Uşaqları öyrədən yox, yoran dərs yükü - QURUM MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRDİ
Bir sıra valideynlər uşaqlarının bəzi bilgiləri vaxtından əvvəl mənimsəməsi üçün müəllimdən artıq dərs vəsaiti yükləməyi tələb edir. Yaxud bəzi ibtidai sinif müəllimləri valideynlərə məktəbin verdiyi kitabların dərsi mənimsəmək üçün kifayət etmədiyini qeyd edir və əlavə dərs vəsaitlərindən istifadə edir. Bu da uşaqların yüklənməsinə səbəb olur. Keçilən dərsi uşaq yaxşı anlamadıqda müəllimlər problemi özlərində yox, valideyndə və şagirddə görürlər. Bütün uşaqlar birinci sinifdən dördüncü sinifə kimi öyrəndiklərini 10 yaşında bir ilə öyrənə bilər. Valideynlər uşaqlarının ibtidai sinifdə bu qədər çox yüklənməsini düzgün qəbul etmir, bunun dəyişməsini istəyirlər.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən SİA-nın sorğusuna cavab olaraq bildirildi ki, ibtidai təhsildə proqram spiralvaridir, yəni mövzular yuxarı siniflərə qalxdıqca genişlənir və dərinləşir: "Müəllimlər ibtidai təhsildə tədris metodikasını bildiyi təqdirdə öyrənməni düzgün qurur, şagirdləri izafi tapşırıqlarla yükləmir.
Valideynlər uşaqlarının öyrənmə fəaliyyətini dəstəkləmək məqsədilə uşağın gün rejiminə, sağlam qidalanmasına, elektron cihazlardan optimal istifadəsinə, açıq havada fəal oyunlar oynamasına diqqət etməlidir. Çünki göstərilən məsələlərdəki qüsurlar uşaqlarda diqqət pozuntusu, yorğunluq yaradır. Bu isə zəif qavramaya səbəb olur.
Balacaların məktəbə mental olaraq hazırlanması da vacibdir. Uşağın məktəb binası, müəllimlərlə əvvəlcədən tanış edilməsi, qaydalara alışdırılması, sosial münasibətlərdə davranış mədəniyyəti barədə məlumatlandırma çox əhəmiyyətlidir.
Körpə yaşlarından uşaqla oyunlar, mütəmadi söhbətləşmələr, uşağa gündə 20 dəqiqə kitab oxunması, kiçik və böyük motor hərəkətlərinin inkişafı (uşaq özünəqulluq işlərinə erkən yaşlardan alışdırılırmalıdır: qaşıq və çəngəllə yemək, ayaqqabı bağını açıb-bağlamaq, sərbəst geyinib-soyunmaq və s.) onun öyrənmə fəaliyyətinə güclü təkan verir, lüğət bazasını genişləndirir, fikrini izah etməyə, dinlədiyini və oxuduğunu anlamağa vəsilə olur".
Bütün xəbərlər Facebook səhifəmizdə