İtirilmiş “Ağ qızıl” xəzinəsini necə qaytarmaq olar? - ARAŞDIRMA

İtirilmiş “Ağ qızıl” xəzinəsini necə qaytarmaq olar? - ARAŞDIRMA

Ekspertlərin fikrincə, iqtisadiyyatın diversifikasiyasında klaster yanaşma üzrə əsas sahələrdən biri kimi seçilsə, pambıq strateji məhsul rolunu qaytarar və yenidən “ağ qızıla”a çevrilər

Müasir dövrdə aqrar sahədə inkişafın təmin edilməsi və kənd təsərrüfatı məhsulları üzrə xarici asılılığın ləğv edilməsi hər bir dövlət üçün çox strateji xarakter daşıyır. Çünki ərzaq təhlükəsizliyi və əhalinin digər ən vacib məhsullarla təmin edilməsi ölkənin siyasi və iqtisadi təhlükəsizliyinin ən mühüm tərkib hissələrindən olub dövlətin strateji maraqlarının qorunmasında böyük əhəmiyyətə malikdir. Qeyri-neft sektorunun inkişafı ilk növbədə aqrar sahənin inkişafı ilə sıx bağlıdır. Bəs aqrar sahədə hansı perspektivli sahələr var və onların inkişafını təmin etmək üçün hanşı işlər görülməlidir? Bu yazımızda həmin sahələrdən birindən bəhs edəcəyik.

Azərbaycan iqtisadiyyatının diversifikasiya məsələsi uzun müddətdir ki, hökumətin elan etdiyi əsas prioritetdir. Ölkə başçısı səviyyəsində dəfələrlə bu məsələyə toxunulub. Neft sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektoruna, xüsusilə də aqrar sektora investisiya edilməsi yolu ilə həmin sahələrin inkişafına nail olmaq üçün müxtəlif dövlət proqramları hazırlanıb həyata keçirilir. Aqrar sektorun birbaşa sənaye ilə bağlı olan ən strateji və perspektivli sahəsi isə pambıqçılıqdır.

Pambıqçılıq: dünən necə idi, bu gün necədir...

Azərbaycanda pambıqçılığın hələ orta əsrlərdən becərilib. Keçən əsrin ortalarından başlayaraq bu sahədə böyük miqyaslı irəliləyişlər baş verib. Artıq 70-80-ci illərdə Azərbaycan iri pambıqçılıq və tekstil sənayesi ölkəsinə çevrilmişdi. Respublikada ildə 700-800 min ton pambıq istehsal olunurdu. 80-ci illərin əvvəllərində pambıq istehsalı hətta 1 milyon tona çatmışdı.

Sonrakı dövrdə pambıq istehsalında azalma müşahidə olundu. Sovet İttifaqının və sosialist iqtisadi sisteminin dağılması ilə iqtisadi münasibətlərin pozulması, iqtisadiyyatda yaranmış xaotik vəziyyət bu sahənin tənəzzülünə gətirib çıxardı.

Pambıq əkini və istehsalı ilbəil azalmağa başladı. 1990-ci ilə nisbətən 1995-ci ildə istehsal 2 dəfə azalaraq 274 min tona, 2005-ci ildə 3 dəfə azalaraq 196 min tona, 2012-ci ildə 10 dəfə azalaraq 55 min tona endi.

Pambıq əkinlərinin azalma tempi isə belə templə davam etdi: 80-ci illərin sonunda 350 min hektara yaxın olan pambıq sahələri 2011-ci ildə 42 min hektaradək (8 dəfə azalma), 2012-ci ildə 31 min hektaradək (12 dəfə azalma) endi.

Məhsuldarlıq isə 80-ci illərdəki hektara görə 26-27 sentnerdən 15-16 sentnerə düşdü. Nəticədə istehsal 1985-ci ildəki 788 min tondan 2012-ci ildəki 55 min tonadək (14 dəfə) azaldı.

2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdi və 35 min ton məhsul tədarük edildi.

2016-cı ildə artıq 51 min hektarda pambıq əkildi və 89 min ton pambıq tədarük edildi.

2017-ci ildə 136 min hektarda pambıq əkildi və 207 min ton məhsul götürüldü.

2018-ci ildə əkin sahələri azalmağa başladı və 132 min hektarda pambıq əkildi. Ancaq daha çox məhsul, 233 min ton pambıq istehsal olundu. Hektardan məhsuldarlıq artdı və 17,6 sentnerə qalxdı.

2019-cu ildə isə ən optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq artaraq 29,4 sentner olmuşdur.

2020-ci ildə Azərbaycanda pambıq qəbulu məntəqələrinə 270 min 993 ton məhsul təhvil verilib. Bu, 2019 -cu ilin eyni dövrü ilə müqayisədə 34,7 faiz çoxdur.

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında ölkədə pambıq istehsalının yenidən Sovet dövründəki səviyyəyə qaldırılacağını bildirib. Bu sahədə işlər indiki templə davam etsə yaxın 5 ildə bu nəticəni əl edə bilərik.

Dünya bazarında 1 kiloqram pambığın qiyməti 1-2 ABŞ dolları arasıdır. Məlumatlara görə, Azərbaycanda pambıqçılıq sahəsində 200 minə qədər insan məşğul olur.

Bu sahədə texniki təminatla bağlı da ciddi problemlər var. Pambıqyığan maşınların sayı 1985-ci ildə 4238 ədəd, 1999-cu ildə 1751 ədəd olduğu halda, hazırda heç 100-ə də çatmır.

Pambıq və tekstil məhsullarında idxaldan asılılıq çoxdur

Bu gün dünyada tekstil, geyim və geyim aksessuarları istehsalının illik həcmi 4 trilyon dolları ötməkdədir. Bir çox ölkələr bu sahədə çox böyük gəlirlər əldə edirlər.

1995-ci ildə hələ pambığın və mahlıcın qiymətinin indikindən xeyli ucuz olduğu vaxtda Azərbaycan pambıq satışından 117 milyon dollara yaxın vəsait əldə etmişdi. İndikin qiymətlərlə istehsal həcmi artdığı halda bu sahədən yüz milyonlarla gəlir götürmək olar. Bir şərtlə ki, pambıq xaricə xammal kimi yox, hazır məhsul kimi satılmalıdır, yəni tekstil sənayesi zənciri yaradılmalıdır.

Azərbaycanda pambıqçılıq inkişaf etsə də, tekstil sənayesi kimi strateji sahə zərərlə işləyir. Pambıq istehsalı artmasına baxmayaraq, pambıq məhsulları idxalı artır. Ölkədə mahlıc və parça istehsalının azalması tesktil məhsulları üzrə idxaldan asılılığı artırır. 1995-ci ildə sənaye müəssisələrində 100 min tona yaxın mahlıc istehsal olunduğu halda son illərdə bu göstərici 5-6 dəfə azalıb. Əvəzində ölkəyə pambıq lifi idxalı artır.

Pambıq parça istehsalı da olduqca aşağı səviyyəyə enib. 1995-ci ildə ölkədə 58 milyon kvadrat metr pambıq parça istehsal olunmuşdusa, son illər bu göstərici 1 milyona tona da çatmır.

Azərbaycanda tekstil sənayesinin inkişafı üçün lazım olan potensial, əmək qüvvəsi, mütəxəsislər, xammal və s. var. Pambıqçılığı inkişaf etdirmək üçün bu sahədə ciddi yenidənqurma işləri aparmaq lazımdır. Fermerlər üçün pambıqçılığı cəlbedici etmək üçün bu sahəni yaxşı bilən mütəxəssislər dövlət strukturlarında bu sahəyə rəhbərlik etməlidir.

Pambıq əkinçidən yaxşı qiymətə alınmalıdır

Bu sektordan yaxşı gəlir götürmək üçün pambıqçılıq və tekstil sənayesi sektorlarına kompleks şəkildə və fundamental yanaşmaq lazımdır. Pambıq elə bir məhsuldur ki, o mütləq emala getməlidir, bu meyvə-tərəvəz deyil ki, bazarda satıla. Fermerlərin becərdiyi pambığa 50 qəpik civarında qiymət müəyyən edilib ki, bu da dünya bazar qiymətlərindən bir neçə dəfə aşağıdır.

Pambıq çoxlu xərc və zəhmət tələb etdiyindən bu qiymətlə satıldığında onu becərənlərə normal gəlir vermir. Ona görə də, pambıqçılığa maraq azalıb. Fermerlərə həmin sahədə digər məhsulları əkmək daha çox fayda verir.

İndiki situasiyada bu sahəyə marağı artırmaq üçün məhsul fermerdən optimal qiymətlərlə alınmalıdır, pambıq əkib-becərən bilməlidir ki, çəkdiyi əziyyət və xərcin qarşılığında normal gəlir əldə edəcək. Bunun üçün rəqabət mühiti yaradılmalıdır, hökumət çalışmalıdır ki, emal sənayesi 1-2 şirkətin əlində olmasın. Dünya praktikasında belə qəbul olunub ki, bu tip iri sahələrdə bazarda ən azı 10 oyunçu olmalıdır. Bu halda rəqabət mühiti inkişaf edir və paralel olaraq həmin sahədə də inkişaf sürətlənir.

Xammaldansa, hazır məhsul satmaq daha gəlirli olar

Hökumət iqtisadiyyatda bu sahəyə neftdən sonra klaster yanaşma üzrə əsas perspektivli sahələrdən biri kimi yanaşsa və bu sahədə xüsusi dövlət proqramı həyata keçirilsə, pambıq əkənlərin sayı artar. Pambıqçılara dəstək verilsə, onların məhsulu daha uyğun qiymətə sata bilmələri üçün şərait yaradılsa, bu sahə yenidən çiçəklənə bilər. On minlərlə kənd insanı bu sahədə özünü işlə təmin edər və yaxşı gəlir əldə edər. Bunu üçün stimullaşdırıcı tədbirlər həyata keçirmək olar və fermerlər, kəndlilər görsə ki, pambıq əkmək səmərə verir, özləri buna həvəslə yanaşacaqlar.

Bu sahəyə investorlar cəlb edilməli, onlara hər cür şərait yaradılmalıdır ki, yeni emal və tikiş müəssisələri yaransın. Bazarda rəqabət güclənsə, pambıq istehsalı artar. Emal və tekstil müəssiləri yaransa, biz xammalı ucuz qiyməyə ixrac etmək əvəzinə, özümüz istehsal edib daha çox gəlir əldə edə bilərik.

Bununla bağlı olaraq, daxili bazarda hazır məhsul- geyimlər, parçalar və sairə- istehsalı artar və idxaldan asılılıq minimuma enər. Bu da öz növbəsində emal və tekstil sənayesini inkişaf etdirər və əlavə on minlərlə insan işlə təmin olunar.

Ümumiyyətlə, keçmiş ənənəyə və dünya təcrübəsinə dayanaraq demək olar ki, pambıqçılıq və tekstil sənayesi iqtisadiyyatın diversifikasiyasında klaster yanaşma üzrə əsas sahələrdən biri kimi seçilsə və bu sahəyə dövlət dəstəyi artırılsa, pambıq strateji məhsul rolunu qaytara bilər və yenidən “ağ qızıla”a çevrilər, ölkəmiz paltar və parça bazarında idxaldan asılığı ləğv edə bilər.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə