“Ağıllı kənd”də KOBİA-nın xidmət pəncərəsi fəaliyyət göstərəcək - FOTOLAR

Prezident İlham Əliyevin ötən gün açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) xidmət pəncərəsi də fəaliyyət göstərəcək. SİA-nın KOBİA-ya istinadən verdiyi məlumata görə, burada Ağalı kənd sakinlərinə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün zəruri xidmətlər göstəriləcək.

Bu, Agentliyin işğaldan azad edilmiş ərazilərimizdə ilk belə xidmət pəncərəsidir.

KOBİA və müvafiq qurumların dəstəyi ilə bir müddət əvvəl bir qrup Ağalı kənd sakini biznes təlimlərinə cəlb olunub. Növbəti mərhələdə kənd sakinlərinə fəaliyyət sahələrinə uyğun avadanlıqlar veriləcəkdir. Ağalı kəndində fəaliyyət göstərən KOBİA-nın xidmət pəncərəsi təlimləri uğurla başa vurmuş kənd sakinlərinə də dəstək göstərəcək.

Ağalı kəndində həmçinin, KOBİA-nın dəstəyindən yararlanmış "Gillmed" tikiş fabriki də fəaliyyət göstərəcək. Dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış müəssisənin məqsədi kənd sakinlərinin məşğulluğunun təmin edilməsidir. Fabrikdə müxtəlif tibbi təyinatlı tekstil məhsulları istehsal olunacaq. Burada 25-ə yaxın Ağalı kənd sakininin işlə təmin olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...