Qiymətlərdə artım müşahidə olunacaq? - İQTİSADÇI AÇIQLADI

Qiymətlərdə artım müşahidə olunacaq? - İQTİSADÇI AÇIQLADI

“Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Nəzərə alsaq ki, Rusiya Azərbaycan idxalında və qeyri-neft ixracında əsas ticarət tərəfdaşıdır. Həmçinin Azərbaycan Rusiyadan 2,1 milyard dollara yaxın məhsullar idxal edirdi. Rusiyadan idxal etdiyimiz məhsulların strukturuna diqqət yetirsək burada ən çox idxal etdiyimiz məhsul buğda idi. Belə ki, idxal olunan buğdanın 70 faizindən çoxu Rusiyanın payına düşür. Baxmayaraq ki, biz Ukraynadan da buğda idxal edirik. Lakin Rusiya ilə buğda idxalında Azərbaycan daha böyük əməkdaşlığa malikdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, son zamanlarda Rusiyanın tətbiq etdiyi qadağalardan sonra buğdanın gətirilməsində müəyyən çətinliklərin olacağı gözlənilir: “Bununla bağlı Rusiya tərəfi buğda ixracatının yaxın zamanlarda bərpa olunacağı barədə açıqlamalar da verib. Bütün hallarda buğda idxalında çətinliklərin olacağı gözlənilir. Dünən Azərbaycanın Baş Naziri Milli Məclisdə çıxış zamanı qeyd etdi ki, idxalda çətinliklər olarsa belə Azərbaycanın mövcud ehtiyatları ilə növbəti ayda buğdaya olan tələbini ödəmək imkanına malik olacaq. İl ərzində 31500 dollarlıq buğda idxal olunur. Azərbaycan Rusiyadan buğda ilə yanaşı günəbaxan, marqarin, soya yağlarının idxalını həyata keçirir. Həmçinin bunlarla yanaşı Rusiyadan şokolad məhsulları, dərman pereparatları, kartof, gübrə, paltaryuyan maşınlar, televiziya qəbulediciləri və s. idxal olunurdu. Ukraynadan isə dövlətimizə əsasən tütün, siqaret, kərə yağı və eyni zamanda iribuynuzlu heyvanlar idxal olunurdu.

Ukrayna ilə Azərbaycanın ticarət dövriyyəsi illik orta hesabla 8 milyon dollar ətrafında dəyişir. Məhz bu həmin ölkələrdən idxal etmək prosesində problemlər yaranacaq. BMT-nin proqnozu ondan ibarətdir ki, bütövlükdə ərzaq məhsullarının qiymətində məhz Rusiya-Ukrayna müharibəsi səbəbindən asılı olaraq 8-22 faiz intervalında qiymət artımı olacaq. Nəzərə alsaq ki, Azərbaycan həmin məhsulların bir hissəsini idxal edirdi, bəzi hallarda isə yerli istehsal hesabını ödəyirdi. Bunun üçün də təbii ki, alternativ və yerli mənbələrin artırılmasına ehtiyac var. Ona görə də təbii ki, idxal inflyasiyası var və bu qaçılmazdır. Lakin qiymət artımının hansı səviyyədə olması birbaşa alternativ mənbələrdəki xərcdən və daxili mənbələrdən asılı olacaq. Reallıq isə ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsindən sonra idxal inflyasiyasının fondunda artım müşahidə olunacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə