"Artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir" QURUM RƏSMİSİ AÇIQLADI
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğullluq Agentliyi tərəfindən işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı istiqamətində aktiv məşğulluq tədbirləri ildən-ilə gücləndirilməklə, proqramların əhatə dairəsi genişləndirilir, həmçinin bu sahədə bir sıra yeni proqram və layihələr reallaşdırılır. Nəticədə, Agentliyin işaxtaran və işsiz şəxslərin işlə təmin olunması sahəsində göstəriciləri də artır. Belə ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən 2021-ci ilin 4 ayı ərzində 42 400-ə yaxın işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbiri ilə əhatə edilib. Onlardan 38 217 nəfəri münasib işlərlə təmin olunub, 4158 nəfər isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub. Qeyd edək ki, işsiz və işaxtaran vətəndaşların kiçik biznesə malik olmasına imkan yaradan özünüməşğulluq proqramı üzrə əmlakla təmin edilənlərin sayı hər il əvvəlki ilə nisbətən ciddi şəkildə artır". Bu sözləri SİA-ya açıqlamasında Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin müdiri Mayis Musayev deyib.
Onun sözlərinə görə, 2017-ci ildə proqrama 1172 nəfər cəlb edilibsə, 2018-ci ildə bu göstərici 7267 nəfər, 2019-cu ildə 10716 nəfər, 2020-ci ildə 12548 nəfər təşkil edib: " 2021-ci ildə isə hədəf 16 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsidir. Bu da il ərzində proqrama cəlb olunanların sayının 2017-ci illə muqayisədə 13,6 dəfə artacağını göstərir. İşsiz şəxslərin məşğulluğunun təminatına “Əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi Proqramı” çərçivəsində də dəstək göstərilir. Dövlət Məşğulluq Agentiyi tərəfindən həmin proqram çərçivəsində işəgötürənlərlə bağlanmış müqavilələr əsasında artıq 452 nəfərə işlə təmin edilmək üçün göndəriş verilib. Onlardan bir hissəsi Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və həmin müharibənin iştirakçılarıdır. Qeyd edək ki, bu proqram əsasında göndəriş verilmiş və işəgötürənlər tərəfindən işlə təmin edilən şəxslərin əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub. Proqram üzrə göndərişlərin verilməsi zamanı şəhid ailəsi üzvlərinə, müharibə iştirakçılarına, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir".
Mayis Musayev sözlərinə belə davam edib: "Bildiyimiz kimi, əmək bazarının mövcud tələblərinə uyğun peşə-əmək bacarıqlarına malik olmaq məşğulluğun təminatı üçün əsas şərtlərdən biridir. Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri vasitəsilə bu sahədə əmək bazarının ehtiyaclarının qarşılanması üçün zəruri addımlar atılır. Belə ki, Agentliyin peşə hazırlıq məktəbləri yenidən qurularaq yaranan tələbata uyğun peşə hazırlığının həyata keçirilməsi təmin edilir. Qeyd edim ki, bu il üzrə də artıq peşə hazırlıq kurslarının təşklinə başlanıb. Kurs müddətində müdavimlərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödənilir. Əsas hədəflərdən biri kimi isə bu il 3 min nəfər İSO (Keyfiyyət idarəetmə sistemləri üzrə) standartlarına uyğun mütəxəssis hazırlığı nəzərdə tutulub. Bu da işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılmasına mühüm dəstək məqsədi daşıyır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB