İşğaldan azad edilmiş ərazilər iqtisadiyyatımıza milyardlar qazandıracaq - MÖVQE

Azərbaycanın işğaldan azad edilmiş əraziləri ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək. SİA-nın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlı bildirib ki, işğal edilmiş ərazilərimiz azad edildikdən sonra orada olan torpaq, su, meşə resursları, qızıl və filiz ehtiyyatları və digər reurslar ölkə iqtisadiyyatına qoşulduqdan sonra Azərbaycana milyardlarla dollar gəlir gətirəcək.

Mərkəz direktoru qeyd edib ki, işğal edilmiş ərazilərimizdə 155 adda filiz ehtiyyatları, 6 qızıl ehtiyatı, çoxlu sayda polimetal ehtiyyatları, mineral su ehtiyyatarı və digər ehtiyyatlar iqtisadiyyatımızın inkişafına böyük töhfə verəcək.

V.Qasımlı vurğulayıb ki, ilkin hesablamalara görə, işğal edilmiş ərazilərimizdə olan təkcə qızıl ehtiyyatları 132.4 tondur və indiki qiymətlərlə bunun dəyəri 8 milyard ABŞ dolları edir: “Eyni zamanda, işğal edilmiş ərazilərdə olan digər filiz ehtiyyatları həm də metallurgiyanın və dağ-mədən sənayesini inkişaf etdirəcək ki, bu da miyardlarla dollar gəlir gətirəcək. Kənd təsərrüfatı sahəsinə böyük müsbət təsirlər olacaq. İşğal edilmiş ərazilərdəki 240 min hektar, eyni zamanda ona qonşu olduğu üçün istifadə edilə bilməyən 140 min hekatar kənd təsərrüfatına yararlı torpaqlar istifadə ediləcək. Turizm sektorunun inkişafı, o cümlədən, musiqidən tutmuş xalçaçılığa qədər kreativ sənayenin inkişafı üçün böyük imkanlar açılacaq, bir çox sahələr inkişaf edəcək. Ümumilikdə, müharibədə əldə edilən qələbələrin bizə gətirdiyi ruh yüksəkliyi, özünəinam inkişafımızla bağlı irəliyə atılan böyük bir addımdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə