ADU-da “Canlı Tarix-Ömər Eldarovla görüş” adlı tədbir keçirildi FOTOLAR

Azərbaycan Dillər Universitetində (ADU) universitetin İnformasiya Resurs Kompleksinin təşkilatçılığı ilə "Canlı Tarix-Ömər Eldarovla görüş" adlı tədbir keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının xalq rəssamı, əməkdar incəsənət xadimi Ömər Eldarovun yaradıcı fəaliyyətinin və şəxsiyyətinin daha yaxından tanıdılması məqsədi ilə təşkil edilmişdi.

Canlı korifey Ömər Eldarovu universitetdə görməkdən şad olduğunu bildirən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) rektoru, görkəmli xalq rəssamı, məşhur heykəltəraşın həyat və yaradıcılığından söz açdı. Dünyamin Yunusov Ömər Eldarovun yaradıcılıqla yanaşı, Azərbaycanın ictimai və mədəni həyatında fəal iştirak etməsindən, xalq rəssamının mütəmadi olaraq müxtəlif respublika, regional, həmçinin beynəlxalq sərgi və müsabiqələrdə ölkəmizi təmsil etməsindən bəhs etdi, sənətkarın yaradıcı fəaliyyətinin məhsulu olan heykəllərin dünyanın bir çox muzeylərində layiqli yer tutduğunu diqqətə çatdırdı. Dünyamin Yunusov məşhur mədəniyyət və incəsənət xadimi, heykəltəraş Ömər Eldarovun yaradıcılığı və ictimai fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək onun bir sıra mükafatlarla təltif olunduğunu sözlərinə əlavə etdi. Dünyamin Yunusov xalq rəssamına möhkəm can sağlığı, fəaliyyətində yeni-yeni uğurlar arzuladı, universitetin hədiyyəsini rəssama təqdim etdi.

ADRA-nın prorektoru, heykəltəraş Azad Zeynalov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov Ömər Eldarov haqqında danışarkən onun Azərbaycan təsviri incəsənətində sözünü demiş insanlardan biri olduğunu və bu görüşün gənclər üçün mühüm əhəmiyyət kəsb etdiyini, xalq rəssamına məxsus irili-xırdalı 300-dən çox yaradıcılıq nümunələrinin dünya sənətşünasları tərəfindən layiqincə qiymətləndirildiyini, həm sənət adamı, eyni zamanda humanist bir insan kimi yeni nəsilə örnək olduğunu diqqətə çatdırdılar. Onlar, görüşün təşkil edilməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildirdilər. Həmçinin çıxış üçün söz alan ADRA-nın tələbəsi Süleyman Rüstəmov tələbəlik illərindəki təəssüratlarından danışaraq Ömər Eldarovun tələbələrlə xoş münasibətindən, xüsusi qayğısından, onlara həmişə dəstək olmasından bəhs etdi.

İncəsənətin tarixindən danışarkən onun qədim zamanlardan yarandığını, hətta tarixinin daş dövrünə qədər getdiyini bildirən Ömər Eldarov arxeoloji tapıntıların Azərbaycan incəsənətinin dərin köklərə malik olmasından xəbər verdiyini diqqətə çatdırdı. İnsanların XVIII əsrdən bəri

təsviri incəsənətlə məşğul olmağa başlamasını vurğulayan xalq rəssamı sözügedən sənət növünün fiziki faydası olmasa da, mənəvi cəhətdən əhəmiyyətli olduğunu sözlərinə əlavə etdi. Bu mənada o, gənc nəsli təsviri incəsənətə maraq göstərməyə səslədi.

Xalq rəssamı Yaxın Şərqdə müsəlman ölkələri arasında Azərbaycanın opera, dram teatrı, o cümlədən heykəltəraşlıq sənətinin inkişaf etdiyi ilk sivil dövlətlərdən biri olmasını tədbir iştirakçılarının diqqətinə çatdırdı. ADU-da olmaqdan məmnunluğunu dilə gətirən Ömər Eldarov səmimi qəbula və tədbirin təşkil edilməsinə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirdi.

Tədbirdə Ömər Eldarovun imzasını daşıyan, o cümlədən Azərbaycan və digər xarici ölkələrdə yer alan heykəltəraşlıq nümunələrini əks etdirən fotolar təqdim edildi.

Tədbir Ömər Eldarovun sualları cavablandırması ilə yekunlaşdı.

Bütün xəbərlər Facebook səhifəmizdə