"Dövlətimiz mənfi tendensiyaları önləmək üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir" ŞƏRH-ÖZƏL

“İstər fərdi, istərsə də institusional səviyyələrdə hansısa bir yanaşmanı daha dərindən və yaxşı anlaya bilmək üçün onu baş verdiyi konteksə mütəşəkkil şəkildə təhlil etmək tələb olunur. Bu gün dünyanı bürüyərək həyatın bütün istiqamətlərində durğunluğa səbəb olmuş koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirinin azaldılması ilə bağlı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yüzlərlə qərarlar qəbul edilir və tədbirlər görülür. Bu tədbirlərin səmərəliyin proqnozlaşdırıla bilinməsi üçün onların arxa fonundakı vizyona nəzər yetirmək lazımdır. Bu məcrada, bu mübarizəyə Azərbaycan Respublikasının hökümətinin yanaşmasını təhlil etmək yetərincə maarifləndirici olardı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək və iqtisadi sektorlara və sahibkarlara dövlət dəstəyini göstərilməsi üçün yaradılmış İşçi Qrupunun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdim etdiyi doqquz proqram onu göstərir ki bu gün dövlətimiz iqtisadiyyatda baş verə biləcək bütün mənfi tendensiyalara layiqli cavab vermək üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir.

Deputat söyləyib ki, hazırlanan dəstək proqramların əsas məqsədi iş yerlərinin azaldılmaması, sahibkarlıq subyektlərində çalışan işçilərin əmək haqqlarının ödənilməsinin təmin edilməsi, mikro və fərdi sahibkarların çəkə biləcəyi zərərin qarşısının alınması, maliyyə və bank sektorunun qorunmasıdır: “Nəticə etibarilə, həyata keçiriləcək sistemli tədbirlər nəticəsində hazırki “dondurulma” və post-pandemiya dövründə əhalinin sosial rifahının və həyat səviyyəsinin qorunması təmin ediləcəkdir”.

M.Əfəndiyev qeyd edib ki, burada diqqətəlayiq əsas məqam qlobal səviyyədə baş verən neqativ tendensiyalara baxmayaraq, dövlətimizin özünün əsas, dayanıqlılığa yönəlik sosial-iqtisadi inkişaf modelindən üz döndərməməsi, əksinə fürsətdən maksimum şəkildə istifadə edərək daha da səmərəliyi artırmasından ibarətdir: “Buna bariz nümunə kimi elə cənab Prezidentin pandemiyadan sonrakı dövr üçün orta və uzunmüddətli inkişafa yönəlik vizyonunu vurğulamaq kifayətdir. Hazırki vəziyyət bizi daha bir mühüm məsələdə əmin edir – cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında, ölkəmiz davamlı inkişafın əsas sütununu təşkil edən səmərəli idarəçilik aparatına malikdir”.

Deputat vurğulayıb ki, inkişaf ədəbiyyatında səmərəli idarəçiliyin beş əsas prinsipi vurğulanır: “Bunlar cavabdehlik, şəffaflıq, iştirakçılıq, qarşılıqlı məsuliyyət və öhdəçilikdir. Son bir ay ərzində biz sadalanan beş prinsipin hər birisini ölkəmizdə xüsusilə qabarıq şəkildə gördük. Bunun üçün sadəcə aşağıda sadalayacağım misallara diqqət yetirmək kifayətdir. Məsələn, operativ şəkildə əhalinin məlumatlılığının təmin edilməsi və dövlətin vaxt itirmədən bütün lazımi tədbirlərə start verməsi - əhali qarşısında cavabdehliyin; cənab Prezidentin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslərin ianələrinin açıq şəkildə göstərilməsi – şəffaflığın; bu mubarizəyə əhalinin və özəl sektorun qoşulması – iştirakçılığın, müxtəlif tərəflər arasında qarşılıqlı etimadın və məsuliyyətin; iqtisadiyyata və digər sahələrə sistemli dəstək proqramlarının hazırlanması isə hökümətin davamlı inkişafa öhdəçiliyinin bariz nümunəsidir. Xüsusilə, bu vəziyyətdə ən ümidverici aspektlərdən biri, bu prosesdə müxtəlif tərəflərin həmrəylik göstərərək birlikdə çalışmasıdır, bu isə 17-ci Davamlı İnkişaf Məqsədinin əsas çağırışı olan “məqsədlər üçün tərəfdaşlıq” çağırışa ölkəmizinin hazırlılığını göstərir”.

M. Əfəndiyev əlavə edib ki, atılan addımlar son deyil: “Azərbaycanın davamlı inkişafa yönəlik idarəçilik modelinin əsas prinsiplərinə daha ikisini əlavə edə bilərik. Çeviklik, xüsusilə böhran zamanında, və əhatəlik, inkişaf terminologiyasına uyğunlaşdırsaq inklüzivlik prinsipi. Buna bariz nümunə kimi Cənab Prezidentin birbaşa nəzarəti altında çox qısa zaman ərzində belə sistemli sosial-iqtisadi dəstək proqramının ərsəyə gəlməsi və onda əhalinin bütün həssas qruplarının ehtiyaclarının nəzərə alınmasını vurğulamaq olar. Beləliklə, bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, hazırki dövrdən əldə olunmuş nəticələr sayəsində, ölkəmizin davamlılığa yönəlik inkişaf modeli daha da gücləndiriləcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...