"İbtidai sinfi bitirənədək uşaqların imtahan olunmasının əleyhinəyəm" - TƏHSİL EKSPERTİ BİLDİRDİ

"Xarici ölkə praktikasına nəzər yetirdikdə görürük ki, məktəbəqədər təhsil müddətində, hətta ibtidai siniflərdə belə uşaqlara, əsasən, dərslə bağlı nəsə öyrətmirlər. Onlar əvvəlcə çalışırlar ki, uşaqlara məktəbi, dərsləri sevdirsinlər, onların qəlbini qazansınlar". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Onun sözlərinə görə, Avropanın bir çox inkişaf etmiş ölkələrində, Amerikada və s. bu praktika həyata keçirilir: "Onlar düşünürlər ki, əgər şagird məktəbini, müəllimini sevərsə, onun gələcəkdə dərslərində müvəffəqiyyət əldəetmə ehtimalı daha yüksək olar. Amma təəssüf ki, bizim ölkədə belə deyil".

Ekspert sözlərinə davam edərək bildirib ki, Azərbaycanda elə məktəbəqədər təhsildən etibarən ancaq dərs yönümlü tədrisə üstünlük verilir: "Bu zaman təbii olaraq uşaq məktəbdən, müəllimdən soyuyur. Ümumiyyətlə, uşaqların ibtidai sinfi bitirənədək imtahan olunmasının əleyhinəyəm. Çünki aşağı siniflərdə hər hansı bir qiymətləndirmə olması doğru deyil. Qiymətləndirmə zamanı bir uşaq yoldaşından aşağı bal alarsa, bu, onun motivasiyasına birbaşa təsir edir. Bu qiymətləndirmələr növbəti siniflərdə belə onun oxumağına təsir göstərə bilər. Məktəbəqədər təhsil müddətində uşaqlara daha çox bacarıq yönümlü təhsil vermək lazımdır. Bununla uşaq özündə inkişaf əldə etmiş olacaq. Onsuzda uşaqların beyni gec-tez dərs yönümlü informasiya qəbul edəcəkdir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə