Beynəlxalq qurumlar Azərbaycanın beynəlxalq təşəbbüslərini yüksək dəyərləndirirlər - ŞƏRH ÖZƏL

"Asiya İnkişaf Bankının prezidenti və məsul şəxslərinin təşəbbüsü ilə prezident İlham Əliyevlə video konfrans formatında görüş keçirilib. Son vaxtlar bu cür videokonfrans görüşlərinin beynəlxalq maliyyə qurumlarının təşəbbüsü ilə baş tutması Azərbaycanda gedən uğurlu proseslərin beynəlxalq maliyyə qurumları tərəfindən izlənilməsi və yüksək dəyər verilməsi kimi səciyyələndirmək olar". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

O, söyləyib ki, bir neçə müddət əvvəl başqa beynəlxalq bankların rəhbərləri ilə də cənab Prezidentin videokonfrans vasitəsilə görüşü olub: "Dünənki görüş də çox məhsuldar olub. Beynəlxalq maliyyə qurumları Azərbaycan iqtisadiyyatında aparılan düşünülmüş siyasətin uğurlu nəticələrini görürlər və Azərbaycanda sərmayələrin, kreditlərin yatırılmasında, layihələrin həyata keçirilməsində maraqlıdırlar və bu görüşlərin nəticəsi olaraq bunu qeyd etməliyik. Asiya İnkişaf Bankının prezidenti Azərbaycanda pandemiyaya qarşı aparılan tədbirləri yüksək dəyərləndirərək Azərbaycanın beynəlxalq səviyyədə pandemiyaya qarşı mübarizəyə verdiyi dəstəyindən də geniş danışıb. Qeyd edildiyi kimi Azərbaycan öz imkanları daxilində beynəlxalq səviyyədə çətin vəziyyətdə olan ölkələrə dəstək verən dövlətdir".

A.Badamov vurğulayıb ki, ölkə Başçısının da qeyd etdiyi kimi bu gün dünyada pandemiyanın təsirləri nəticəsində maliyyə vəziyyəti pisləşmiş 150 ölkə beynəlxalq maliyyə qurumlarına yardım üçün müraciət ediblər və Azərbaycan bu ölkələrin arasında deyil: "Azərbaycan özü 30-a yaxın ölkəyə həm maddi, həm də tibbi ləvazimatlarla yardım göndərib. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım göstərib ki, bu da dünyada pandemiyadan əziyyət çəkən və pandemiyaya qarşı mübarizə aparmaqda maliyyə cəhətdən əziyyət çəkən ölkələrə yardım göstərilməsinə imkan verəcəkdir. Yəni Azərbaycan beynəlxalq səviyyədə dəstəkdə hər zaman ön sıralardadır. Beynəlxalq qurumlar da Azərbaycanın bu təşəbbüslərini yüksək dəyərləndirirlər. Bu gün Azərbaycanın xarici borcu ümumdaxili məhsulun cəmi 17 faizinin üstündədir. Beynəlxalq maliyyə qurumları da bizim kimi stabil və dayanıqlı iqtisadiyyatı olan ölkələrdə layihələr həyata keçirilməsində maraqlıdırlar. Cənab Prezidentlə video görüşdə müzakirə olunan mövzular Azərbaycanda həyata keçiriləcək yeni layihələrin maliyyələşməsində və həyata keçirilməsində Asiya İnkişaf Bankının yaxından iştirak edəcəyini bildirməsi Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə