"Ciddi bir problem və narazılıq yoxdur" - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

“İmtahanların gedişatı ilə bağlı ümumi olaraq onu qeyd edə bilərəm ki, ilk növbədə imtahan verənlərin təhlükəsizlik məsələsi öndədir. Digər tərəfdən, bu istiqamətdə Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi həm imtahan verənlərin maarifləndirilməsi, həm bütövlükdə gigiyena qaydalarına riayət olunması, imtahan keçirilən ərazilərin sanitar-epidemioloji vəziyyətə müvafiq olaraq hazırlanması və təsis edilməsi ilə bağlı bütün lazım olan işlər həyata keçirilib. Əminəm ki, imtahan verənlərin sağlamlığının qorunması istiqamətində bütün lazımlı addımlar ən yüksək səviyyədə atılıb”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Onun sözlərinə görə, imtahan verənlərin biliyinin qiymətləndirilməsi ilə bağlı test suallarının tərtibi prosesində də pandemiya şəraiti nəzərə alınıb: “Bununla bağlı imtahan suallarında xeyli güzəştlər tətbiq olunur. Tədris olunan fənlərin proqram mövzularının mənimsənilməsinin pandemiya ilə əlaqədar olaraq, çətinliyi nəzərə alınaraq, suallarda müəyyən qədər güzəştlər olur. Təbii ki, bu güzəştlər maksimum səviyyədə ola bilməz”.

Ekspert sözlərinə belə davam edib: “Biz təkcə imtahan verənlərin biliyinin qiymətləndirilməsi ilə deyil, eyni zamanda insanların müvafiq dövrdə pandemiya şəraitində həm sağlamlıqlarının qorunmasını nəzərə alaraq, həm də bütövlükdə insanların pandemiyanın təsiri ilə yaranmış psixoloji gərginliyini artırmamaq baxımından da düşünməliyik. Hesab edirəm ki, imtahan verənlər üçün müvafiq qurumlar lazımi işləri görür. Hələ ki, ciddi bir problem və narazılıq yoxdur. Ümid edirəm ki, yaxşı nəticələr görəcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə