17 May Ümumdünya İnformasiya Cəmiyyəti Günüdür
İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi zərurəti indiki dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətlə inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır. Qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və yayılması böyük zərurətə çevrilir. Bu, bəşəriyyətin inkişafı üçün geniş imkanlar deməkdir. 17 may tarixi Beynəlxalq Telekommunikasiya və Rabitə, həmçinin, Ümumdünya İnformasiya Həmrəyliyi Günü kimi elan olunub. Beynəlxalq Telekommunikasiya və Rabitə Günü Beynəlxalq Elektroəlaqə İttifaqı İdarəedici Sovetinin 1969-cu il qərarı ilə təsis olunub. Ümumdünya İnformasiya Cəmiyyəti Günü isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 27 mart 2006-ci il tarixdə elan edilib. Bu tarixin seçilməsi də təsadüfi deyil. 1865-ci ilin həmin günündə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri Beynəlxalq Teleqraf İttifaqının yaradılması haqqında müqavilə imzalayıblar.
Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da informasiya cəmiyyətinin formalaşması strateji məsələ kimi qarşıya qoyulmuş və müasir cəmiyyətə inteqrasiya səviyyəsi dövlətin iqtisadi inkişaf dərəcəsini əks etdirən amilə çevrilmişdir. Azərbaycanda bu sahənin əsasını Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində qoyub. Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" 10 il ərzində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirdi. Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması haqqında Sərəncam imzaladı. Daha sonra 21 oktyabr 2005-ci il tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nı imzaladı. Buna uyğun olaraq, ölkəmizdə informasiya cəmiyyətinin qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirmiş tədbirlər və ardıcıl aparılan dövlət siyasəti nəticəsində son illər İKT və poçt sektoru sürətlə inkişaf etmişdir. Respublikanın şəhər və rayonlarının telefon şəbəkələri yenidən qurularaq, tam elektronlaşdırılmışdır. MDB-yə üzv dövlətlər arasında, ilk dəfə olaraq, Azərbaycanda "Yeni Nəsil Şəbəkələr" (NGN) texnologiyalarının tətbiqinə başlanılmışdır. Ucqar ərazilərdə yerləşən və coğrafi cəhətdən fiziki xətlə telefonlaşdırılması mümkün olmayan yaşayış məntəqələrində telefon rabitəsi peyk avadanlığının quraşdırılması vasitəsilə təmin edilmişdir.
Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb və müvafiq hüquqi baza formalaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanı ölkəmizdə, nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynadı. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. Beləliklə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN Xidmət" mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək "ASAN Xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. 2012-ci ildən başlayaraq Bakının bir neçə rayonunda "ASAN Xidmət" mərkəzləri sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Bu gün "ASAN Xidmət"in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya Parlamenti, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq əməkdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın "ASAN Xidmət" modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum "Asan Khedmat" təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bütün bunlar, onu deməyə əsas verir ki, Azərbaycanda informasiya cəmiyyəti quruculuğu sürətlə irəliləməkdədir. Azərbaycanda İKT-nin inkişafı üzrə görülmüş işlər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmaqdadır.
Ümumiyyətlə, informasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. İndi bu sahədə ölkəmizdə uğurlu işlər görülməkdədir. Bu gün ölkəmizdə də təhlükəsizlik məsələləri və eləcə də, internetin və informasiya cəmiyyətinin inkişafı diqqət mərkəzindədir. Belə ki, Azərbaycanda informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbul edilib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB