“Bunun turizm sektoruna təkanı olacaq” KOMİTƏ ÜZVÜ ŞƏRH ETDİ

İlk növbədə onu qeyd etmək istəyirəm ki, biz tədricən bütün şərtləri yumşaldırıq. Bu sözləri SİA-a verdiyi açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev deyib.

Komitə üzvü qeyd edib ki, bu, yəni yumşalmalar normal bir hadisədir və Avropa ölkələri də belə addımlar atırlar.

“Başqa-başqa ölkələrdə də, məsələn, Rusiya ilə Türkiyə arasında da bu proses gedir və təbii ki, biz də bu addımları atırıq. Bu addımlar əlbəttə ki, daha da genişlənəcək, məhdudiyyətlər tədricən götürüləcək. Təbiidir ki, bunun Azərbaycanın turizm sektoruna bir təkanı olacaq və bu turizm biznesi üçün böyük bir kömək olacaq.

Amma, mən yenə də bununla paralel olaraq demək istəyirəm ki, biz daxili turizmi inkişaf etdirməyə daha çox çalışmalıyıq. Çox maraqlı bir faktı sizə deyim ki, bu gün artıq regionlarda, o cümlədən, məsələn, Lənkəranda bayramqabağı günlərdə, həftə sonlarında, həftə arası günlərdə də artıq otellərdə yer tapılmır. Mən özüm Lənkərana bu yaxınlarda getdim, seçicilərimlə görüşüm var idi və sizi inandırım ki, restoran, kafe, çayxanalarda da kifayət qədər insanlar gördüm. Bu da onu göstərir ki, turizm biznesində də müsbət istiqamətdə dəyişikliklər başlayıb. Bu dəyişikliklər get-gedə inkişaf edəcək, inkişafa doğru gedəcək və dövlət də bunu daim dəstəkləyəcək. Yetər ki, bizim turizm biznesi ilə məşğul olanlar bu işlərə bir qədər ciddi baxsınlar”, deyə Rüfət Quliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə