Aqrar siyasətin yeni mərhələsi: çətinliklər və imkanlar - ARAŞDIRMA
Artan əhalinin ərzaq və digər kənd təsərrüfatı məhsullarına olan tələbatının mövcud resurslarla və mövcud texnoloji inkişaf səviyyəsi ilə ödənilməsinin mümkünlüyü hələ də açıq sual olaraq qalır. Kənd təsərrüfatı bu problemlərin öhdəsindən əsasən artıq istifadədə olan torpaqlarda istehsalı artırmaqla, eyni zamanda əkin üçün yalnız qismən yararlı olan torpaqlara daha çox üstünlük verməklə məşğul olmalıdır. Davamlı kənd təsərrüfatı və kənd inkişafı üçün əlverişli mühit yaratmaq üçün həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə milli və beynəlxalq kənd təsərrüfatı, ətraf mühit və makroiqtisadi siyasətlərdə əhəmiyyətli düzəlişlərə ehtiyac var. Əsas məqsədi ərzaq istehsalının davamlı şəkildə artırılması və ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasıdır. Bu, təhsil təşəbbüslərini, iqtisadi stimulları və qida baxımından adekvat qida ilə sabit təchizatı, əhalinin həssas qruplarının bu məhsullara çıxışını təmin edəcək müvafiq yeni texnologiyaların inkişafını nəzərdə tutur. O cümlədən satış üçün istehsal; yoxsulluğun azaldılması üçün məşğulluq və gəlir gətirən şəraitin təmin edilməsi; təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi kimi məsələlər də mühüm rol oynayır.
Müasir dövrdə ənənəvi kənd təsərrüfatı dünyada artan ərzaq tələbatının öhdəsindən gələ bilmir. Hal-hazırda ölkəmizdə və dünyada təbii kənd təsərrüfatı məhsullarının qıtlığı yaşanmaqdadır. Bu problemin rəsmi statistikasına misal olaraq növbəti faktı göstərə bilərik. Məsələn, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı dünyada artmaqda olan əhalini qida ilə təmin etmək üçün fermerlərin qarşıdan gələn 30 ildə 70% daha çox qida yetişdirmələrinə ehtiyacın olduğunu iddia edir.
1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, kənddə aqrar islahatların, o cümlədən torpaq islahatının həyata keçirilməsi, xüsusilə kolxoz və sovxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın paylanması, məhsulun qiymətlərinin sərbəstləşdirilməsi, ərzaq və yeyinti məhsulları emal edən sənaye müəssisələrinin özəlləşdirilməsi və s. bu kimi tədbirlər aqrar bölmənin sosial və sahə strukturuna ciddi təsir göstərmişdir.
Ölkəmiz üçün Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramları yalnız kənd təsərrüfatının deyil, həmçinin sosial-iqtisadi və aqrar-ərzaq siyasətinin əsas istiqamətlərindən olan kənd ərazilərinin davamlı inkişafını da təmin edir. Regional inkişaf sahəsində də dövlət proqramlarını yalnız təsdiq etməklə kifayətlənmir, onların həyata keçirilməsi ilə özü bilavasitə maraqlanır. Regionlara səfərlər etmək, vəziyyətlə yerində tanış olmaq, yeni problemləri müəyyən edib aradan qaldırmaq üçün əlavə tədbirlər görmək ölkə başçısının iş rejiminin tərkib hissəsinə çevrilib.

Milli Məclisin əmək və sosial komitəsinin sədri Musa Quliyev SİA-ya açıqlamasında qeyd edir ki, kənd təsərrüfatı sektoru bütün dünyada qeyri-neft sektorunun mühüm bir hissəsidir. Həmçinin də Azərbaycanda. Çox yerlərdə, çox zaman dövlətin datasiyası hesabına işləyən bir sektordur. Çünki kənd təsərrüfatı sektorunda maya dəyəri əmək məhsuldarlığına bağlıdır və əmək məhsuldarlığı da çox zaman təbiətin xarakteri ilə əlaqədardır. Yağışlı, günəşli, küləkli havalardan asılı olaraq məhsuldarlıq aşağı da ola bilir, yuxarı da. Buna görə də kənd təsərrüfatı sektoru çox zaman dövlət büdcəsi ilə inkişaf edir. Azərbaycanda da demək olar ki eyni ssenari tətbiq olunur. Ölkəmizdə uzun illərdir ki, aqrar sektor torpaq vergisindən başqa bütün vergilərdən azaddır. Eyni zamanda aqrar sektorda çalışan kənddə yaşayan adamlar əmək haqqı verməklə yanaşı vergilərdən azaddır. Sığorta olunanların sayı artmaqdadır. Bu ona görə aparılır ki, kənd təsərrüfatına həm dövlət dəstək olsun, həm də insanların müəyyən maraqları olsun ki kənd yerlərində yaşasınlar, həmçinin aqrar təsərrüfatla məşğul olsunlar. Ölkəmizdə aqrar sektorun inkişaf etməsi üçün həmçinin dərmanların, gübrələrin alınmasına pul kompensasiyaları təşkil olunur.
Bir neçə dövlət proqramı qəbul olunub, ümumi baza yaradılıb və əsas niyyət ondan ibarətdir ki, kənd təsərrüfatı intensiv istiqamətdə inkişaf etsin. Azərbaycanın əkinə yararlı torpaqlarının sahəsi o qədər də böyük deyil, ona görə də biz intensiv inkişafdan danışa bilmirik amma məhsulu artırmaq və maya dəyərini aşağı salmaq, ərzaq bolluğunu artırmaq üçün dövlət bir neçə proqram həyata keçirir. Müəyyən ərzaq məhsulları ilə böyük bir hissəsini özümüz təmin edirik, müəyyən hissəsini xaricdən alırıq. Elə ərzaq məhsulları da vardır ki, biz onları xarici ölkələrdən gətirməli oluruq və bu bütün dünyada belədir. Hər bir ölkə müəyyən sahələr üzrə ixtisaslaşır ona görə də vacib deyil ki, müəyyən ərzaq məhsullarını özümüz istehsal edək və özümüzü təmin edək. Digər bir məsələ şübhəsiz ki, kənd təsərrüfatını müasir idarəetməyə gətirməsidir. Torpaq var, dövlət var lakin lazımi texnika və idarəetmə proqramlar yoxdur, lazımi biliklər yoxdur. Belə olduğu halda kənd təssərüfatının inkişafından söhbət belə gedə bilməz. Ona görə də bu məsələlərə kompleks yanaşılır, istər kadr çatışmamazlığı, istər gübrə və dərman təminatı, texnoloji təminat bunlar çox vacib məsələlərdir. Bu illərdə fermerlərin qarşısında duran əsas məsələ logistika məsələsidir. Yəni istehsal etdiyi məhsulun qısa müddətdə və az xərclə bazara çıxartması və istehlakçıya çatdırılmasıdır. Bu məsələdə hesab edirəm ki, görüləcək işlərimiz çoxdur. Bir müddət öncə belə bir açıq tipli səhmdar cəmiyyət yaradılmışdır.
Lakin bildiyimə görə orada uğurlu fəaliyyət göstərə bilməmişdir. Kənd Təsərrüfatı Nazirliyində belə bir şöbə var, lakin o şöbələr öz fəaliyyətini həyata keçirmir. Yəni öncədən kəndliyə sifariş vermək, sifarişin əsasında da müəyyən qədər kredit vermək məhsul hazır olanda isə o məhsulu bazar qiymətinə almaq, saxlamaq və lazım olan müddətdə lazımi yerə çatdırmaq çox vacib bir logistika siyasətidir ki, hələlik ölkəmizdə bu sahədə görüləsi işlər çoxdur. Kənd təsərrüfatı məhsullarının saxlanılması xüsusilə soyuducu kameraları ilə təchizat məsələsi də qarşıda duran problemlərdən biridir. Əlbəttə koronovirus pandemiyası səbəbindən biz məhsulları bir çox ölkələrə çıxarda bilmirik. Burda da ciddi problemlər yaşanır. Rusiya Ukrayna müharibəsinin təsirləri də kənd təsərrüfatı sektorundan yan keçməmişdir.

Millət vəkili Azər Badamov isə qeyd edir ki, qlobal ərzaq bazarlarda baş verən dəyişikliklər ölkəmizdə də kənd təsərrüfat sektoruna daha çox diqqətlə yanaşılmasını aktuallaşdırmışdır. Bu gün aqrar sektor dövlət dəstəyi ilə özünün inkişaf dövrünü yaşayır. Belə ki, kənd təsərrüfatı texnikaları, cins mal-qara, elit toxumların alınması üçün dövlət tərəfindən subsidiyalar, gözəştli kreditlər verilir. İstehsal olunan məhsulların növündən və məhsuldarlığından asıllı olaraq fermerlərə stimullaşdırıcı subsidiyalar ödənilir. Aqrar sahə torpaq vergisindən başqa bütün vergilərdən azad olunmuşdur. İri fermer təsərrüfatları yaradılır. Emal sənayesinin dirçəldilməsi istiqamətində tədbirlər görülür. Ona görə də son illər ölkəmizin aqrar sektorunda sıçrayışlı inkişaf baş vermişdir. Demək olar ki, bir çox kənd təsərrüfatı məhsulları ilə özümüzü təmin edirik və ixrac potensialımız da formalaşmışdır. Bu gün qeyri-neft ixracımızın tərkibində kənd təsərrüfatı məhsulları əsas yer tutur. Bununla yanaşı bəzi kənd təsəsrrüfatı məhsulları idxal etmək məcburiyyətindəyik. Beləki, taxılla özünü təminə keçmək üçün bir çox işlər görülməlidir. Bu il 100 min hektar torpaq əlavə dövriyyəyə buraxılmışdır. Taxılın əkilməsi və məsuldarlığın artırılması istitqamətində tədbirlər davam etdirilir. Dövlət başçımızın kənd təsərrüfatı nazirliyi qarşısında qoyduğu əsas vəzifələrdən biri də taxılın idxalından azad olunması istiqamətində tədbirlərin görülməsidir. Məhz görülən tədbirlər və əldə olunan nəticələr onu deməyimizə imkan verir ki, ölkəmiz yaxın gələcəkdə taxılla da özünü təminə keçə biləcək.
Ölkəmizdə kənd təsərrüfatı məhsul istehsalçılarını ən çox narahat edən məsələlər hansılardır?
Kənd təsərrüfatı məhsulları istehsalçıları narahat edən məsələlər kimi əkin sahələrinin suvarılması ilə bağlı müəyyən çətinliklər olduğunu qeyd edərdim. Düzdür, son illər əsas kanallar yenilənmiş, təsərrüfatlararası arxlar betonlaşdırılmışdır. Bununla yanaşı bir çox təsəsrrüfatlarda bu istiqamətdə görülməli işlər kifayət qədər çox qalmışdır. Torpaq kanallarla su çatdırılmasında böyük itkilər baş verir. İqlim dəyişiklikləri suyun həcmini azaldır. Ona görə çalışmalıyıq ki, suvarma su az itkilərlə əkin sahələrə çata bilsin. Təbii ki, suyun əkin sahələrinə vaxtında çatmaması orta məhsuldarlığın aşağı enməsinə gətirib çıxardır. Həm də suvarılan sahələrin müasir innovativ üsullara keçirilməsini vacib hesab edirəm. Müasir üsullarla suvarılma daha az sudan istifadə etməklə daha effektiv nəticələrin əldə olunmasına imkan verir. Hesab edirəm ki, aqrar sahəni primitiv üsuldan texnoloji becərmə üsuluna keçid etməlidir və bu istiqamətdə dövlətin dəstək tədbirləri genişlənməlidir.
Fermerləri narahat edən digər məsələ istehsal etdiyi məhsulları birbaşa bazara çıxara bilməməsi ilə bağlıdır. Yəni, fermerin birbaşa bazara çıxışı olmadığına görə istehsal etdiyi məhsulu aşağı qiymətlə sahədən satmasına məcbur olur. Həmin məhsul bazara çatana qədər bir neçə əldən keçir və son satış nöqtəsində malın qiyməti 2-3 dəfə bahalaşır. Hesab edirəm ki, bu məsələnin həll olunması istiqamətində tədbirlər görülməlidir.
Digər bir məsələ regionlarda emal sənayesinin çox az olmasıdır. Məsələn, sovetlər dövründə 5-6 emal müəssisəsi olan rayonlarda bu gün heç bir emal müəssisəsi yoxdur. Emal sektorunda rəqabətin olmaması da fermerləri istehsal etdikləri məhsulları böyük xərclərlə və aşağı qiymətlə uzun məsafəyə daşımalı olub. Və yaxud daşınma rəntabelli olmadığı halda məhsul fermerin əlində qalır və çürüyüb böyük zərərlə qarşılaşdırır. Ona görə də aqrar məhsullar istehsal olunan hər bir rayonda emal sənayesi müəssisələri yenidən qurmalıdır. Bu, həm də regionlarda işsizlik probleminin həll olunmasına yol açar.
İstehsal olunan yerli məhsulun xarici bazarlara çıxarılmasında hansı çətinliklərlə qarşılaşılır?
Hesab edirəm ki, burada bir çətinlik yoxdur. Hər bir fermer üçün xaricə məhsul ixrac etməsi üçün qapılar açıqdır. Burda olan yeganə problemi yerli istehsalçıların xarici bazarlara malların ixracı ilə bağlı kifayət qədər bilgiyə malik olmaması əsas problemdir. Bu məsələni həll etmək üçün müvafiq qurum tərəfindən regionlarda fermerlər üçün treninqlər keçirilməlidir. Hər bir fermer məhsulun ixracı yollarını bilməlidir. Əgər fermerlərin bu istiqamətdə savadları yerində olsa istehsal etdiyi məhsulları özləri xarici bazarlara çıxardarlar.

"Kənd təsərrüfatı sahənin potensialını artırmaq, ondan səmərəli istifadə etmək üçün innovativ texnika və texnologiyaların tətbiqi, istehsalda yeni mütərəqqi üsullardan istifadə vacibdir". Bu sözləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
O həmçinin qeyd edir ki, bu vasitələr həm yerli istehsal hesabına ölkədə ərzaq təhlükəsizliyini təmin etmək, həm idxaldan asılılığı azaltmaq, həm də bir sıra rəqabətqabiliyyətli məhsullar üzrə ixracı artırmaq, yeni bazarlara çıxmaq üçün geniş imkanlar yaradır. Aqrar siyasətin yeni mərhələsində qarşıda duran əsas məsələlərdən biri kənd təsərrüfatının elektronlaşdırılmasının başa çatdırılması, aqrar xidmətlərin elektronlaşdırılması, məlumat bazalarının formalaşdırılması və təkmilləşdirilməsidir. Bu istiqamətdə atılan mühüm addımlardan biri kimi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) yaradılmasını göstərmək olar.
EKTİS-də artıq fermerlər və onların istifadə etdikləri resurslar haqqında vahid məlumat bazası yaradılıb ki, bu dövlət büdcəsi hesabına subsidiyaların verilməsi sahəsində şəffaflığın artırılmasına, subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsinə, Kənd Təsərrüfatı Nazirliyi üçün proqnozlaşdırma, koordinasiya və nəzarət imkanlarının təmin edilməsi kimi əsas istiqamətləri ehtiva edir.
Müasir dövrdə aqrar sahənin inkişafının prioritet istiqamətlərindən biri də innovativ texnika və texnologiyalarda istifadənin genişləndirilməsidir. Bura ağıllı əkinçilik texnologiyalarının, yeni suvarma sistemlərinin tətbiqi, dronlardan istifadə edilməklə sahələrin dərmanlanması, zərərvericilərin müəyyənləşdirilməsi, eləcə də hava məlumatları üçün iqlim stansiyalarından - sensorlardan istifadə, biotexnologiya laboratoriyalarında virussuz toxumların yetişdirilməsi və s. rəqəmsal kənd təsərrüfatı elementləri daxildir.
Artıq Azərbaycanda iqlim stansiyalarından alınan məlumatların fermerlərə ötürülməsi ilə əlaqədar layihə uğurla həyata keçirilir, Quba, Qusar, Xaçmaz və Şamaxı rayonlarında 60-a yaxın kəndi əhatə edən 5 stansiya fəaliyyət göstərir. Bu gün ölkəmizdə Çin, yunan və türk texnologiyası əsasında pambıq becərilir. Bu texnologiyalar pambıqçılıqda məhsuldarlığı xeyli artırmağa imkan verir. Həmçinin yeni yüksək məhsuldar və keyfiyyətli toxumla təminat üçün strateji sahələrdən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına ödənilməsi əsas vəzifələrdəndir. Ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək məqsədilə institusional islahatlar aparılır, toxum istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün dövlət tərəfindən mühüm addımlar atılır. Eləcə də dünya təcrübəsi öyrənilərək Azərbaycanda tətbiq edilir, müxtəlif ölkələr və xarici şirkətlərlə əməkdaşlıq edilir.
Son vaxtlar dünyada baş verən hadisələr ərzaq təhlükəsizliyi məsələsini aktuallaşdırıb. Azərbaycan da ərzaq təhlükəsizliyinin təmin olunması, idxaldan asılılığın azaldılması əsas çağırışlardandır. Son dövrlər bu sahədə bir sıra vacib işlər görülür. Xüsusən ərzaqlıq buğdada idxaldan asılılığın azaldılması, yerli istehsalın artırılması üçün yaxın vaxtlarda Proqram hazırlanıb, Prezident İlham Əliyev iyulun 19-da “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda bildirilir ki, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan yeni dəstək tədbirləri həyata keçirilir.
Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqların işğaldan azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması məqsədilə yeni hədəflərin müəyyən edilməsinə imkan verir.
Fərmanda ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyasının tətbiq edilməsi nəzərdə tutulur. Bütün bunlarla yanaşı, təbii ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalında bəzi çətinliklər də qarşıya çıxır və bunlar istehsalçıları narahat edir. Çətinliklər sırasında ilk növbədə Azərbaycandan da yan keçməyən qlobal iqlim dəyişikliklərini göstərmək lazımdır. Digər tərəfdən fermerləri narahat edən ən aktual məsələlərdən biri onların yarısının əziyyət çəkdiyi su qıtlığı problemidir. Eləcə də son vaxtlar dünyada gedən proseslər fonunda gübrə qiymətlərinin bahalaşması kənd təsərrüfatı məhsulları istehsalçılarına çətinliklər yaradır. Belə ki, gübrənin bahalığı, eləcə də son zamanlar logistika sahəsində məhdudiyyətlər gübrələrin əldə olunmasını çətinləşdirir, bu da öz növbəsində məhsuldarlığın aşağı düşməsinə, maya dəyərinin artmasına səbəb olur.
Qeyd edək ki, ölkəmizdə fermerlərin qarşılaşdıqları problemlərin müəyyən edilməsi və cavab tədbirlərinin görülməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən müasir elmi metodlarla fermerlər arasında mütəmadi olaraq sorğular keçirilir, təhlil və qiymətləndirmələr aparılır. Kənd təsərrüfatının inkişafını ləngidən amillərdən biri də kiçik torpaq sahələri ilə bağlıdır. Belə ki, kiçik torpaq sahələrində yeni texnologiyaların tətbiqi, o cümlədən müasir suvarma sistemlərinin qurulması rentabelli olmadığı üçün məhsuldarlıq da aşağı olur. Eləcə də aqrotexniki qulluq qaydalarına əməl edilməsində bir sıra çətinliklər yaranır. Bu problemin həlli üçün də bir sıra işlər görülür. Belə ki, ölkədə “vahid əkin” üsulu təşviq olunur və s.
Həmçinin aqrar sahədə kreditlərin hamı üçün əlçatan olmaması kiçik və orta təsərrüfat sahiblərinə maliyyə resurslarına əlçatanlıq məsələsində problemlər yaradır. Bütün bunlarla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, fermerlərin xarici bazarlara çıxışının asanlaşdırılması üçün təşviq mexanizmləri təkmilləşdirilir, dövlət tərəfindən məqsədyönlü və davamlı tədbirlər görülür. Bu qəbildən olan tədbirlərə infrastrukturun yenilənməsi və gücləndirilməsi, soyuducu anbarların tikintisi, logistika sahəsində islahatlar və s. daxildir. Bunun nəticəsi olaraq son illər Azərbaycan bir sıra məhsullar üzrə faraş meyvə və tərəvəz ixracatçısına çevrilib. Yeni intensiv bağların salınması ildən ilə məhsul istehsalının artması, bununla da həm yerli tələbatın yaxşılaşması, həm də ixracın artması ilə nəticələnib.
Müəllif: Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB