Azərbaycanlı alim beynəlxalq konfransda çıxış edib FOTOLAR

Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə Vatikanda "Ortaq Evimiz üçün qayğı: ABŞ və Vatikanın qlobal məsələlərdə iştirakı" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. SİA-nın verdiyi xəbərə görə, konfransda Vatikanda akkreditə olunmuş səfirlər, diplomatik korpus nümayəndələri, müxtəlif dini qrupların liderləri və beynəlxalq xəbər agentliklərinin təmsilçiləri iştirak ediblər.

Konfrans 2015-ci il mayın 24-də Papa Fransis tərəfindən dünyadakı Roma Katolik Kilsəsinin bütün yepiskoplarına göndərilən "Ortaq Evimiz üçün qayğı" haqqında ensiklika məktubundakı bəzi məsələlərdən irəli gələn çağırışları müzakirə etmək məqsədilə keçirilib. Həmin ensiklika ətraf mühitə qayğı, iqlim dəyişikliyi, bio-müxtəlifliyin itirilməsi, insanın yaşayış keyfiyyətinin aşağı düşməsi, qlobal bərabərsizlik, içməli su çatışmazlığından və digər yeni səbəblərdən yarana biləcək mümkün problem və münaqişələrə görə, Papanın dərin narahatlığını ifadə edir. Planetimizin gələcəyinin necə formalaşdırılması üçün yeni dialoqa çağıran həmin ensiklika məktubunda Papa Fransis hazırda yaşanan problemlərdə insan faktorunun hamını narahat etdiyini nəzərə alaraq, beynəlxalq və lokal səviyyələrdə danışıqlara olan ehtiyacı vurğulayır, yeni konfliktlərin qabaqlanaraq, qarşısının alınması və mümkün səbəblərinin əvvəlcədən aradan qaldırılmasının önəmini, dinlərin elmlə səbrli və açıq dialoqunu irəli sürür.

Papanın Ədalət və Sülh Şurasının prezidenti Kardinal Peter Turksonun sədrliyi ilə Vatikandakı Apostol Sarayında keçirilən konfransda "Azərbaycandakı dinlərarası tolerantlıq və multikulturalizm" adlı təqdimatla çıxış edən M. Hacızadə ölkəmizdə təşəkkül tapmış dini tolerantlığın əsasları və mövcud olan multikulturalizmin önəmini regionda və dünyada baş verən gərginliklər fonunda dəyərləndirib. M. Hacızadə öz çıxışında Azərbaycandakı müxtəlif dini qruplar və milli azlıqlar haqqında danışıb, onların ölkəmizin tolerantlıq mühitinə verdikləri danılmaz töhfələr barədə konfrans iştirakçılarına məlumat verib. Azərbaycanın dünyəvi dövlət olduğunu, onun konstitusiyasının və qanunlarının etno-kultural, irqi və dini mənsubiyyətə görə, qətiyyən ayrı-seçkiliyə imkan vermədiyini nümunələr göstərərək izah edib.

Qeyd edək ki, müzakirə zamanı M. Hacızadə aprel ayının ilk günlərində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən atəşkəsin növbəti dəfə pozulması və təxribatlar törədilməsi, hələlik nəticə verməyən sülh danışıqları, Ermənistandakı tarixi vətənlərindən zorla çıxarılaraq, Azərbaycanda məskunlaşmış qaçqın və məcburi köçkünlərin vəziyyəti və güc tətbiqi dilemması barəsində də öz fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...