Naxçıvanda yeni model avtomobillər buraxılacaq

Birinci dəfədir, Naxçıvana səfər edirik. Qısa müddət ərzində muxtar respublikada fəaliyyət göstərən bir sıra şirkətlərdə olduq, istehsal prosesləri ilə maraqlandıq. Çox müsbət, xoş təəssüratlarımız yarandı.

SİA xəbər verir ki, bu sözləri “FAW Group Corporation” şirkətinin MDB və Asiya ölkələri departamentinin rəhbəri Sun Vei deyib. O qeyd edib ki, “FAW” dünyanın ən böyük şirkətlərindən biridir. Bizim Naxçıvanda “Cahan Motors” MMC kimi əla bir tərəfdaşımız vardır. Artıq bir neçə ildir ki, biz qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdiririk. Gələcəkdə də bir sıra layihələr üzrə birgə fəaliyyətimizi gücləndirmək istəyirik. Bu baxımdan Naxçıvanda yüksək keyfiyyəti, etibarlılığı, rahatlığı və müasir dizaynı ilə seçilən yeni model avtomobillərin istehsalını həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq. İnanıram ki, bu görüşümüz, apardığımız danışıqlar yaxın zamanlarda öz müsbət nəticələrini verəcək.

“Onu da deyim ki, muxtar respublika ilə qısa tanışlıq zamanı Naxçıvan şəhərinin görkəmi, burada mövcud olan səliqə-sahman, təmizlik bizə çox müsbət təsir göstərdi. Naxçıvan Biznes Mərkəzi muxtar respublikanın çox güclü iqtisadi potensiala malik olduğunu deməyə əsas verir”, - deyən Sun Vei qeyd edib ki, istehsal olunan məhsullar olduqca diqqət çəkici və ixrac gücünə malikdir. Bütün bu və digər müsbət amilləri nəzərə alaraq əminliklə demək olar ki, mühüm strateji ərazidə yerləşən Naxçıvan gələcəkdə iqtisadiyyatın, kənd təsərrüfatının, sənayenin bir sıra istiqamətləri üzrə böyük uğurlara nail olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə