Rusiya ali məktəblərinə qəbul olan tələbələrin sayı açıqlandı

2012/2013-cü tədris ili üçün Rusiya ali məktəblərinə qəbul olan tələbələrin sayı açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, mayın 18-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (Universitetinə) və Rusiya Federasiyasının digər ali təhsil müəssisələrinə qəbul olmaq istəyən vətəndaşlar üçün test imtahanı keçirilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 110 abituriyentdən 5 nəfəri imtahana gəlməyib. Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, II və IV ixtisas qruplarında 350 və daha yüksək, III ixtisas qrupunda isə 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılıblar.

Müsabiqənin növbəti mərhələsi isə mayın 19-u TQDK-da keçirilib. Hər iki mərhələnin nəticələrinə görə, növbəti tədris ili üçün Rusiyanın ali məktəblərinə 23 nəfər azərbaycanlı tələbə qəbul olunub. Belə ki, Rusiyanın Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) 3 nəfər, Rusiyanın digər ali təhsil müəssisələrinin I qrup ixtisasları üzrə 4 nəfər, II qrup üzrə 5 nəfər, III qrup üzrə 5 nəfər, IV qrup ixtisasları üzrə 6 nəfər imtahanlardan uğurla keçib. Rusiyanın ali təhsil müəssisələrində bu il Azərbaycan gəncləri üçün 30 yer ayrılıb. Onlardan 9-u I qrup, 6-sı II qrup, 9-u III qrup, 6-sı IV qrup üzrədir. boş qalan yerlər Ümumrusiya Azərbaycanlıları Konqresinə veriləcək. İyunda isə TQDK Moskvada Rusiyada yaşayan Azərbaycan vətəndaşları üçün həmin yerlərə qəbul imtahanı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...