Dünyada praktiki olaraq hər şeyin qiyməti sürətlə artır! ANALİTİK+AKTUAL
Analitiklərin proqnozları və mövcud qiymətlər dünya ictimaiyyətində ciddi narahatlıq doğurur
Xam məhsullar üzrə qiymətlərinin artması fonundakı dəyərləndirmələrin təyin edilməsində yaranmış çətinliklər dünya iqtisadiyyatının vəziyyətində narahatlıq doğurur. SİA xəbər verir ki, bu barədə Anadolu agentliyinin iqtisadi şərhində bildirilir. Xüsusilə, ABŞ-ın Federal rezerv sistemində (FRS) Mərkəzi banKların sərt siyasət yürütməsi, Ukraynadakı vəziyyəti mümkün kəskinləşməsi ehtimalının yüksək olması və Çində COVİD-19-a yoluxma hallarının artmasının müşahidə edilməsi xammal bazarına təsirlərini göstərməyə davam edir. Elə ötən həftə də xammal bazarlarında kəskin qiymət artımları müşahidə edilib.

İnflyasiya həddinin 8,5% səviyyəsi 1981-ci ildən bəri rekord həddə çatıb və belə dinamiklik ABŞ-ın Fedral rezerv sisteminin mövqeyində sərtləşdirmələr tətbiq etməsi üçün şərait yaradır. O cümlədən, Rusiyanın prezidenti Vladimir Putinin Ukrayna tərəfinin İstanbulda əldə edilmiş razılaşmalardan kənarlaşması ilə bağlı bəyanatından sonra xammal bazarı qeyri-sabit vəziyyətdə qalmaqda davam edir.
Geosiyasi risklər xammal qiymətlərinin artmasına şərait yaratsa da, dünyanın aparıcı mərkəzi banklarının pul siyasəti ilə bağlı açıqlamaları qiymətləri müəyyən dərəcədə aşağı salmağa müvəffəq olublar. Analitiklər qeyd edirlər ki, may toplantısında uçot dərəcəsinin 50 baza bəndi artırılmasını demək olar ki, qaçılmaz hadisə kimi qiymətləndirən FRS rəhbərliyi sərt proqnozlar verməkdə davam edirlər.
Qızılın bir unsiyasının qiyməti 1970 ABŞ dollarını aşıb
Ötən həftə qızıl 1,3%, gümüş 3,5%, platin 1,7%, palladium 2,2% ucuzlaşıb. Keçən həftə təhlükəsiz aktivlərə tələbat və inflyasiyanın sürətlənməsi nəticəsində dünya bazarında qızılın qiyməti bir unsiya üçün 1980 dollardan yuxarı qalxaraq aylıq maksimuma yaxınlaşıb. Qərb ölkələrinin yeni sanksiyaları elan etməsindən sonra isə palladiuma tələbat artıb.

Beləliklə, palladium qiymətləri tədarük problemi ilə bağlı narahatlıqlar fonunda kəskin yüksəlməyə başlayıb. Mis 0,2%, alüminium 2,6% və nikel 2,9% ucuzlaşıb, qurğuşun 1,1% və sink isə 4,7% bahalaşıb. Analitiklər qeyd edirlər ki, mart ayında COVID-19-a yoluxma hallarının artması və növbəti məhdudiyyətlərin tətbiqi fonunda Çin öz mallarının, xüsusilə metallarının ixracını azaldıb. Sinkin qiymətinin artması isə Çində tədürükün azalmasından doğan narahatlıqdan və Avropada enerji daşıyıcılarındakı qiymətlərin artması səbəbindən olub.
Qazın qiyməti son 13 ildə maksimuma yüksəlib
Ötən həftə ABŞ-da enerji qiymətlərinin də kəskin artması qeydə alınıb. Nyu-Yorkda ticarətin bağlanğıcı zamanı fyuçerslərin dəyəri 2008-ci ilin noyabrından bəri maksimum yenilənərək 16,3% artıb və 7,346 dollara çatıb. Həmçinin, qiymətlərin kəskin artmasına ötən həftə hasilatın azalması, eləcə də ABŞ-ın təbii qaz ehtiyatlarının gözləniləndən çox azalması səbəb olub.

Qlobal neft bazarında artan narahatlıqlar fonunda Brent markalı neft 8,6% bahalaşıb. Aİ xarici işlər nazirləri aprelin 11-də Lüksemburqda Rusiya neft və qazına qarşı məhdudlaşdırıcı tədbirləri müzakirə ediblər, lakin heç bir qərar verilməyib. Bu barədə isə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib.
Digər tərəfdən, qiymət artımına OPEK-in baş katibi Məhəmməd Barkindonun açıqlaması da səbəb olub. O bildirib ki, Rusiyaya qarşı sanksiyalar dünyada neft tədarükünün ciddi şəkildə pozulmasına şərait yaradır və Rusiyanın bazara təqdim etdiyi həcmdən başqa alternativ demək olar ki, yoxdur. Eyni zamanda, Rusiyanın Ukrayna ilə danışıqların dalana dirənməsi ilə bağlı iddiaları da tədarüklə bağlı narahatlıqları artırıb.
Kənd təsərrüfatı məhsulları
Ötən həftənin sonlarında Nyu-York Ticarət Birjasında xam pambıq üçün iyul müqavilələri 0,4% artaraq bir funt üçün 1,4478 dollara çatıb, Çikaqo əmtəə birjasında isə qarğıdalı 2012-ci ilin sentyabrından bəri ən yüksək həddə çatıb - 7,86 dollar, yəni 3%.

Bu gün isə qarğıdalının qiyməti artıq 7,90 dollara çatıb. Pambığın qiymətinin artması ABŞ-ın həftəlik pambıq ixracının artması nəticəsində tələbatın artacağı proqnozlaşdırılması ilə əlaqədardır. Ukraynada əkin və məhsul yığımı ilə bağlı çətinliklər, eləcə də ABŞ-da soyuq havanın əkin prosesinə təsir edəcəyi ilə bağlı təlaşlar qarğıdalı qiymətlərinə öz ağır təsirlərini göstərib. Analitiklər vurğulayırlar ki, hava şəraitinin yaratdığı problemlər davam edərsə, qarğıdalının qiyməti buşel üçün hətta 8 dolları da keçə bilər!
Çikaqo əmtəə birjasında buğdanın qiyməti 4,3%, düyünün qiyməti 2,6%, soyanın qiyməti isə 1,5% bahalaşıb. Nyu-Yorkun ICE Futures Exchange birjasında qəhvə fyuçerslərinin qiyməti 3,6%, şəkərin qiyməti 0,9%, kakaonun qiyməti 2% ucuzlaşıb. Mütəxəssislər qəhvə istehsalçılarının ilkin olaraq bu ilin çətin keçəcəyini proqnozlaşdırdıqlarını, qəhvə qiymətlərindəki enişin isə tələblə bağlı ehtiyat etmələrindən qaynaqlandığını bildirirlər.
Türkiyənin fyuçers və xammal üzrə tanınmış eksperti Zəfər Ergesen Ukraynadakı vəziyyətin və yüksək neft qiymətlərinin qarğıdalı qiymətlərinin artmasına səbəb olduğunu bildirib. Onun fikrincə, ABŞ-da isti və quru hava, eyni zamanda, pambıq tədarükü ilə bağlı narahatlıqlar yaradır. “Neftin qiyməti yüksək olduğundan pambığa tələbatın artacağı ilə bağlı gözləntilər var idi ki, bu da alternativ məhsulların bahalaşmasına səbəb olub. Uzaq Şərqdə - düyü istehsalında lider regionda müəssisələrin bağlanması ilə düyü qiymətləri artıb. Eyni zamanda, münaqişə şəkər və qəhvə bazarlarına da mənfi təsir göstərib”, deyə türkiyəli ekspert qeyri-sabit proqnozlarını önə sürüb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB