Orta məktəb dərsliklərində ciddi qüsurların olması tələbə qəbulu prosesində problemlər yaradır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarına hazırlaşan gənclərə elmi-metodiki kömək məqsədilə "Ümumi Biologiya" vəsaitinin təqdimatı keçirib. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş həmin vəsait barədə ətraflı məlumat verib. Komissiya sədri bu vəsaitin abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulduğunu, orta məktəblərin tədris və eləcə də ali məktəblərə qəbul proqramlarının məzmun və tələblərinə uyğun hazırlandığını vurğulayıb.

M.Abbaszadə qeyd edib ki, orta məktəb dərsliklərində ciddi qüsurların olması tələbə qəbulu prosesində problemlər yaradır. Bu il yeni çap olunan Biologiya və Tarix dərsliklərində də səhvlər olduğunu deyən komissiya sədri vurğulayıb ki, şagirdlər həmin səhvləri düzgün məlumat kimi qəbul edə bilərlər.

"Abituriyent" jurnalının gələn ilin yanvar ayında çap olunacaq 1-ci sayında dərsliklərdə olan səhvlər haqda düzəlişlər veriləcək. Jurnalın 57-ci səhifəsindən 69-cu səhifəsinədək səhvlərdən bəhs olunacaq. Qəbul imtahanları üçün test bankında olan suallara düzgün cavab tələb olunacaq, ona görə də abituriyentlərin bu jurnalı oxumaları vacibdir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə