\"Monitorinq sisteminin təkmilləşdirilməsi: Beynəlxalq təcrübə və onun Azərbaycanda tətbiqi\" mövzusunda seminar keçirilib

\"Monitorinq sisteminin təkmilləşdirilməsi: Beynəlxalq təcrübə və onun Azərbaycanda tətbiqi\" mövzusunda seminar keçirilib

Bu gün Bakı Biznes Mərkəzində \"Monitorinq sisteminin təkmilləşdirilməsi: beynəlxalq təcrübə və onun Azərbaycanda tətbiqi\" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminar Azərbaycan Respublikasının İqtisadi İnkişaf və Ədliyyə Nazirliklərinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Birliyinin Azərbaycan Respublikasının Milli Məclisə Dəstək Tvining Lahiyəsinin, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, İsveçrə hökumətinin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin dəstəyi ilə təşkil olunub.

Seminarda Azərbaycan Respublikasının adı çəkilən dövlət qurumlarının nümayəndələri, sahibkarlar, eləcə də Böyük Britaniya, Kanada, Litva, Latviya, Estoniya və Ukraynadan olan ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini bildirib, ölkəmizdə özəl bölmənin inkişafına dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsini gücləndirmək, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsini yüksəltmək, dövlət-sahibkar münasibətlərini daha da təkmilləşdirmək istiqamətində ardıcıl işlər aparıldığını diqqətə çatdırıb.

Bundan başqa nazir müavini bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli \" Sahibkarlarlıq sahəsində yoxlamaların nizama saılnması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında\" fərmanı sahibkarların hüquq və müdafiəsinin təşkilində xüsusi əhəmiyyət kəsb edir.

Seminarda çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdir müavini İlqar Qurbanov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat İdarəsinin rəisi İlqar Məmmədov, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev və başqaları ölkəmizdə sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı qanunvericilik bazasının təkmilləşdirildiyini, mövcud olan normativ hüquqi aktların müasir standartların tələblərinə uyğunlaşdırıldığını bildirib və bu istiqamətdə görülən işlər barəsində məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə