"Tələbələr üçün asan mexanizm yaradılmalıdır" - TƏHSİL EKSPERTİ AÇIQLADI

"İlk növbədə qeyd edim ki, bir il altı aydan sonra ali və orta ixtisas təhsil müəssisələrində tədrisin bərpa edilməsi birmənalı şəkildə sıxlıq yaradacaq. Biz bilirik ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan və yaşı 18-dən yuxarı olan şəxslərin Covid pasportu olmadan, tədris prosesində iştirakına tam şəkildə məhdudiyyət qoyulacaq". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, 29 sentyabrdan etibarən Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrinə 250 minə yaxın şəxs tədris prosesində iştirak etmək üçün daxil olacağı proqnozlaşdırılırdı: "Çox təəssüflər olsun ki, bəzi ali təhsil müəssisələri prosesi axara buraxıblar və hər hansısa bir qabaqlayıcı tədbir görmürlər. Biz bilirik ki, Nazirlər Kabineti, eyni zamanda, digər təhsil idarəetmə qurumları təhsil müəssisələrinin 29 sentyabrdan açılması ilə bağlı qərarı vermişdilər və öncədən qarşıya çıxılacaq və formalaşacaq problemin proqnozunu vermək o qədər də çətin deyildi. Biz, təhsil müəssisələrinə təkliflər göndərmişdik ki, tədris prosesi başlayan zaman ciddi şəkildə sıxlıq yaranacaq. Yəni, Bakı şəhərindəki ayrı-ayrı universitetlərə baxsaq görərik ki, ali təhsil müəssisələrinin bu qədər tələbənin Covid pasportunu yoxlamaq üçün hər hansısa bir avadanlıqları yoxdur. Problemi dünya təcrübəsinə istinadən həll etmək lazım idi. Biz təklif etmişdik ki, bunun üçün xüsusi proqram təminatlı avadanlıqlar quraşdırılmalıdır. Problem təkcə 29 sentyabrda olmayacaq.

Nəzərə alsaq ki, bu şəxslərin Covid pasportunun olub-olmaması hər gün yoxlanılacaq və bu o deməkdir ki, eyni problem, eyni izdiham hər gün ali təhsil müəssisələrinin qarşısında olacaq. Ona görə biz ali təhsil müəssisələrinə təklif etmişdik ki, yaxşı olar ki, ali, orta ixtisas təhsil müəssisələrinə giriş bir neçə qapıdan tənzimlənsin, yəni, bir qapıdan bu proses həyata keçirilməsin, öncədən bununla bağlı ali təhsil və orta ixtisas təhsil müəssisələrinin sosial şəbəkə hesablarında və digər internet resurslarında tələbələrə məlumat verilsin ki, müvafiq olaraq fakültələr və ixtisaslar üzrə fərqli-fərqli girişlərdən tələbələr daxil olsunlar. Bir girişdən istifadə etmək ən ciddi yanlışlıqdır".

Kamran Əsədov sözlərinə belə davam edib: "İkincisi, ali təhsil müəssisələrinin fakültələr üzrə dərs saatlarını müəyyən fərqli fasilələrlə, vaxtlarla başlamaq lazımdır. Yəni, birində saat 8-də, digərində saat 9-a 20 dəqiqə işləmiş, yəni 20 dəqiqədən bir fasilələrlə fakültələr üzrə tələbələr dəvət edilərsə, bu zaman sıxlıq aradan qaldırılacaq. Üçüncü və ən vacib addım o atılmalı idi ki, ali təhsil müəssisələrinin girişində uzaqdan "face kontrol" yəni, "üztanıma" proqramı tətbiq edilməlidir və eyni zamanda buna uzaqdan temperaturun ölçülməsi üçün proqram təminatı da yerləşdirmək olardı. Yəni, hər gün tələbəni yoxlamağa ehtiyac yoxdur. Bir dəfə tələbəni yoxladıqdan sonra onun üzü artıq proqram təminatında olacaq və artıq proqram həmin tələbənin ali təhsil müəssisəsinə daxil olmasına yaşıl işıq yandıracaq. Artıq sistem görəcək ki, bundan əvvəlki müddətlərdə yoxlama zamanı bu tələbələr Covid pasportu ilə bağlı yoxlanışdan keçiblər, onlar barədə bazada məlumat var və yalnız rəqəmsallaşma, elektronlaşma ilə biz problemi həll edə bilərik. İndiki situasiyada çox təəssüflər olsun ki, ali təhsil müəssisələri qabaqlayıcı heç bir addım atmayıblar və yalnız girişə bir əməkdaş təhkim ediblər və bir əməkdaş da 20-25 min şəxsi yoxlayır və hətta bu 5-10 min nəfər olsa belə bir tələbənin yoxlanılması üçün ən azı 3-4 dəqiqə vaxt gedir. Tələbənin şəxsiyyət vəsiqəsi ilə bağlı məlumat, onun Covid pasportunun olub-olmaması yoxlanılır və bunlar ciddi məsələlərdir və mən hesab edirəm ki, problemi qısa müddət ərzində elektron proqram təminatı tətbiq etməklə aradan qaldırmaq mümkündür".

Bununla yanaşı eyni zamanda hesab edirəm ki, bütün ali təhsil müəssisələri tələbələrinin tələbə kartı elektronlaşdırılmalı, smart-kart formasında və ora təbibin portalından mütləq şəkildə informasiya ötürülməlidir. Yəni Covid pasportunun olması ilə bağlı və həmin şəxslər ali təhsil müəssisəsinə daxil olanda smart tələbə kartını yaxınlaşdıranda artıq onun Covid pasportunun olub-olmaması avtomatik müəyyənləşəcək. Yəni, problemi həll etmək üçün uzun növbələrə, vaxta ehtiyac yoxdur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə