımın zəifləməsinin səbəblərindən biri məhz neft sektorunda istehsalın azalmasıdır.
Yəni neftin qiymətinin artması avtomatik olaraq ÜDM-in artması demək deyil. Bəzən siyasi savadsız və populist yanaşma sərgiləyən insanlar deyirlər ki, neftin qiyməti qalxıb, amma iqtisadiyyat niyə artmır? Halbuki iqtisadiyyatın hesablanma mexanizmi belə deyil. Neft hasilatı azaldığı üçün neft sektorunun real istehsal göstəriciləri aşağı düşür. Qiymətin artması isə ilk növbədə dövlətin və Neft Fondunun gəlirlərinə təsir edir.
Neftin qiymətinin yüksəlməsi Neft Fondunun gəlirlərini artırır. Eyni zamanda, neft sektorunda fəaliyyət göstərən və dövlət büdcəsinə vergi ödəyən şirkətlərin, o cümlədən BP kimi şirkətlərin vergi ödənişləri də arta bilər. Bu baxımdan, neft qiymətlərinin yüksəlməsi dövlət büdcəsi üçün də müsbət amildir.
Neftin qiymətinin artmasının manatın məzənnəsinə də müsbət təsiri var. Bunun bir neçə səbəbi mövcuddur. İlk növbədə, ölkənin valyuta gəlirləri artır. Neft ixracından daha çox gəlir əldə olunması ölkəyə daxil olan valyuta vəsaitlərinin artmasına səbəb olur. İkincisi isə burada psixoloji faktor da mövcuddur. Cəmiyyət neft qiymətlərini diqqətlə izləyir və neftin qiymətinin yüksək olması müəyyən mənada manatın dayanıqlığına dair müsbət gözləntiləri gücləndirir. Bu da psixoloji baxımdan milli valyutaya dəstək verir.
Digər tərəfdən, neft qiymətlərinin artmasının qlobal iqtisadiyyata mənfi təsirləri də mövcuddur. Enerji qiymətlərinin yüksəlməsi qlobal inflyasiyanın artmasına səbəb ola bilər. İnflyasiya artdıqda isə iqtisadi artımı stimullaşdırmaq üçün həyata keçirilən tədbirlərin səmərəliliyi və iqtisadi siyasətin imkanları müəyyən qədər məhdudlaşır.
Beləliklə, burada müəyyən ziddiyyətli vəziyyət yaranır: neftin qiymətinin artması dövlət üçün bir sıra müsbət nəticələr yaradır. Dövlət büdcəsinə və Neft Fonduna daha çox vəsait daxil olur, neft sektorunda fəaliyyət göstərən şirkətlərin vergi ödənişləri artır və ölkənin valyuta gəlirləri yüksəlir. Lakin eyni zamanda, qlobal inflyasiyanın artması və idxal olunan məhsulların bahalaşması vətəndaşların gəlirlərinə və alıcılıq qabiliyyətinə mənfi təsir göstərə bilər.
Yəni neftin qiymətinin artmasını yalnız bir tərəfdən qiymətləndirmək düzgün olmaz. Bu artım dövlətin gəlirlərinə və valyuta ehtiyatlarına müsbət təsir göstərə bilər, amma eyni zamanda qlobal və daxili inflyasiyanı artıraraq vətəndaşların xərclərinin yüksəlməsinə səbəb ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB