Neft bazarında qiymətlərin artması nədən asılı olacaq? ÖZƏL - AÇIQLAMA

"Neft qiymətlərinin növbəti dövrdə daha da artması ölkələr tərəfindən razılaşmaya hansı dərəcədə riayət olunmasından asılı olacaq. Bu 1 may tarixindən sonra daha dəqiq məlum olacaq". Bu sözləri SİA-ya açıqlamasında Neft Araştırmaları Mərkəzinin rəhbəri, neft məsələləri üzrə ekspert İlham Şaban 9 aprel OPEK və qeyri-Opek ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərarı və bu qərarın nəticələri haqqında danışarkən deyib.

Onun sözlərinə görə artıq bu qərarın nəticəsi kimi neft bazarında qiymətlərin qalxması ilə canlanma müşahidə olunur: "Bu qərarın nəticəsidir ki, artıq neftin bir barelinin qiyməti 32 dollara qalxıb. Bundan sonra isə bu qiymətin daha da qalxması birbaşa olaraq 1 may tarixindən sonrakı müddətdə gələcək informasiyalardan asılı olacaq. Təbii ki, qərara ölkələrin hansı dərəcədə əməl etmələri məsələnin əsas hissəsini təşkil edəcək".

Ekspert Səudiyyə Ərəbistanının və Rusiyanın hasilatı azaltmaqla bağlı qərarla əlaqədar ortaq məxrəcə gəlməsində hansı amillərin rol oynadığından da danışan ekspert bildirib ki, burada Amerika Birləşmiş Ştatlarının məsələ ilə bağlı mövqeyi əsas rol oynayıb: "Amerika Birləşmiş Ştatlarının bu ərəfədə siyasi fəalığı məsələyə və ortaq qərarın alınmasına birbaşa təsir etdi. Bununla bağlı ABŞ Prezidenti Donald Trampın açıqlamaları məsələyə mühüm dərəcədə təsir etdi. Tramp başa düşürdü ki, bazarda xaosa, qarşıdurmaya və hərc-mərcliyə ən azından bu dövr ərzində yol vermək olmaz. Bu dövr ərzində neft bazarına xüsusilə nəzarət etmək lazımdır".

Qeyd edək ki, "OPEK plus"un yeni razılaşmasını Azərbaycan da təsdiqləyib. Energetika naziri Pərviz Şahbazov dünya neft bazarının sabitləşdirilməsi məqsədilə neft ölkələrinin mövqeyini yüksək qiymətləndirib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...