Sumqayıtın uğurları ölkənin uğurlarıdır

Sumqayıtın uğurları ölkənin uğurlarıdır

Hər zaman öz sənaye potensialı ilə digər şəhərlərdən seçilən Sumqayıt bu gün də inkifafdadır. Sumqayıt hazırda nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Həyata keçirilən iqtisadi islahatlar nəticəsində burada yaradılan Sənaye Parkları hesabına Sumqayıtın potensialı daha da güclənir.

Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 9,3 faiz, qeyri-neft sənaye məhsullarının ixracında xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda Parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub ki, bu da çox sevindirici haldır. Yaxın vaxtlarda şəhərdə böyük investisiyalar cəlb edilən şüşə istehsalı zavodunun da fəaliyyətə başlayaqdır.

Azərbaycanda son illər qeyri-neft sektoru sürətlə inkişaf edir. Sumqayıt şəhərində fəaliyyət göstərən Kimya Sənaye Parkı bu sahədə mühüm rol oynayır. Son dövrlərdə Azərbaycanda sahibkarlara ayrılan kreditlərin məbləği xeyli artırılmışdır. Bu da onu deməyə imkan verir ki, dövlət idxal sahələrinin artırılması üçün bütün sahələrdə öz köməkliyini göstərir.

Bu gün bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət üstünlüklərə malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır.

Hazırda Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə vurğulamalıyıq ki, əvvəllər buradakı çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr həm ekoloji fəlakət zonası, həm də istifadəsiz qalan torpaqlar idisə, indi burada yüzlərlə hektar sahədə müasir Sənaye parkı yaradılıb.

Azərbaycanın iqtisadi cəhətdən daha da inkişaf etməsi, böyük fabrik və zavodların qurulması üçün, xaricdə yaşayan azərbaycanlı iş adamlarının da dövlətimizə investisiya yatırmaları, vəsait qoymaları vacibdir. Azərbaycan onların da vətənidir və onlar hər zaman kənarda olmalarına baxmayaraq, Azərbaycanın dəstəyini görürlər. Azərbaycan nə qədər güclənərsə, xaricdə yaşayan həmvətənlərimizin də gücü bir o qədər artar.
Bu gün azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Xaricdə yaşayan soydaşlarımız bütün güclərini düzgün şəkildə səfərbər edərlərsə, Azərbaycana güclü investisiya axını olar.

Pandemiya bir çox sahələrə mənfi təsir göstərib. Bu şəraitdə elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq. İnanırıq ki, dövlətimiz öz iqtisadi gücü hesabına pandemiya dövrünün yaratdığı çətinliklərin öhtəsindən gələcəkdir. Ümid edirik ki, bu işdə xaricdə yaşayan imkanlı həmvətənlərimiz də dövlətimizin yanında olacaq, vətənlərinin gələcəyi naminə əllərindən gələni əsirgəməyəcəklər.

Ayna Əliyeva, YAP Səbail Rayon Təşkilatının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə