Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SİA-ya verilən xəbərə görə, 2014/2015-ci tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 4-də saat 12:20-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

Boş qalan 1561 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1018 abituriyent ərizə təqdim edib. Onlardan 731 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Qəbul olanlar sentyabrın 5-dən sentyabrın 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə