1 milyard manatdan çox xərclər nəzərdə tutulub

1 milyard manatdan çox xərclər nəzərdə tutulub

Növbəti il üçün dövlət borcuna ümumi xidmət xərcləri birbaşa dövlət borcu üzrə ancaq faiz ödənişləri və zəmanət verilmiş bir sıra dövlət müəssisələrinin əvəzinə həyata keçiriləcək ödənişlər üzrə proqnozlaşdırılıb, əsas borc ödənişləri büdcə xərclərində nəzərə alınmayıb, aparılan təhlillər yenidən maliyyələşmə üzrə əlavə xərclərin yarana biləcəyini deməyə əsas verib. SİA Hesablama Palatasına istinadla xəbər verir ki, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2023-cü ilin dövlət büdcəsi layihəsində 1005 milyon manat məbləğində nəzərdə tutulub. Həmin məbləğ növbəti ilin proqnozlaşdırılmış dövlət büdcəsi gəlirlərinin təqribən 3,3 faizi, xərclərinin isə 3 faizi səviyyəsindədir. 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə növbəti il üçün dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 787 milyon manat az nəzərdə tutulub. Cari illə müqayisədə daxili borca xidmət xərclərində 2 milyon manat, xarici borca xidmət xərclərində isə 785 milyon manat azalma proqnozlaşdırılıb.

2023-cü ilin dövlət büdcəsi layihəsində dövlət borcuna xidmət xərclərinin cari ilin dürüstləşdirilmiş layihəsinə nisbətən 787 milyon manat və ya 43,9 faiz azalmasının səbəbi kimi təqdim olunmuş izahata əsasən növbəti ildən beynəlxalq təcrübəyə uyğun olaraq hökumət tərəfindən cəlb edilmiş kreditlər üzrə əsas borc ödənişlərinin dövlət büdcəsinin xərclərindən çıxarılaraq, yenidən maliyyələşdirilmə vasitəsilə təmin edilməsi göstərilib. Belə ki, birbaşa xarici dövlət borcu üzrə cəlb edilmiş kreditlər ilə bağlı 2023-cü ildə ödənilməli olan 800 milyon manat məbləğində əsas borc ödənişlərinin növbəti ildən başlayaraq büdcə xərclərində nəzərə alınmadan il ərzində cəlb olunacaq xarici borcalmalar hesabına yenidən maliyyələşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, dövlət istiqrazları üzrə 2023-cü ildə ödəniləcək təqribən 600 milyon manat məbləğində əsas borc ödənişlərinin daxili bazarda yerləşdiriləcək dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilməsi nəzərə alınmaqla, birbaşa dövlət borcunun yenidən maliyyələşdiriləcək ümumi məbləği 1 milyard 400 milyon manat təşkil edəcək. Qeyd olunmalıdır ki, qlobal iqtisadi mühitdə yüksək inflyasiyanın müşahidə edilməsi əksər ölkələrin mərkəzi banklarının məhdudlaşdırıcı pul siyasətini tətbiq etməsini və faiz dərəcələrinin artmasını şərtləndirməklə borclanmanın bahalaşmasına təkan verməkdədir. Bu isə öz növbəsində, xarici borcun yenidən maliyyəşdirilməsi zamanı mövcud xarici dövlət borcunun (əsas borcun) ödənişində daha yüksək faizli xarici borcla əvəzlənmə ehtimalını artırır.

Bütün xəbərlər Facebook səhifəmizdə