"Rusdilli tədrisi birdəfəlik ləğv etmək mümkün deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ölkədə hazırda 350-dək orta ümumtəhsil müəssisəsində tədris həm rus, həm Azərbaycan dilləri əsasısında təşkil olunur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, yalnız 17 məktəbdə isə dərslər isə tamamilə rus dilində təşkil olunur: "Rusdilli məktəblərin varlığı, onlara olan diqqətin azalmaması, əksinə getdikcə də artmasının obyektiv və subyektiv səbəbləri var. Əvvəlcə onu deyək ki, 70 il Sovet quruluşunun tabeliyində yaşadığımız üçün rus dili bütün ittifaq dövlətlərində olduğu kimi, bizdə də ana dili ilə yanaşı, ikinci aparıcı dil statusuna malik idi.

Cəmiyyətin müəyyən hissəsinin əsas işlək dilinə çevrilməsi, Bakının multikulturak şəhər olması o zaman rus dilinə olan tələbatı da artırmış oldu. Nəticədə istər orta ümumtəhsil seqmentində, istərsə də ali təhsildə Azərbaycan dili ilə yanaşı, rus bölmələri də fəaliyyət göstərməli oldu. Hazırda toplumda müəyyən faiz danışıq dili, ünsiyyət vasitəsi kimi yalnız rus dilindən istifadə edir. Onlar öz övladlarını təbii ki, rus dilində tədrisin aparıldığı məktəblərə qoymağa maraqlı oldular. Çünki övladın tədris göstəricisinə nəzarət məhz dil amilindən keçirdi. Amma bu məsələnin yalnız bir tərəfidir. İkinci tərəf isə bizim rus dilinə xüsusi imkanlar yaradacaq, əmək bazarında ciddi üstünlük qazandıracaq vasitə kimi baxmağımızdır. Bu amil ingilis dilinin qlobal müstəvidə ildırımsürətli yayımı nəticəsinə öz təsirini itirdi. Amma yenə də yerli əmək bazarı, istehsalat rus dili tələbi ilə çıxış edir. Valideynlərin rusdilli tədrisin aparıldığı məktəbə marağının artımı da sırf bununla əlaqəlidir".

"Üçüncü səbəb isə deyərdim ki, psixoloji amildir. Şəxsən mən bu meyarın yaranma mexanizminə təəccüb edirəm. Valideyn rus dilinin lazımlılıq və faydalılıq tərəflərini nəzərə almadan övladının sadəcə göstəri üçün orada təhsil almasını istəyir. Dəfələrlə bunun şahidi olmuş və valideynlərdən səbəbini soruşmuşuq. Təbii ki, hər hansı praqmatik cavab ala bilməmişik.

Rusdilli tədrisi orta ümumtəhsil müəssisələrimizdən birdəfəlik ləğv etmək mümkün deyil. Buna hər hansı gərəyin olduğunu da düşünmürəm. Ən azından cəmiyyət daxilində olan tələb-təklif amili bunun əksini deməyə imkan verir. İnsanların təhsil hüququ və təhsillə bağlı seçimlərinə qətiyyən toxunmaq səlahiyyətimiz yoxdur. Sadəcə, rusdilli bölmələrə yanaşmada milli dəyərləin qorunması istiqamətində addımların atılması vacib idi ki, dövlət də bunu edir. Artıq bu məktəblərdə Azərbaycan dili və Azərbaycan tarixi ana dilimizdə tədris olunur. Bu, inanılmaz dərəcədə müsbət addımdır. Tədris dilindən asılı olmayaraq, Azərbaycan Respublikasının təhsilalan hər bir bir vətəndaşı onun dili və tarixini bilməlidir. Sırf bu istiqamətdə qarşıdakı illərdə əlavə addımlar atılsa, düşünürəm ki, işin daha da müsbətinə işləmiş olar" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə