Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən şirkətlər üçün texnoloji transformasiyaya dair ilk qısamüddətli, intensiv təlim (“bootcamp”) təşkil edilib.
SİA-nın məlumatına görə, mərkəzdən bildirilib ki, “Bootcamp” “Sənaye 4.0 Hazırlıq Proqramı”nın (S4HP) bu sahədə ilk təşəbbüsüdür. Məqsəd yerli şirkətlərin texnoloji transformasiyasını sürətləndirmək və innovasiyaların tətbiqi ilə onların fəaliyyətində səmərəliliyi artırmaqdır.
Tədbirdə “STP Global Cable”, “Metak” və “Azerfloat” şirkətlərinin texnoloji transformasiya üzrə məsul şəxsləri və mütəxəssisləri iştirak ediblər.
Əvvəlcə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov proqramın son mərhələsinə keçən iştirakçılara uğurlar arzulayıb. Sənayedə tətbiq olunan son rəqəmsal texnologiyalar barədə praktiki biliklərin aşılanmasında “bootcamp”ın önəmi qeyd olunub.
Beynəlxalq ekspert Cem Arslan robotlar, sensorlar və fiziki avtomatlaşdırma texnologiyaları haqqında məlumat verib.
Tədbirdə proseslərin rəqəmsallaşdırılması və proqram təminatları ilə avtomatlaşdırma mövzusunda təqdimatlar keçirilib. İştirakçılar verilənlərin təhlili və süni intellektin sənaye proseslərində tətbiqi barədə məlumatlandırılıblar.
Yerli müəssisələr “industry4.az” portalı vasitəsilə S4HP proqramına müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə