Naxçıvanda xalçaçılıq sənəti inkişaf etdirilir

Muxtar respublikada xalçaçılıq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Həmin tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Culfa Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi xalçaçılıq təliminə rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar cəlb olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, təlimdə 11 sağlamlıq imkanları məhdud, 5 xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü və Culfa Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 2 dərnək rəhbəri olmaqla, ümumilikdə 18 qadın iştirak edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış edərək bildirib ki, qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində sosial layihələr həyata keçirilir. Bu gün də muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların potensiallarından istifadə edilməsinə xüsusi diqqət yetirilir.

Sonda istedadlı qadın Həcər Hümbətova təlimə əyani vəsaitlərdən istifadə etməklə təcrübəsini paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə