“Bu gün mövcud olan bəzi ixtisaslar tamamən sıradan çıxacaq“ - EKSPERT DANIŞDI

“2023-cü ildə keçirilən qəbul imtahanlarının nəticələrini təhlil edəndən sonra məlum oldu ki, keçən il Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Bakı Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisaslarına üstünlük veriblər. I, II və IV qruplarda rus bölməsində 2023-cü ildə abituriyentlərin seçimi Azərbaycan bölməsi ilə eyni olub. III qrupda isə rus bölməsinin abituriyentləri Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisasına daha çox üstünlük veriblər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu il də proqnozlaşdırıram ki, hər iki bölmənin orta statistik oğlan abituriyentinin istəyi ən çox “Riyaziyyat, fizika və mühəndislik” (I qrup) və “İqtisadiyyat və idarəetmə” (II qrup) ixtisaslarına olacaqdır: “Orta statistik qız abituriyentin özündə humanitar ixtisasları birləşdirən III ixtisas qrupuna istəyi çox yüksəkdir. Apardığım təhlilər göstərir ki, Azərbaycan bölməsində qız abituriyentlər həmişə olduğu kimi “İqtisad və idarəetmə ixtisaslarına” (II qrup) az maraq göstərirlər.

Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur. 20-30 ildən sonra bu gün mövcud olan bəzi ixtisaslar tamamən sıradan çıxacaq. Onun yerini isə başqa ixtisaslar alacaq. Ona görə də bunun araşdırması lazımdır ki, bizə 15-20 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq. Bu haqda düşünən yoxdur. Mən özüm Azərbaycanın əmək bazarına hansı ixtisaslar lazım olacaq, onu bilirəm. İstər elmdə, istərsə də kənd təsərrüfatında, iqtisadi həyatın bütün sahələrində, sosial həyatımızda dünya çapında gedən dəyişiklikləri izləyir və bilirik. Azərbaycanın əmək bazarına bu hansı dəyişikliklərlə təsir edəcək, 10-15 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq biz bunu müəyyənləşdirməli, bilməliyik ki, strateji planımız olsun. Təəssüf ki, bu istiqamətdə heç bir araşdırma və düşüncələr yoxdur.

İndi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar.

Bu gün bizim nəinki yaxşı mühəndisə, hətta yaxşı ustaya da ehiyacımız var. Ancaq diplom sahibinə yox, həqiqi mütəxəssisə. Bu təlabat getdikcə daha da artcaq. Hesab edirəm ki, universitetdə daha lazımlı ixtisasların yaradılmalıdır. Bir çox fakültələrdən məzun olan insanların sonrakı fəaliyyəti ilə bağlı analiz göstərir ki, 20-30 il ərzində oxuduqları ixtisaslar üzrə aldıqları təhsil bu gün və ya sabah lazımsız olur. Sovet dövründə iş yerinin çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi. Amma indi yüksək bal toplayanların yarıdan çoxu neft ixtisaslarını seçirlər. Bir vaxt bizdə populyar olmayan gömrük ixtisası da artıq dəbdədir. Eyni sözü İT mühəndisləri barədə də demək olar.

Məsələn, radiotexnika ixtisası var. Artıq XXI əsrdir, radiodan istifadə edənmi var? Bu sahə üzrə çoxsaylı mütəxəssisəmi ehtiyacımız var? Mexanika mühəndisliyinı də qeyd edə bilərik. Artıq dünya kompüter texnologiyalarına, avtomatik idarəetməyə keçib. Amma biz hələ də mexaniki idarəetmədəyik. Bir-birinə yaxın olan ixtisaslar da var ki, ixtisarlara böyük ehtiyac var. Bu ixtisaslar açıqca bir-birini təkrarlayırlar. Sənayenin təşkili və idarə olunması da, biznesin təşkili və idarə olunması da var. Bu axı düzgün deyil. Kommersiya ixtisası da var. Marketinq, menecment varsa, kommersiyaya nə ehtiyac var? Bunları proqnozlaşdıra bilərəm. Məsələn, 2033-cü ilə qədər ölkəmizdə 50-yə yaxın ixtisasa ehtiyac olmayacaq. Bizim apardığımız rəylər bunu deyir. Kənd təsərrüfatı sahəsində çox ixtisasa ehtiyac yoxdur. Biz ayrıca şərab mütəxəssisi açmışıq. Halbuki rayonlarda heç orta təhsilləri olmayan insanlar var ki, yüksək səviyyədə şərab istehsalı ilə məşğul olurlar. Bunun üçün ayrıca təhsil almağa nə ehtiyac var? Bunu peşə, orta ixtisas təhsili müəssisələrində hazırlaya bilərik. Bizdə daha çox texnologiya sahəsindəki ixtisaslar köhnəlib. Evimizdə elektrik avadanlığını özümüz düzəldirik. Elektrik mühəndisliyini oxumağa nə gərək var? Ali təhsil fundamental elmi işlərlə məşğul olmaq üçündür. Hazırda 50-dən çox ixtisas var ki, ölü ixtisaslardır. Bunlara əmək bazarında heç bir ehtiyac yoxdur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə