İpoteka qaydaları sadələşdirilir? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

"Cənab Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzaladı. Fərmandakı dəyişikliklər bilavasitə kredit fondunun fəaliyyəti ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin bu fərmanı zamanın və iqtisadi reallıqların nəzərə alınaraq qanunvercilik aktlarının və hüquqi bazanın daha da təkmilləşdirilməsinə xidmət edir: "Dəyişiklik özündə bir neçə istiqaməti ehtiva edir. Belə ki, əvvəl 6-cı maddəyə əsasən subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2020-ci il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilməsi nəzərdə tutulurdusa bu müddətin 2022-ci ilin 31 dekabrına qədər uzadılması nəzərdə tutulur. Digər bir dəyişiklik isə odur ki, orada qeyd olunub ki, bütün sahələr üzrə götürülmüş kreditlərin faizlərinə subsidiya yox, Fondun Himayəçilik Şurasının müəyyən etdiyi iqtisadi fəaliyyət sahələrinə uyğun istiqamətlər üzrə olan həmin sahələrə verilmiş kreditlərin faizlərinə uyğun verilir. Bundan əlavə digər dəyişikliklər isə “kredit verildikdən sonra ilk 12 ay üçün” ifadəsi dəyişdirildi və “verildiyi tarixdən ilin sonuna qədər” ifadəsi ilə əvəz olunub. Yəni əvvəl nəzərdə tutulmuş tarix tam olaraq 365 günü əhatə edirdisə, bu fərmandan sonra o müddət verildiyi təqvim ilinin sonunda tamamlanır".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə