ADA Universitetində 12-ci karyera sərgisi keçirilib - FOTOLAR

Mayın 2-si ADA Universitetində 12-ci Karyera sərgisi keçirilib. SİA xəbər verir ki, “İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən Karyera sərgisində 137 qurum təmsil olunub. ABB-nin tərəfdaşlığı və ADA Universiteti Fondunun dəstəyilə keçirilən sərgi zamanı aprelin 16-dan etibarən fəaliyyətə başlayan Karyera hazırlığı həftəsinə də yekun vurulub.

ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə bu il 12-cisi keçirilən Karyera sərgisinin tələbələrə verdiyi imkanlardan bəhs edib və bu il sərgidə rekord sayda şirkətin iştirak etdiyini bildirib.

ADA Universitetinin Akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov Karyera sərgisinin həm kəmiyyət, həm də keyfiyyət baxımından çox yol qət etdiyini diqqətə çatdırıb və ADA Universiteti ilə işəgötürənlər arasında iş imkanları ilə bağlı müxtəlif mexanizmlərin mövcud olduğunu vurğulayıb.

ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev ABB ilə ADA Universiteti arasında son 4 ildir davam edən əməkdaşlığın Universitet-özəl sektor əlaqələrinin uğurlu nümunələrindən biri olduğunu ifadə edib və əlavə edib ki, bu əlaqələr gələcəkdə də tələbələrin sosial layihələrinin sayının artmasına və onların akademik inkişafına töhfə verəcək.

ABB-nin İnsan Resursları üzrə departamentinin direktoru Məlahət Abdullayeva bildirib ki, ABB bir çox yerli universitetlərlə əməkdaşlıq edir və ADA Universiteti bu siyahıda ilk sıralarda yer alır. Buna səbəb isə ADA Universiteti tələbələrinin təhsil baxımından fərqlənməsidir. Təsadüfi deyil ki, artıq ADA Universitetinin 50 məzunu ABB-də fəaliyyət göstərir.

Sərgi zamanı “Böyük dördlük”dəki şirkətlərin Azərbaycan nümayəndəliyi (“Big four companies”), Energetika, Ədliyyə, İqtisadiyyat və Daxili İşlər Nazirliyi, PAŞA Holdinq və törəmə şirkətləri, o cümlədən bank, turizm, kommunikasiya sahəsindəki tanınmış şirkət və holdinqlər, beynəlxalq təşkilatların nümayəndəlikləri sərgi iştirakçılarına öz fəaliyyət istiqamətləri və karyera imkanları barədə ətraflı məlumat veriblər.

Sərgi ADA Universitetinin tələbə və məzunları üçün potensial işəgötürənlərlə tanış olmaq, tərcümeyi-halını birbaşa onlara təqdim etmək və yerindəcə müsahibələrdə iştirak etmək fürsəti verib.

Əlavə edək ki, bu gün bağlanış mərasimi keçirilən Karyera hazırlığı həftəsində şirkətlərin təşkil etdiyi xüsusi seçimdən keçən 5 tələbənin adı açıqlanıb və onlara həmin şirkətlərdə təcrübə imkanı təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə