Ölkəyə Rusiya, İran və Gürcüstandan qida daşınır RƏSMİ - AÇIQLAMA

"Beynəlxalq yükdaşımalar zamanı digər yerüstü nəqliyyat vasitələrindən fərqli olaraq, dəmir yolu ilə yükdaşımalarda dəfələrlə az sayda insan əməyindən istifadə olunur və bununla da sərhədləri keçən sürüclərin sayı, eləcə də yoluxma riski minimal olur". Bu SİA-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən ölkəyə dəmir yolları vasitəsilə hansı dövlətlərdən qida daşındığı və qida təhlükəsizliyinin necə təmin olunduğu ilə bağlı sorğuya cavab olaraq verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Dəmir Yolları region ölkələrindəki tərəfdaşları ilə birgə səylər nəticəsində yükdaşımaları əvvəlki qaydada davam etdirir və Azərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır:

"Gündəlik istifadə edilən qida məhsullarının dəmir yolları vasitəsilə təhlükəsiz şəkildə ölkəyə daşınması təmin olunur. Taxıl, süd və süd məhsulları, un məmulatları, eləcə də digər qida məhsullarının daşınması həyata keçirilir. Bununla yanaşı, neft və neft məhsulları, tikinti materialları və digər yüklər də müntəzəm daşınır. Koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidməti ölkə ərazisinə daxil olan yük qatarlarında mütəmadi dezinfeksiya tədbirləri həyata keçirir. Dezinfeksiya işlərində insan əməyinin minimuma endirilməsi məqsədi ilə Astara, Yalama və Böyük-Kəsik sərhəd-keçid məntəqələri avtomatlaşdırılmış dezinfeksiya qurğusu ilə təmin edilib. Bununla da, ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya edilir".

Belə ki, Azərbaycan dəmiryolçularının, xüsusilə də QSC-nin yükdaşıma şöbəsinin əməkdaşlarının gücləndirilmiş iş rejimində fasiləsiz çalışdığı məlumat verilib:

"Ölkəyə daşınan bütün yüklər, mal və materiallar dezinfeksiya edildikdən sonra Azərbaycan ərazisinə daxil edilir. Koronavirusla mübarizə tədbirləri bütün sərhəd keçid məntəqələrində, o cümlədən Astara, Yalama stansiyalarında Dövlət Gömrük Xidmətinin əməkdaşları ilə birgə aparılır. Beləliklə, ölkədə müxtəlif məhsullara olan tələbatın ödənilməsində çətinlik yaranmaması üçün Rusiya, İran və Gürcüstandan bütün yüklərin vaxtında və təhlükəsiz Azərbaycana çatdırılması yerinə yetirilir. Yükdaşıma sahəsində çalışan QSC əməkdaşları bütün zəruri avadanlıq və vasitələrlə, qoruyucu maska və əlcəklərlə təmin olunublar".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə