Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin ikinci mövsümünün I mərhələsi üzrə test imtahanları keçirilib.
SİA-nın məlumatına görə, Universitetin mətbuat katibi Taleh Mirzəyev bildirib ki, ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün təşkil olunan “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin keçirilməsində əsas məqsəd universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaqdır. Müsabiqə artıq ikinci dəfədir təşkil olunur.
“bp Azərbaycan” şirkəti “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin sponsorudur.
Qeydiyyatdan keçən 800-dək tələbədən 600 nəfərdən çoxu müsabiqədə iştirak hüququ qazanıb. Onlardan 400 nəfərdən çoxunun iştirak etdiyi I mərhələnin imtahanında iştirakçıların ümumi dünyagörüşü səviyyəsini yoxlayan suallar təqdim olunub. Burada dünya və Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, müasir trendlər, hüquq və iqtisadi həyat, elədə də ali təhsil sistemi və Pedaqoji Universitetlə bağlı mövzular yer alıb.
ADPU-nun rektoru professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, müsabiqənin İşçi qrupunun sədri Turan Kərimli və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, layihə rəhbəri Taleh Mirzəyev imtahanların gedişini izləyərək iştirakçıların təəssüratlarını öyrəniblər.
“Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə ADPU tərəfindən 1000 AZN məbləğində pul mükafatı və “bp”dən dəyərli hədiyyələr, eləcə də Təşkilat Komitəsinin təyin etdiyi mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim edilir. Mentorlar universitet rəhbərliyi və tərəfdaş qurumların rəhbər şəxsləri arasından seçiləcək.
Qeyd edək ki, ümumilikdə 4 mərhələdən ibarət olan müsabiqənin növbəti mərhələsində iştirakçıların analitik və məntiqi təfəkkürləri, eyni zamanda informasiya ilə iş bacarıqları yoxlanılacaq. Sonra isə yarımfinal və final mərhələsində fərdi və komanda daxilində liderlik, strateji yanaşma, komanda ilə iş, ünsiyyət bacarıqları, eləcə də layihə idarəetməsi üzrə bacarıqları dəyərləndirən qiymətləndirmə konfransları formatında keyslər həyata keçiriləcək.
Fevral ayından start verilən müsabiqə ümumilikdə may ayına qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə